Peşəkar jurnalist, alicənab insan - Nəsir müəllimin “Bakı”sı bir Məktəb idi Featured

Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Adı milli dövlətçilik tariximizə həkk olunan, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi öz məktəbini yaradan “Bakı”nı Bakının aynasına çevirən Nəsir Əsəd oğlu İmanquliyev 1911-ci il dekabrın 22-də anadan olub. Bütün həyatını ölkədə milli mətbuatın inkişafına, media və kommunikasiya məsələlərinin tədqiqi və təbliğinə həsr edib.

 

Milli dövlətçilik tariximizdə iki baş şəhərimizin - Təbrizin və Bakının adı ilə bağlı çoxsaylı əsərlər, şeir və poemalar yazıb, mahnı və nəğmələr bəstələsək də, müfəssəl tarixini yazmamışıq. Bu böyük xoşbəxtlik, səadət daha çox iki fədakar tarixçi alimə - tarix elmləri doktoru, professor Sara xanım Aşurbəyliyə  və “Bakı” qəzetinin baş yazarı, professor Nəsir İmanquliyevə nəsib olmuşdu...

Qəzetin elə birinci sayından, 1958-ci il yanvarın 10-dan şəhərin qaynar həyatını, quruculuq işlərini işıqlandırmağa çalışan, «Qəzet yaxşı yazıları ilə hörmətlənir. Onu oxunaqlı edən həm də müəlliflərin nüfuzu, qələmlərinin kəsərliliyidir. Biz ilk növbədə qəzetin ətrafına güclü qələm sahibləri toplamağı, sənət adamlarının yazılarını verməyi vacib sayırdıq. Adlı-sanlı adamların, yazıçı və şairlərimizin qələmindən çıxan hekayələr, oçerklər, reportajlar oxucuların qəlbinə yol tapır, onlar tərəfindən rəğbətlə qarşılanırdı...» «Yazı yazın, səs salıb mis kimi cingildəsin» nidasına tapınıb «Bakı»nı «Əkinçi»nin, «Molla Nəsrəddin»in mənəvi varisinə çevirən, «jurnalistika elə nadir peşələrdəndir ki, orada peşəkar mükəmməlliyin son həddi yoxdur» deyib, Şamil Şahməmmədov, Cəmşid Əmirov, Qeybulla Rəsulov, Cabir Novruz, Şamil Qurbanov, Famil Mehdi, Fazil Rəhmanzadə, Nüsrət Kəsəmənli, Çingiz Ələkbərov, Rəfail Nağıyev, Adil Cavadlı, Əhməd Rəşidov, Səfər Məmmədov, Şakir Abdullayev, İsmayıl Kərimov, Şaban Şabanov, Oktay Atayev, Mark Peyzel, Kamil Hacıbəyli, Vladimir Matyuşkin, Kamil Rəhimov, Akif Ağayev, Dağbəyi İsmayılov, Ağahüseyn Hüseynov, Ənvər Məşədiyev, Zemfira Məhərrəmli, Hacı Babayev, Leonid Qerçikov, Vyaçeslav Sidorenko kimi neçə-neçə istedadlı qələm sahibinin, publisistin püxtələşməsinə, cəmiyyətdə mövqe tutmasına, özünü təsdiq etməsinə ömür əridən Nəsir İmanquliyev ustadlıq zirvəsinin birinci mərhələsini təməlinin qoyulmasında bilavasitə iştirak etdiyi jurnalistika fakültəsinin auditoriyalarında, ikinci mərhələsini isə «Bakı» qəzetinin redaksiyasında yaşayırdı.

