“Sabaha qar deyiblər...” – İLQAR FƏHMİ Featured

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı, AYB katibi İlqar Fəhminin “Üşütmə” adlanan şeirini təqdim edir.

 

Bu gün – fevralın 20-də Bakıda və Abşeron yarımadasında hava kəskin soyudu. Hazırda temperatur müsbət 1 dərəcədir. Bu gün axşam saatlarından başlayaraq temperatur mənfi 2 dərəcəyədək enəcək. Sabahdan sonra isə hətta gündüz saatlarında temperaturun 0 dərəcədən aşağı olması, yolların buz bağlaması gözlənilir.

Adətən Bakı və Abşeron yarımadasında mənfi temperatur və qar yağması prosesi 1-2 gün ərzində müşahidə olunurdusa, bu dəfə soyuq və qeyri-sabit hava şəraiti 5 gün ərzində davam edəcək və bu qışın ən uzunmüddətli soyuq dövrü olacaq.

Beləliklə, sabaha qar deyiblər...

 

İntizar küləkləri

Üz gözümü yaladı.

Niyə bütün sevgilər

Əzabla qol qoladı?

 

Bu nə soyuqdur gəlib,

Nəfəsin də üşüyür.

Ürəyin qəfəsdədi

Qəfəsin də üşüyür.

 

Dönüb gün şüasına

Soyuğu azdırardım,

Üşüyən əllərini 

Şeirlə qızdırardım.

 

Hava yaman tutulub,

Yəqin yağar, deyiblər.

Əynini qalın elə

Sabaha qar deyiblər.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.