“Günahlarım olmasaydı uçardım…” - Vüqar Vəkilin ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Vüqar Vəkilin şeirləri təqdim edilir. 

 

*

Yax şeirlərimi, sən ey Müqəddəs!

Çiçək bitirəcək yaxdığın ocaq.

Səni Tanrı sevir, səni çöl sevir

Köz alsan əlinə, yağış yağacaq...

Bu çölün düzündə yol azan rəqib,

Səni Tanrı görür, məni su görür...

Yeddi il ayrılıq, yeddi il vüsal.

Buludlar şahzadə yuxusu görür.

Yanan şeirlərim gül ətri saçır,

Göylərə sovrulan boz külü bilmir...

Dostumuz bu çölün özüdür elə,

Düşmən uzaqdadır, bu çölü bilmir...

Bu çöl Kərbəlanın körpə balası,

Bu yağış Fəratın suyu kimidir...

Yusifi görürsən gözümdə, bəlkə,

Bilirəm, gözlərim quyu kimidir.

Gözümlə birlikdə çıxar Yusifi

Gözümün çuxuru xaraba qalsın...

Çıxan gözlərimi Yaquba göndər,

Köynəklə gözümü sarı, sağalsın.

Sarı ki, gözümün yeri sağalsın.

 

*

Yol gedirəm cibim dolu əlim boş.

 

Boş əllərim ciblərimin yüküdür.

Nöqtə qoydu dərdlərimə göz yaşım,

o dərdlər ki dəftərimin yüküdür.

Sığınmışam gecələrin qoynuna

nəzərlərdən yoxsa hara qaçardım.

Bəlkə tutub bir mələyin əlindən

Günahlarım olmasaydı uçardım.

 

*

Bir hörük saçını istədim sənin,

Dilimi dualar tilsimə saldı.

Yuxarıdan Allahın boz ipi endi,

Əllərim duamdan asılı qaldı.

Qurdlar parçalayır səni hər gecə,

Bulana bilmirəm qanına sənin.

Kaş ölüm halımda mələk olam, kaş

Gözünə qum səpən külək olam kaş

Qurdlar parçalaya sağ tərəfimi.

Bir məzar torpaqla uçam Göylərə,

Çatam yanım üstə yanına sənin.

Ölüm olmadımı Leyliyə Məcnun,

Zülüm olmadımı Məcnuna Leyli?

Məcnunun ahımı öldürüb səni

Lənət yağdırımmı Məcnuna xeyli?

Yox, mənim ürəyim daş deyil hələ,

Yox mənim ürəyim baş yaran deyil.

Məcnunun başına Leylisi qurban,

Leyliyə Məcnunun sevgisi qurban,

Mən sənə qurbanam, qurbanam hər il.

Bir hörük saçını istədim sənin

Dilimi dualar tilsimə saldı

yuxarıdan Allahın kəndiri gəldi

Əllərim duamdan asılı qaldı.

Uçaram yanına bir gecə əlbət -

Deyərlər, dünyanın dərdi azaldı

 

*

Susarsan, susayıb su istəməzsən

Sözün də ağrıyar dilində sənin

Gözün də ağrıyar göz çuxurunda

Hər şeydən üzülən əlin də sənin

Əl aça bilməzsən, Allaha belə

Ağrıyar əllərin yanında sənin

Dözərsən, dözərsən ağrıya sonra

Dözüm də ağrıyar canında sənin

 

*

Getmisən ruhumun susub nəğməsi.

Qalıb hər addımın bir ayaq səsi

Sən acı bir şərab, mənsə badəsi

Daşlara çırpılıb parçalanmışam.

Mən vüsal olmuşam, sənsə ayrılıq,

Sən küsən olmusan, mənsə bir qılıq,

Mən dəniz olmuşam, sən dəcəl balıq

Sahilə çıxmısan çalxalanmişam.

Bəlkə göz yaşımın axdığı seldə,

Axıb, gül açmısan qupquru çöldə.

Bəlkə gözlərinin baxdığı yerdə

Bir yalan olmusan mən inanmışam.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.