Ömrünü bağışladığı, həm də bağlandığı iş yeri Nəsir müəllimin qazanc mənbəyi, çörək ağacı deyildi. Bura onun mənəvi ocağı idi. Həyatı, varlığı, ruhu, duyğuları sözdən ibarət olan Nəsir müəllim “Bakı” qəzeti ilə nəfəs alırdı. Yer üzündə millət, məmləkət yaddaş, məhəbbət, istək adına nəyi var idisə, o da «Bakı» idi. Çünki bu «Bakı» oduna, işığına uzaq-uzaq ellərdən kahinlərin gəlib səcdəsinə durduğu Odlar Yurdunun Atəşgahı, Yanar dağı idi. Bu odun, müqəddəs işığın başına zəmanəsinin söz adamları dolanırdı: Cəmil Əlibəyov, Hüseyn Abbaszadə, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Həsən Seyidbəyli, Əzizə Cəfərzadə, Mədinə Gülgün, Hökümə Billuri, Balaş Azəroğlu, Rəsul Rza, Əbülhəsən, Mirzə İbrahimov, Şəfaət Mehdiyev, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Rüstəm, Mikayıl Abdullayev və daha kimlər, kimlər…

Bu böyük istedad sahiblərinin yazılarını, müsahibələrini diqqətlə oxuyan, redaktə edib çapa hazırlayan Nəsir müəllim Həsən bəyin, Mirzə Cəlilin, Ömər Faiqin boy verdiyi dünyaya varmaqla gərgin iş rejiminə tablayırdı.

60-70-ci illərin məşhur Bakısı təkcə zahirən tikilib qurulmurdu. Yeraltı keçidlər, metro stansiyaları yerüstü dünyanın yeraltı aləminə körpü olmaqla yanaşı, zülmətləri yarmaq demək idi. Bu gün dünyanın maddi-mədəniyyət inciləri sırasına daxil edilən İçərişəhərin lal sükutu elə o illərdə pozulurdu. Bayır şəhərdə yeni yaşayış massivləri salınır, iri-iri komplekslər, mədəniyyət ocaqları tikilib istifadəyə verilirdi. Bir sözlə, XX əsrin əvvəli təkrarlanırdı. Tağıyevlərin, Nağıyevlərin, Əsədullayevlərin malikanələri «Ağ şəhər»i, əllərindən mazut daman yorğun insanların üzünü xatırladan yosmaca evlər «Qara şəhər»i yaratdığı kimi, 60-cı illərdən başlayan quruculuq işləri də Bakının ucqarlarını dirçəlişə qovuşdururdu. Neft daşlarının səsi-sorağı isə dünyanın o başına - Nobellərin, Rotşildlərin vətəninə belə gedib çatırdı.

Bu dirçələn, inkişaf edən şəhərin adına dastan bağlayan bəstəkar Tofiq Quliyevin silsilə mahnıları, ölməz Rəşid Behbudovun ifaları isə yeni bir aləm idi. Bu aləmin gücünü, məna tutumunu, ancaq «Bakı» ilə, onun məşhur baş yazarının yüksək təşkilatçılıq bacarığı və öz şəhərinə sıcaq münasibəti, içdən gələn istəyi ilə müqayisə etmək olardı. Bu, üç sənət, söz adamını - Nəsir İmanquliyevi, Tofiq Quliyevi, Rəşid Behbudovu isə bu şəhərdə nə tanımayan, nə də sevməyən var idi...                                                   

70-ci illəri milli-mənəvi dəyərlərin qorunması, yaddaşa qayıdış, milli özünüdərk ideologiyasının formalaşması kimi qəbul edənlər, bu uzaqgörən siyasətin ideya müəllifi kimi ümummilli lider Heydər Əliyevi etirafda bulunur. Onun xilaskarlıq və himayədarlıq missiyasını müasir, müstəqil Azərbaycanın nicat yeri bilir. Bu illər ərzində respublikamızda həyata keçirilən möhtəşəm quruculuq işləri iqtisadi, sosial, siyasi, elmi-mədəni dirçəlişə təkan verdi. İri-iri şəhərlər, yaşayış massivləri, elm-təhsil kompleksləri, zavod-fabriklər, sosial-səhiyyə ocaqları, idman qurğuları tikilib istifadəyə verildi. Ən ucqar dağ kəndlərinə belə maarif işığı gətirildi. Yeraltı keçidlər, metro stansiyaları tikildi. Vətənin o başını bu başına qovuşduran yollar çəkildi. İqtisadiyyatda əldə olunan uğurlar «ağ qızıl»ın, «qara qızıl»ın vətənini sərvətlər ökəsinə çevirdi.

