“Mən həmən oğlanam, a dağ yolları” – MƏMMƏD İLQARIN 75-İNƏ Featured

 

İbrahim İlyaslı, “Ədəbiyyat və incəsənət” üçün

 

Günlərdən - Çağdaş Azərbaycan poeziyasının müqayisəsiz və ünlü imzası, şeirləri ilə türkəm deyən hər kəsin duyğulu könüllərini fəth etmiş görkəmli şairimiz MƏMMƏD İLQARIN 75 illik yubiley günü!

Kutlu olsun!

Həm Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsi olaraq, həm də öz adımdan Ustadı səmimi qəlbdən təbrik edir, ən xoş diləklərimi yetirirəm!

Və qeyd etmək istəyirəm ki, şairin yubiley tədbirinə yaşadığı Sumqayıt şəhərində möhkəm hazırlıqlar gedir. Zamanı çatanda Məmməd İlqar sevərləri dəvət edəcəyik.

 

Şair Məmmədov Məmməd Mədət oğlu (Məmməd İlqar) 1950-ci ilin 21 fevralında Qazaxın Aslanbəyli kəndində ziyalı ailəsində doğulub. Uşaq yaşlarından şeirə böyük marağı olan və artıq gənc yaşlarından rayon qəzetlərində şeirləri çap olunan Məmməd İlqar Bakıya gəldikdən sonra ədəbiyyat cameəsinin bir çox tanınmış imzalarıyla tanış olur və ara sıra şeirləri o dövrün məşhur qəzet və jurnallarında (“Azərbaycan”, “Gənclik”, “Ulduz”, “Ədəbiyyat”) çap olunmaga başlayır.

1991-ci ildə "Məni baxtıma tapşırma" adli ilk şeirlər kitabı işıq üzü görür. Məmməd İlqar yaradıcılığı axımlı, yadda qalan, folklor örnəklərini qoruyub saxlayan və ehtiva edən, aşıq şeir şəkillərinindən düzgün istifadə edən, zəngin yaradıcılıqdır.

Çox təəssüf ki, Məmməd İlqar 2013-cu ildən sonra şeir yazmayıb. Və çox təəssüf ki, ünlü şair xəstəlikdən əziyyət çəkməkdədir.

Məmməd İlqar Azərbaycan milli şeirini, təcnisini, qoşmasını XX və XI əsrdə yenidən hörmətə gətirən nadir şairlərimizdəndir. Onun bir neçə şeirlərini təqdim edirik:

 

Yğıldı başıma dostum-qardaşım,

Dərdimi yüz yerə yozub getdilər.

Dünyanı, zamanı söydülər yenə,

Seltək coşub, yeltək əsib getdilər.

 

Gördülər dərdimin dərmanı yoxdu,

Səbrim öz sinəmə sancılan oxdu,

Şöhrətim çoxdusa, dərdim də çoxdu

Bəlkə də, dərdimdən bezib getdilər.

 

Dedilər-həyatdı, uyu dibində

Vayı dibindədi, toyu dibində…

“Məlik”siz Məmmədəm quyu dibində,

Mənim kəndirimi kəsib getdilər.

 

***

Qarı dünya, bu nə qovğa, nə qaldı-

Aman ver, aman ver, a yağı, bir...bir...

Öyündüyüm-güvəndiyim nə qaldı?

Alırsan əlimdən a yağı, bir-bir.

 

Ha çağırdım-taleyim hey...baxtım hey...

Gah bulanıb, gah durulub axdım hey...

Yüz gümanla ağ yollara baxdım hey...

Getdi gözlərimin ay ağı, bir-bir.

 

Məmməd İlqar, dar günündü, seyr elə-

Nə vaxt düşər, bir də belə seyr ələ...

İnanmazdın - qohum-qardaş seyrələ-

Çəkilə dostların ayağı bir-bir.

 

***

Ha çaldım, könlümün bu təşnə vaxtı,

Sazım dinmədi ki dinmədi, neynim.

İstədim qarğıyam taleyi, baxtı-

Dilim dönmədi ki dönmədi, neynim.

 

Özüm öz odumda əridim, itdim,

Karvan buludları bəri yeritdim.

Arazı axıtdım, Kürü yeritdim-

Odum sönmədi ki sönmədi, neynim.

 

Aldı bir havalı xatirə məni,

Bələdi əmbərə-ətirə məni,

Dedim, bəlkə, mənə yetirə məni-

Göydən enmədi ki enmədi, neynim.

 

İlğımdı, dumandı, sisdi, nədisə,

Sehrdi, sədadı, səsdi nədisə,

Axır-bu zamlımın qəsdi nədisə-

Aparır hələ də Məmmədi, neynim?...

 

***

İlahi! Belə də gözəl olarmı?-

Kimdi qələm çəkən, nə gözəl çəkir.

Üz- üzə, göz- gözə sehrlənmişik,

Nə mən göz çəkirəm, nə gözəl çəkir,

 

Güney gözlüm, gözəllikdə bircəsən,

Bu güllükdə bir mən olam, bircə sən...

Gül üstündə arıya bax bircə sən-

Gör gülün nazını nə gözəl çəkir?...

 

Salma gəl Məmmədi gözündən, gözəl,

Gözüm gözmü görüb gözündən gözəl !..

Mən ölmüş neynim ki, gözündən, gözəl-

Nə bir könül doyur, nə göz əl çəkir !

 

***

Ay gözü göyçəyim, gözün hardadı –

Dən salıb saçıma dərdin dən, belə…

Yeriyən, danışan ölüyəm sənsiz –

Kim ölər mənimtək dərdindən belə?..

