“Sənsiz hər şey yalan, hər şey talanmış” - GÜNEYDƏN DUMAN BƏXTİYARİ Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Duman Bəxtiyarinin şeirləri təqdim ediləcək. 

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

I

Yağış yağa-yağa asılıram mən,

Bağlı küçələrin çıraqlarından.

Çəkirəm başıma xiyabanları,

Damıram gecənin dodaqlarından.

 

Bir şəhər yuxuda, bir şəhər oyaq,

Bir şəhər dağılır, bir şəhər uçur.

Götürüb özümü düşürəm yola,

Taxta qapımızın dodağı qaçır.

 

Bu uzun, qara yol çatır axşama,

Yazığın yarası bitişməyəcək.

Saçından asılan tifil günəşin,

Əlləri əlimə yetişməyəcək.

 

Qaçıram bu yolun enin, uzunun,

Kefli küçələrin dodağı kimi.

Sevirəm yağışı, sevirəm yazı,

Söyüd arzumuzun budağı kimi.

 

Yağış yağa-yağa asılıram mən,

Şeirimi oxuyan islanacaqdır.

Dumanın dərdini çəkən dağ kimi,

Çıxıb gözlərimdən aslanacaqdır.

 

 

II.

 

Sənsiz hər şey yalan, hər şey talanmış,

Sənsiz şeir otağım dərdə qalanmış,

Sənsiz qafiyələr od tutub yanmış,

Neynirəm yağışı, neynirəm yazı

Səni sızıldayır könlümün sazı.

 

Sən deyə çırpınır, sınır ürəyim,

Telli bir bənövşə yonur ürəyim,

Soyuq divarlarda donur ürəyim,

Neynirəm namazı, neynirəm nazı?

Səni sızıldayır könlümün sazı.

 

Ləhzələr uzanır duman içində,

Qalmışam avara, güman içində,

Yaxşını itirdim yaman içində,

Nə qibləsi bəlli, nə dəstəmazı,

Səni sızıldayır könlümün sazı.

 

Qınama saçlarım bürünüb qara,

Bir baxış sevirəm bağrımı yara,

Yetirə dərdimi ağ buludlara,

Ay yalxı məhəbbət, ay alın yazı,

Səni sızıldayır könlümün sazı.

 

 

III.

 

Elə darıxmışam, elə dolmuşam,

Bu gecə başımda dar havası var.

Otağım üşüyür, şerim üşüyür,

Qara saçlarımda qar havası var.

 

Sükuta bürünən saniyələrdə,

Yaşıl arzularım çürümək dəyər.

Qalanıb gözümə həsrətin dağı,

Divarlar üstümə yürümək dəyər.

 

Darıxan küçənin qaş qabağında,

Qarğışam, qabaram, yarayam indi.

Bu çılpaq gecədə, bu qar gecədə,

Gedirəm özümü arayam indi.

 

Yenə də sənsizlik, yenə də ağrı,

Yenə də bağçalar ağlayır məni.

Acı ləhzələrdə yağışın səsi,

"Yaşıl yarpaqlar"a bağlayır məni.

 

 

IV.

 

Dün gecə küçəmizin,

Gəlin qızın asdılar.

Ulduzu qandallayıb,

Ayı daşa basdılar.

 

Bizim küçə bağlanıb,

Qarğanın qanadına.

Allah özü yetişsin,

Küçəmizin dadına.

 

Yaddaşında yazılan,

Ya payızdır, ya qardır.

Kimsə bilməyir ancaq,

Taleyində nə vardır!

 

Nağıllara sığmayır,

Quş ürəyi, mor səsi.

Yasaqdır yasaq, nazım

Qırmızı düşüncəsi.

 

Bizim küçə bağlıdır,

Bunu açan olaydı.

Qıfıllı dodağından,

Çıxıb qaçan olaydı.

 

 

V.

 

Bizi oraqlayıb iki böldülər,

Arada günahı Araz apardı.

Elə şaqqa çalıb, elə güldülər,

O dərdi nə payız, nə yaz apardı.

 

Qara qol çəkildi sol yanımızdan,

Sağımız qanadı varağın üstə.

Doldu sevgimizə laxta-laxta qan,

Qanımız yaxıldı orağın üstə.

 

Qaldı, qışa döndü, həsrətə döndü,

Bağlı qapımızı açan olmadı.

Ağrı aha döndü, nifrətə döndü,

Bizim göyümüzdə uçan olmadı.

 

O qanlı varağın qara qolundan,

Hərəmiz bir yana axırırq indi.

Arada yol gedən acı nisgilə,

Oturub həsrətlə baxırıq indi.

 

Nə acı durumdur, bu çay qırağı!

Sönür alovumuz, sönür közümüz.

Kimsə xatırlamır o lal varağı,

Nə qədər  yad olub bizə özümüz!

 

Burda ağrı çəkir, günaha batır –

Dumanlı bir kişi, dağlı bir kişi.

Özünü Arazın qoynuna atır,

Sağına-soluna bağlı bir kişi...

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.