Ümummilli liderin müdrikliyi nəticəsində Səfəvi hökmdarı Şah İsmayıl Xətainin 500 il öncə yazdığı tarix yenidən təkrarlandı, yeni konstitusiyada ana dilimiz dövlət dili elan olundu. Bu böyük şəxsiyyətin, dövlət adamının təşəbbüsü ilə Nizaminin, Füzulinin, Nəsiminin, Vaqifin, Mirzə Fətəlinin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Səməd Vurğunun, Natəvanın, Bülbülün, Üzeyir bəyin abidələri ucaldıldı. Bir çoxunun ev-muzeyləri yaradıldı. Adlarına küçələr, xiyabanlar salındı. Əsərləri yüksək tirajla nəşr olunub oxuculara təqdim olundu.

Azərbaycanın birinci şəxsinin xidmətləri, fövqəladə quruculuq işləri bununla bitmədi. Əli qabarlı kolxozçuların, fəhlələrin haqqını mərkəzdən alıb, keçici bayraqları, orden-medalları Vətənə gətirən Heydər Əlirza oğlu Əliyev SSRİ səmasından ən parlaq ulduzları qoparıb, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Niyazi, Rəsul Rza, Mirzə İbrahimov kimi dühaların yaxasından asdı. Nizamilər, Füzulilər, Nəsimilər yetirən, fəqət sinəsinə repressiya, müharibə dağa çəkilən qüdrətli xalqın haqqını özünə qaytardı. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Adil İsgəndərov kimi haqq aşiqlərini himayə edib, KQB-nin caynağından aldı.

Bu xilas olunanların, üzdə görünməyən Şəxsiyyətin himayəsini hiss edənlərin içərisində Azərbaycan dilinə, Azərbaycan milli-mənəvi dəyərlərinə, ərazi bütövlüyünə, muğamlarımıza, xalq mahnılarımıza, sənət-söz adamlarımıza qarşı səlib yürüşü başlayanda Mircəfər Bağırovun, İmam Mustafayevin, Vəli Axundovun peşəkar kadr, vətənpərvər ziyalı, nüfuzlu dövlət xadimi kimi etiraf və etibar etdiyi Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin təbliğatçısı kimi dəyər verdiyi Nəsir İmanquliyev – “Bakı” və “Baku” qəzetinin qurucusu, ötkəm bir redaktor da var idi. Fəqət bunu nə o, nə də yuxarılar üzə vururdu.

O, gözəgörünməz qüvvə şəhər qəzetini şəhərin, mədəniyyətin, milli-mənəvi dəyərlərin aynasına çevirmək üçün, nədən, niyə və kimin üçün yazdığını bilən redaktora - vaxtı, zamanı millətinin nəfinə işlədən, düz bir qərinə rəhbərlik etdiyi «Bakı» və «Baku»nu zamanın sərt sınaqlarından, quruluşun çərçivəsindən çıxarıb milli mətbuatın, ictimai-siyasi düşüncənin, ədəbi-mədəni mühitin nəfəsliyinə çevirən Nəsir İmanquliyevə bütün səlahiyyətləri vermişdi. Bu səbəbdən də «Bakı» özünün ab-havası, yazı manerası, dil-üslub xüsusiyyətləri, hadisələrə çevik münasibəti ilə digər mətbu orqanlardan seçilirdi. Mərkəzi Komitənin qərarlarından, beşilliyin planlarından yazan sovet mətbuatından çox müstəqil qəzeti xatırladan «Bakı»nın 70-ci illərdə söz-mətbuat, fikir və düşüncə azadlığının nümunəsinə çevrilməsinin başlıca səbəblərindən biri də bu idi.

