Sevinc Elsevərin küncdəki uşaqları – UŞAQ ƏDƏBİYYATI Featured

Nurlana İşıq, “Ədəbiyyat və incəsənət” üçün

 

Uşaqların tərəfində olan şair Sevinc ən çox da küncdəki incidilmiş uşaqların dostudur: onların bütün uşaq yalanlarını, dəcəlliklərini dəstəkləyir. Müasir uşaq şairləri əksərən uşaqları öyrədirsə, Sevinc uşaqların dili ilə böyükləri də öyrədir.

 

“...cizgi filmlərinin sonunda

dostlaşır itlə pişik

ilanla insan

uşaqların dünyası nə gözəldir, İlahi

böyüklərin də dünyasını o cür elə”.

 

Böyüklər üçün adi görünən bir mənzərə, ya hadisə uşaqlar üçün qorxulu ola bilər: uşağın hissləri xamdır, dərinləşməyib, oyuncaq itini zivədə görən uşaq anidən duyğulanacaq, çünki onun gerçək dünyasında ağappaq yox, büzüşmüş it var. Bu təzadlı ( bir az da kədərli) həyat hadisəsinə  “ Oyuncaq it “ şeirində baxaq:

 

“Asılmışdı zivədən

İtim bir qulağından

Su damlayırdı ondan

Ağlayırdı deyəsən.

Büzüşmüşdü bir az da

Titrəyirdi tükləri

İtim balacalaşıb

Lap pişiyə dönmüşdü

Anam sevinirdi:

“Bax,

İtin olub ağappaq”.

 

Nümunəni beşinci və altıncı siniflərdə tədris etmək olar.

Şairin uşaq şeirlərindəki  vintaj mənzərələr həmin dünyanın zamansız nostalgiyasını yaşadır. Elə bil qatarda gedirsən, uşaqlıq xatirələrin bir- bir göz önündən keçir. Məsələn, bir yelləncəyin tut ağacına bağlanması saf bir dövrün simvoludur.

“Nəğmə” şeirini oxuyan bütün uşaqlar evrənsəl bir dünyaya girəcəklər.  Günəş , ulduz, ay olub kainatın kəhkəşanına qarışacaqlar və sonda Yer üzünə qayıdacaqlar. Belə mediativ şeirlər dərsliklərimizdə yoxdur. Ancaq müəllimlik təcrübəm və intuisiyam deyir ki, uşaqların zövqüncədir bu cür  şeirlər; Sübut üçün deyirəm ki, mən bu şeiri sinifdəxaric oxu kimi 7-ci sinif şagirdlərinə vermişdim. Onlar “Şeir məndə hansı hiss və düşüncələri oyatdı?” başlığı altında esse tapşırığını yerinə yetirmişdilər. Uşaqların əksəriyyəti ilk dəfə idi ki,  “Vətən haqqında“ qeyri-adi şeir oxuduqlarını söylədilər. Onlar  bu şeirdə azadlığın əsl dadını hiss etmişdilər. Uğur adlı şagirdim, “bu şeiri oxuduğum üçün çox şanslıyam”,-yazmışdı.

“Nəğmə” təkcə şeir deyil, uşaqlıq manifestindən bir hissədir sanki. Yelləncəkdə yellənən uşaq təkcə Vətən sevgisini duymur, onu iliklərinə kimi hiss edir. Şairlərin böyüklüyü də ondadır ki, onlar öyüd-nəsihət verməkdən çox,  bu hissləri yaşada bilir:

   

      Nəğmə

Yelləncəyim, yellə məni

Bayrağımı dalğalandıran

O küləyi öpəcəm.

Daha, daha hündürə qalx

Yağışları yağdıran

O buludu öpəcəm.

 

Gözəl bir günəşin

Taxacam saçlarına

Əlimdəki çiçəyi

Baxım, yaraşır ona?

 

Yelləncəyim, yellə məni

Mən qorxmuram

Sən də qorxma

Bərk bağlayıb iplərini

Atam tut ağacına.

 

Yellə məni, qanadlanım

Bahardan xəbər verən

Qaranquşu öpəcəm.

Dimdiyində çöp aparan

Bax, o quşu öpəcəm. 

 

Möhkəm dayan, tut ağacım

Tut məni

Yıxılmağa qoyma məni

Yellənim qoy göylərəcən

Əlim çatan budağını öpəcəm.

Yelləncəkdən düşüm gəlim

Torpağını öpəcəm.

 

Yeddinci sinifə qədəm qoyanlar həm də yeniyetməlik çağının ortalarında olurlar:  bu uşaqlar nə tam yerə bağlıdırlar, nə göyə. Şeirdə uşaqların Göylə Yer arasında qurduğu bağ o qədər poetik ifadə olunub ki, hər misrada uşaq böyüyür, bir az da İnsan olur. Sevinc Elsevər bu tip  şeirlərində bizə bir daha göstərir ki, uşaqların dünyası tərbiyə olunmalı deyil, eşidilməlidir.

Bəli, Sevincin uşaqları qorxur, utanır, çaşır, sevir...ancaq duyaraq yaşayırlar.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.