 

Dərd oxuna nişangahdı sinəm də,

Dərd əlindən ha gizlənəm, sinəm də.

Nə dərd desən yuvalanıb sinəmdə -

Bir bala sərçənin dərdindən belə…

 

Tapşır gözlərinə ilqara gəlsin,

Qiyma ki, ay qara, il qara gəlsin.

Gələn dərdin Məmməd İlqara gəlsin –

Neynər dərdli kəsə dərd indən belə?!.

 

***

Əcəb gündü – günlərin ən gözəli,

Gördüm səni – əcəb düşdüm oda mən.

Camalın ki, şölə verib yanırdı,

Bax, o gündən səcdəliyəm oda mən.

 

Kəsmə kərəmini, bir kərəm eylə,

Neynək, kərəmini bir kərəm eylə…

Gəl yandır, məni də bir Kərəm eylə –

Yəqindi ki, yanmalıdı od əmən.

 

Açmadınsa, hər yetənə qəlbi – düz!

Məcnundusa, fərqi nədi: qəlbi, düz?

Səndən ötrü əhdi qayım, qəlbi düz,

Məmməd adlı bir şair var – o da mən!

 

* * *

"Sənə də qar yağdı, güvəndiyim dağ."

Özün bir vaxt dost demirdin mənə bə?

Məsəl var ki- "dost-dostuna tən gərək",

Tənə gəlir bu dostluqdan mənə bə...

 

Nənəm derdi-bir verməsən üç alma,

Oxu bir al, birinci ol, üç alma.

Nağıl bitdi, göydən düşdü üç alma,

Biri ona, biri buna, mənə bə?..

 

Kişi gərək "qan bağlaya" şər kəsə,

Heç bir dosta tuş gəlməsin şər, kəsə!

Qatma məni "bə!" dediyin şər kəsə,

Mənəm-Məmməd İlqar-indi mənə "bə"?

 

* * *

Qönçələr bürüyüb çölləri yenə

Açallar, inşallah, gül, gülə-gülə

"Görəllər-güləllər" gəlməz eyninə,

Sarılar, sarmaşar gül gülə, gülə.

 

Güllər al-əlvandı, bülbüllər sarı,

Görməsin gül üstə bülbüllər sarı.

Güllər gülümsünər bülbüllər sarı,

Görən, varmı görən gül gülə gülə

 

Yarəb, yetir məni bir gülə, dedim,

Məmmədin könlü də bir gülə-dedim.

Açdım ürəyimi bir gülə dedim

Ağlar qoydu məni gül gülə-gülə.

 

***

Mən şeir yazmıram,oğul,

Canımı sıxıram ağ kağızlara.

Söz-söz gözlərimdən damıram,oğul,

Süzülüb axıram ağ kağızlara.

 

Qəm gəlir üstümə,qaça bilmirəm,

Ömrü bu qəmlərdən uca bilmirəm.

Od tutub alışmır necə,bilmirəm-

Yağıkən bu qədər ah kağızlara.

 

Sözlərə çökmüşəm,o illərə yox,

Qəbrimə səpdiyin o güllərə yox.

Yadina düşdümsə,şəkillərə yox-

Aç da bu dəftəri,bax kağızlara.

 

Ustad şair Məmməd İlqarın şeirlərindən bir neçəsini sizlərə təqdim etdik. Amma şairin bugünkü ovqatına tam uyğun, yaşadığı həyata tam bab olan bir şeirlə tamamlamaq istəyirik ona təbrik olaraq ünvanladığımız bu yazını. Şairin ən gözəl şeirlərindən biridir bu: Mən həmən oğlanam, a dağ yolları.

 

Ömrün o başından dönüb gəlmişəm,

Mənəm, başınıza dönüm, gəlmişəm.

Bəs məni yandırıb, nə yaxırsınız,

Belə maddm - maddım nə baxırsınız.

Bax bu palıdların budaqlarında

Yellənən oğlanam, a dağ yolları.

Sorub baldırğanla bulaqlarından

" Keflənən" oğlanam, a dağ yolları,

Mən həmən oğlanam, a dağ yolları.

 

Qayalar belində gül bitirərdi,

Di gəl ki, xoşluqla gül verməzdilər...

Əlimi uzatsam əl yetirərdi,

Gicitkanlar mənə gün verməzdilər,

Qanıma bələrdi moruq kolları,

Mən həmən oğlanam, a dağ yolları.

 

Almazdım eynimə çəni, çiskini,

Dolu da yağsaydı - qənd deyildimi?

Sizdən küsən günü qəzəbim, kinim

Bir tütək səsinə bənd deyildimi?

Gözümə çıxardı könlümün varı,

Mən həmən oğlanam, a dağ yolları.

 

Sinəmdə bir belə sevgi varikən

Bu səfeh səbrimlə dil tapammadım.

Daşın da qəlbinə yol taparikən

Bir şəhər qəlbinə yol tapammadım...

Gəlmişəm- ətək boş, ömür-gün yarı,

Mən həmən oğlanam, a dağ yolları.

 

Bir böyük sevgidən yıxılmışam mən,

Bilirəm dadını diz ağrısının.

Babamın başına qaxılmışam mən,

Bələdəm oduna söz ağrısının.

Bu qədər sınağa çəkməyin məni,

Siz mənim xətrimə dəyməyin barı.

A dağ yolları...

 

Getdi o dumanla güvəndiklərim,

Əlim ətəyinə yetməz, bilirəm,

Qalan gümanlarım- saman çöpləri...

Mən sevən ölümə getməz, bilirəm

Bu tale yolları, bu baxt yolları.

Məni qinamayin, a dag yollari

Mən həmən oğlanam, a dağ yolları.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.