Elə olmasaydı, iki dildə, həftədə 12 sayı işıq üzü görən, sənətin, mədəniyyətin himayədarına, şəhərin ictimai-siyasi, sosial-mədəni mühitinin aynasına, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin yaradıcılıq laboratoriyasına çevrilən «Bakı» qəzeti klassika ilə müasirliyin, ənənə ilə novatorluğun sintezində «Əkinçi»dən, «Molla Nəsrəddin»dən, «Füyuzat»dan sovet mətbuatına yol gələn milli mətbuat nümunəsinə çevrilə bilməzdi.

«Bakı» qəzetinin təməli qoyulanda Nəsir İmanquliyev Radio və Televiziya Verilişləri Komitəsində sədr müavini idi. İndi də ənənəsinə sədaqət hissini qoruyan Milli Radionun başında dururdu. Yetirmələri ilə efirə, ekrana yeni rəng, ahəng gətirir, milli-mənəvi dəyərləri, yaddaşa qayıdış ideyalarını təbliğ edirdi. Amma zaman ömrünün hər anını millətinin inkişafına, el və dil birliyinə bağışlayan bu haqq aşiqinin başqa bir amalını gerçəyə çevirməyə səsləyirdi. Ruhundan qida verdiyi «Bakı» qəzeti ilə o, təkcə yeni bir ədəbi nəsil formalaşdırıb, onlara istiqamət vermədi. Publisistikada, jurnalistikanın ən ağır janrı olan xəbərçilikdə, informasiyanın təqdimatında yeni cığır açdı. Qısa, lakonik xəbərləri ilə dünyanın o başını bu başına caladı. İdman şərhləri, reportajları ilə bayrağını bayraqlar üstə yapan millətin gücünü, qüdrətini sübut etdi. Felyetonları ilə zamanı, quruluşu, məsləkindən uzaq düşən məmurları, saxtakarları qamçılayan «Bakı» yeni ictimai-siyasi mühiti - yaddaşa, əski gələnəklərə qayıdış ideologiyasını formalaşdırdı. Könülləri ovsunlayan müsahibələri ilə insanla insanca, dostla dostca danışmanın yolunu göstərdi.

Hələ 70-ci illərdə ilk reklam bülletenlərinin, futbol təqvim-məlumat kitabçalarının nəşrinə nail olan professor Nəsir İmanquliyev Azərbaycan və rus dilində işıq üzü görən bu nəşrləri ilə təkcə milli mətbuat tariximizə yeni səhifə yazmadı. Bakı Nəşriyyat Poliqrafiya Birliyini formalaşdırdı. Reklam bazarının, menecment fəaliyyətinin təməlini qoydu.

Bu gün azad mətbuatdan, demokratik dəyərlərdən, reklamın mətbuata, cəmiyyətə təsirindən danışanlar, idmanı, futbolu həm də siyasi mübarizə meydanı hesab edənlər unudurlar ki, professor Nəsir İmanquliyev bu qənaətə düz 60 il bundan öncə gəlib, «Bakı»nı bu möhtəşəm ideyanın təməldaşına çevirib.

«Kommunist», «Gənc işçi», «Yeni yol», «Döyüşən Krım» qəzetlərinin əsas yazarı, məsul katibi kimi tanınan, «Radio proqramı»nın, «Bakı» və «Baku»nun təməlini qoyan professor Nəsir İmanquliyevin millət, məmləkət qarşısında ən böyük xidmətlərindən biri, bəlkə də birincisi «Vətənin səsi» qəzetini qurmasıdır.

