Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət
Günlər keçir birəm-birəm,
Bir uğurlu yol gedirəm.
Yurdumuzu vəsf edirəm.
Əldə qələm, dizdə varaq.
Mənə qalan bu olacaq.
Bu gün nəğməkar şair, dramaturq, tərcüməçi, əməkdar incəsənət xadimi İslam Səfərlinin doğum günüdür.
İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Hazırda şairin adını daşıyan Naxçıvandakı 1 saylı məktəbi bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsinə yollanmışdır. İkinci dünya müharibəsi başa çatdıqdan sonra o, Azərbacan Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsini bitirmişdir.
O, müxtəlif illərdə “Şərq qapısı”, “Azərbaycan gəncləri” və “Ədəbiyyat qəzeti" redaksiyasında işləmiş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, ədəbi-dram verilişləri şöbəsinin müdiri olmuş, 1960-1973-cü illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya və dramaturgiya bölməsində çalışmışdır.
Daha çox oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi tanınmış şairin müharibə mövzusunda qələmə aldığı şeir və poemalar xüsusi oxucu rəğbəti qazanmışdır.
Əsasən, heca vəznində yazan şair "Heca vəzniyəm mən" adlı ayrıca bir şeir də qələmə almışdır.
Onun şeirlərinə "Bakı, sabahın xeyir", "Zərif gülüşlüm", "Bir könül sındırmışam", "Qonaq gəl bizə", "Bakılı qız", "Nə vaxta qaldı", "Ana", "Ay qaşı, gözü qara qız", "Ağ xalatlı həkimlər", "Gəncliyimi gəzirəm", "Aylı gecələr" və s. kimi dillər əzbəri olan mahnılar bəstələnmişdir.
"Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s. kimi səhnə əsərləri müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulmuşdur.
O, həmçinin tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuş, A. S. Puşkin, M. M. Svetlov, S. Marşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski və s. kimi tanınmış yazarların əsərlərini dilimizə tərcümə etmişdir.
Onun ümumilikdə 18 kitabı işıq üzü görüb.
İslam Səfərli 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)