TANIYAQ, TANITDIRAQ - Bu gün şair Əbdülbaqi Fövzinin doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Əbdülbaqi Fövzi (Yusifzadə) 1901-ci il fevralın 12-də Azərbaycanın Şamaxı qəzasında (indiki Şamaxı şəhərində) dəmirçi ailəsində doğulmuşdur.  1918-ci ildə ailəliklə Gəncəyə köçmüşlər. Burada əvvəlcə tütün fabrikində işləmiş, sonra Gəncə müəllimlər seminariyasına daxil olmuşdur. 

 

1921-ci ildə şagird komitəsinin sədri olmuşdur. Gəncə Qəza İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə, həm də savadsızlığın ləğvi sahəsində çalışmışdır (1921-1924).

Sonra təhsilini davam etdirmək üçün Bakıya göndərilmişdir.  Əvvəlcə fəhlə fakültəsində oxumuş, sonra pedaqoji texnikuma dəyişilmişdir (1924-1928). 

Eyni zamanda, görkəmli yazıçı Süleyman Sani Axundovun müdirlik etdiyi 19 nömrəli 1 dərəcəli orta məktəbdə müəllim işləmişdir.

O dönəmlərdə ara-sıra şeirlər yazır və şeirləri bəyənilirdi.

1926-cı ildə Əbdülbaqi Fövzi "Gənc qızıl qələmlər" cəmiyyətinin üzvü olmuşdur. Azərbaycan Proletar Yazıçıları Birliyi 1928-ci ildə onu Moskvaya, V. Bryusov adına ali ədəbiyyat kurslarına göndərmişdir.

Əvvəcə 1 Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində, sonra Dövlət Redaksiya-Nəşriyyat institutunda təhsil almış, orada kursu bitirmiş (1928-1933) yazar Bakıya döndükdə dərhal işlə təmin edilmişdir, Azərnəşrdə bədii ədəbiyyat şöbəsində redaktor işləmişdir.

Ədəbi fəaliyyətə 1920-1922-ci illərdən başlayanda şeirlə yanaşı publisistikada, ədəbi tənqiddə də qələmini sınamışdır. "Gəncə seminariyasında" adlı ilk tənqidi məqaləsi "Dilxor" təxəllüsü ilə "Əxbar" qəzetinin 1920-ci il payız nömrələrində çap olunmuşdur. 1922-ci ildə "Yeni Gəncə" qəzetində "Eynək" şerini "Salik" təxəllüsü ilə dərc etdirmişdir.

İstər "Yeni fikir" qəzeti, "Qızıl şəfəq" və "Dan ulduzu" jurnallarında (Tiflis dövri mətbuatı), istərsə də "Komsomol", "Pioner", "Maarif işçisi", "İnqilab və mədəniyyət" jurnallarında, "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində şer və hekayələrini Şahid, xüsusən Şirvani təxəllüsləri ilə çap etdirmişdir.

Ədəbi yaradıcılığında türkçülük, millətçilik çalarlrı olmadığından repressiyua illərinin ona bir qorxusu olmamışdır.

Əbdülbaqi Yusifzadə xidmətlərinə görə üç medalla təltif olunmuşdur.

1956-cı il yanvarın 7-də Bakıda vəfat etmişdir.

 Allah rəhmət eləsin. Amin.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025) 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.