Sonralar Vətən Cəmiyyətinin mətbu orqanı kimi fəaliyyət göstərən bu qəzetin təməlini qoymaq haqqı da peşəkarlığı, təşkilatçılığı, redaktorluq məharəti ilə ad çıxaran Nəsir İmanquliyevə verilir. Dünya Azərbaycanlılarının birliyinin, bütövlüyünün, diaspora məsələlərinin carçısı olan bu qəzetin ideya müəllifi Azərbaycanın I katibi Heydər Əliyev, onu gerçəyə çevirən isə Nəsir İmanquliyev idi: «...Heydər Əliyev I katib kimi fəaliyyətə başlayandan sonra hər sahədə inkişaf özünü büruzə verdi. Mətbuatda da azad fikirlilik hökm sürməyə, üstüörtülü olsa da, milli siyasət yürüdülməyə başladı. «Bakı» qəzetinə verilən xüsusi imtiyaz da I katibin - Heydər Əliyevin adı ilə bağlı idi. Onun diqqəti, xüsusi qayğısı və səyi nəticəsində «Bakı» və «Baku» milli mətbuat orqanına çevrildi, o dövrün qəzetlərindən fərqləndi. Belə bir zamanda onun tapşırığı ilə yeni bir qəzet təşkil etmək məsələsi Mərkəzi Komitədən mənə tapşırıldı. Müharibə dövründə əsir düşmüş, kənarda qalmış azərbaycanlılar üçün «Vətənin səsi» adlı bir qəzet işıq üzü gördü. Xarici Ölkələrlə Əlaqə Cəmiyyətinin orqanı kimi nəzərdə tutsaq da, ilk vaxtlar gizli çıxırdı bu qəzet, KQB imkan vermirdi. Bizdən uzaq düşənlərlə aramızda bir körpü yaratdı «Vətənin səsi». Neçə-neçə azərbaycanlının vətənə dönmək qeyrətini gücləndirdi «Vətənin səsi»!»

Bu gün ümummilli lider Heydər Əliyevin 70-ci illərdə, hakimiyyətinin ilk mərhələsində həyata keçirdiyi Azərbaycanın özgürlüyünə hesablanan möhtəşəm, genişmiqyaslı layihələrdən hər kəs ürək dolusu danışır. 90-cı illərdən sonra dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edən, Dünya Azərbaycanlılarının qurultayını çağıran, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsini(Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsini) yaradan Ümummilli Liderin danılmaz xidmətlərindən söz açanlar təsdiq edirlər ki, o müdrik insan, qüdrətli Dövlət Adamı bu ideyanın da təməlini 70-ci illərdə qoyub, onu gerçəkləşdirmək üçün də professor Nəsir İmanquliyev kimi peşəkar, vətənpərvər, əzəmətli, əyilməz kişilərə, cismi Bakıda, ruhu Təbrizdə dolanan, varlığında paralanmış Vətəni - Odlar yurdunu bütövləşdirən mühacirlərə, bütün həyatını Azərbaycançılıq məfkurəsinin inkişafına, təbliğinə həsr edən ictimai-siyasi xadimlərə söykənib.

