Mən səni xatırlaram – QABİLİN ANIM GÜNÜNƏ Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Mən səni xatırlaram 

Xəzərin dalğaları 

Qalxanda-alçalanda. 

Külək qoşa çinarı 

Tərpədib aram-aram 

Həzin layla çalanda, 

Mən səni xatırlaram. 

 

Mən səni xatırlaram 

Ellərdə, obalarda 

Körpələr dil açanda. 

İlk qarda, ilk baharda 

Neçə-neçə arzu-kam 

Qönçətək gül açanda, 

Mən səni xatırlaram. 

 

Mən səni xatırlaram 

Zirvələri aşanda, 

Yaratmaq atəşilə 

Qaynayanda, daşanda. 

Hər qızıl telli səhər, 

Hər gümüş telli axşam, 

Mən səni xatırlaram. 

 

Mən səni xatırlaram 

Kürün sakit səsində,

Burulğanlı Arazın 

Üsyankar nəğməsində 

Qəlbinin vurğusunu 

Hiss edərəm, duyaram, 

Mən səni xatırlaram. 

 

Mən səni xatırlaram 

Durna keçəndə göydən, 

Quzular mələşəndə, 

Göz yaşaranda neydən.

Gəlib çoban qardaşın 

Boynuna qol salaram, 

Mən səni xatırlaram. 

 

Mən səni xatırlaram 

Desən də, deməsən də... 

Şe`rin dilimdə əzbər. 

Elləri vəsf edəni 

Haçan unudub ellər? 

Vətən məhəbbətinə 

Qəlbimdə sonsuz inam 

Mən səni xatırlaram. 

 

Mən səni xatırlaram 

Yaşıllıqlar içində 

Sarı yarpaq kimi yox, 

Gözdən uzaq kimi yox. 

İlham çiçəklərinə, 

Ümman diləklərinə 

Ürəyimdə ehtiram, 

Mən səni xatırlaram.

 

Bu gün Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Qabilin anım günüdür. 

Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı il avqustun 12-də Bakı şəhərində anadan olub.

Orta məktəbi bitirdikdən sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (İndiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb. 1954-1956-cı illərdə təhsilini Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında davam etdirib.

Əmək fəaliyyətinə 1949-1951-ci illərdə Yardımlı rayonunda və Bakı şəhərində orta məktəb müəllimi və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda laborant kimi çalışaraq başlayan şair 1951-1953-cü illərdə “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, 1954-cü ildə “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, 1957-1958-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə “Azərbaycan” jurnalı redaksiyasında ədəb işçi və baş redaktor müavini vəzifələrində işləyib.

Fəaliyyətlərinə görə o, bir sıra fəxri ad və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatları  “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.

O,  ədəbi fəaliyyətə 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan "Gəl baharım” adlı şeiri ilə başlayıb. Bundan sonra onun müxtəlif illərdə “Səhər açılır”, "Mənim mavi Xəzərim”, "Küləkli havalarda”, Qoy danışsın təbiət”, “Vətəndaş sərnişinlər” və s. kitabları işıq üzü görüb. 

Yaradıcılıq zirvəsi hesab edilən “Nəsimi” poeması ilə böyük rəğbət qazanan şairin “Səhv düşəndə yerimiz”, "Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir - məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” və s. kimi şeirləri də oxucular tərəfindən xüsusi rəğbət görüb. 

Qabil İmamverdiyev 2007-ci il aprel ayının 4-də 81 yaşında vəfat edib və Fəxri xiyabanda dəfn olunub. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.