“Ədəbiyyat və incəsənət” portalının üç yarpaq rubrikasında sizlərə Təranə Dəmirin şeirlərini yarpaq-yarpaq təqdim etməkdəyik.
***
Gah küləkdən, gah yağışdan adlayıb,
Gah enişdən, gah yoxuşdan adlayıb,
Ürəyini hərə bir cür odlayıb,
Ümidini hərə bir cür qırıb hey,
İçimdəki qərib hey!
Göz dikiblər taleyinə, baxtına,
Od vurublar "Ömür" adlı taxtına,
Həsrət düşüb gözəl-göyçək vaxtına,
Vüsalını şaxta-sazaq vurub hey,
İçimdəki qərib hey!
Doymayıblar qeybətindən, qalından,
Qova-qova döndəriblər yolundan,
Yıxılanda tutmayıblar qolundan,
Addımbaşı bir xəyanət görüb hey,
İçimdəki qərib hey!
Keçiriblər min tənədən, qınaqdan,
Min qarğışdan, min nifrətdən, min ahdan,
Yorulanda hayıf çıxıb varaqdan,
Heça-heça nəfəsini dərib hey,
İçimdəki qərib hey!
***
Ürəyim od içindədi,
Baxışımı çən aparır.
Misralarım yaz eşqində,
Saçlarımı dən aparır.
Ayaqlarım yol yorğunu,
Qollarım göydən asılıb.
İçimdə təklik ulayır,
Qulağım küydən asılıb.
Bilmirəm sağam, ölüyəm,
Sükutam, səsəm, bilmirəm.
Dönmüşəm dəli küləyə,
Hayanda əsəm, bilmirəm.
Gözlərim yağışa düşüb,
Kirpiyim nəmdə üşüyür.
Kədərim zilə qalxıbdı,
Sevincim bəmdə üşüyür.
***
Bütün şəhər sən qoxuyurdu bü gün,
Küləklərin ağzında uçurdu adın.
Günəş səni pıçıldayırdı qulaqlarıma
Küçə-küçə, addım-addım.
Ləpirində sevişirdi qum dənələri.
saçların barmaqlarımda ovunurdu,
Adın dodaqlarımda.
Şəhərə düşmüşdü şəklin,
Səni gözlərimə köçürürdüm
nöqtə-nöqtə, nida-nida...
Baxışlarım kölgənə ,
Əllərim ovuclarına qaçırdı.
Bu gün unutmuşdu bizi bütün şəhər--
Adamlar, evlər,
Dükanlar, kafelər,
Xəzəllər, ağaclar,
Maşınlar, tıxaclar,
Yollar, küçələr,
Hasarlar, sərçələr...
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)