II Cahan savaşı illərində bir qrup Azərbaycan ziyalısı ilə ön cəbhədə döyüşən Nəsir İmanquliyev dövrünün müqtədir qələm sahiblərilə birlikdə Güneydə qurulan Pişəvəri dövlətində - Güney Azərbaycan Cümhuriyyətində məhz mətbuat məsələləri ilə məşğul olmuşdu. 50-ci illərdə Azərbaycan dili məsələsini Ali Sovetin gündəliyinə çıxaran, Sovet İKP MK-nın, Xruşovun hədəfinə gəlsə də, vəzifəsini, yüksək titullarını itirsə də, Azərbaycan kişisinə xas qürurunu, qeyrətini qoruyan, 1941-ci ildə Mircəfər Bağırovun göstərişi, görkəmli dövlət xadimi Əziz Əliyevin rəhbərliyi ilə “Güney Azərbaycan missiyası”nın tərkibində Təbrizə gedən, Sovet ordusunun əsgərlərinin sırasında təbliğat – təşviqat qrupunun məşhur üzvləri Süleyman Rüstəm, Məmməd Rahim, Səməd Vurğün, Rəsul Rza, Qılman İlkin, Ənvər Məmmədxanlı, Cəfər Xəndan, Qulam Məmmədli kimi qələm sahibləri ilə xalq yazıçısı, akademik Mirzə İbrahimovun redaktorluğu ilə işıq üzü görən “Vətən yolunda” qəzetinin nəşrinə nail olmuşdu. Güneyli soydaşlarımıza, daha doğrusu, öz həmvətənlərinə ana dilinin badəsindən şərbət süzmüşdü. Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə kimi milli mətbuatımızın Güney Azərbaycan salnaməsini yaradan Mirzə İbrahimovla çiyin-çiyinə sözün səngərində dayanmışdı. Azərbaycanın birliyi, bütövlüyü üçün Qələmini Süngüyə çevirmişdi. Bununla həm də o, Rza şah Pəhləvi ilə görüşəndə Güney Azərbaycanda yürütdüyü milli siyasətə görə şahın etiraz notasını alan, görüş zamanı “Güney Azərbaycan bizim tarixi torpaqlarımız, burada yaşanlar qan qardaşlarımızdır. Onların ana dili, sağlıq, mətbuat məsələləri bizi qayğılandırır!” nidası ilə mənsub olduğu millətin və məmləkətin haqq səsinə dönən polkovnik – komissar Əziz Əliyevin başladığı möhtəşəm işələrə, ümummilli məsələlərə öz tövhəsini vermişdir.

Nəsir İmanquliyev qüdrətli pedaqoq, nüfuzlu şəxsiyyət, müqtədir qələm sahibi, ictimai-siyasi xadim idi. Bakı Şəhər Veteranlar Şurasının sədr müavini, Bakı Şəhər Sovetinin deputatı kimi ölkənin təbliğat-təşviqat məsələlərinə töhfələr vermişdi. Qurub təməlini qoyduğu mətbu orqanlarla milli-mənəvi dəyərlərimizin himayədarına çevrilmişdi. Şah əsəri hesab olunan “Bakı” qəzeti ilə Bakı şəhərinin aynasını yaratmış, formalaşdırdığı peşəkar kollektivlə adı ilə bağlı Nəsir İmanquliyev Məktəbinin təməlini qoymuşdu. 30 il rəhbərlik etdiyi “Bakı” qəzeti onun cismani yoxluğundan sonra da fəaliyyət göstərmiş, Şamil Şahməmmədov, Dağbəyi İsmayılov, Ağa Hüseynov ən böyük sənət müəllimlərinin yolunu davam etdirmişlər. 2020-ci il avqustun 26-dan “Bakı” qəzetinin irs və mirası olaraq onlayn rejimdə oxucularının görüşünə gələn “Bakı” Nəsir İmanquliyev ənənələrini davam etdirir. Nəsir müəllim də, onun “Bakı”sı da bir Məktəb idi. Onun müdavimləri bu gün də, müəllimlərinin hikmət dolu kəlamlarını dəyərlərin əyarına çevirib “Jurnalist dəqiq, qərəzsiz və vicdanlı olmalıdır!”, “Vicdan yaradıcı insanın qələminin ucundadır!”, “Çalışın imzanızın məsuliyyətini dərindən dərk edin, düşünün ki, sizi haradasa, bir nəfər oxuyur, bax, o oxucu naminə yalan yazmayın, saxtakarlıq etməyin!” nidası ilə qələm çalır, hər gün inkişaf edib dəyişən, gözəlləşən Bakının tarixini sözə köçürür, ölkənin media və kommunikasiya sisteminin inkişafına töhfələr verir.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.