Qərbi Azərbaycan İcması bəyanat yayıb

Qərbi Azərbaycan İcması həftəsonu bir bəyanat yayıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bəyanatda deyilir: 

 

“Sosial şəbəkələrdə bir blogerin İrəvanın Təpəbaşı məhəlləsində yerləşən tarixi Azərbaycan məscidinin qalıqlarını lentə aldığı görüntülər yayılıb. Həmin görüntülərdən aydın olur ki, məscid hazırda spirtli içkilərin istehlak edildiyi məkana çevrilib. Bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır.

Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları bölgədə sülh və barışığın əldə olunmasına ciddi maneə törədir.

Mədəni irs obyekti sayılan Təpəbaşı məscidinin dağıdılmasına, qalıqlarının isə bu cür təhqiramiz şəkildə istifadəsinə qətiyyətlə etiraz edərək, UNESCO-nu və digər beynəlxalq təşkilatları təxirəsalınmaz addımlar atmağa, o cümlədən, məscidin və digər dağıdılmış Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırırıq.

Biz Ermənistan hökumətindən, Azərbaycan xalqına məxsus bütün dağıdılmış və ya saxtalaşdırılmış mədəniyyət abidələrinin bərpası və qorunması istiqamətində öhdəliklərini dərhal yerinə yetirməyi tələb edirik”.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.