“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Ayna Asimqızının esseləri təqdim edilir.
VƏTƏNİM SƏNSƏN
Yenə burdayam. Pəncərənin qabağında. Elə hey gözləyirəm. Günlər keçir birər-birər, mən yenə də burdayam. Günəş doğur, məni seyr edir, sonra o da gedir. Ay hər gecə məni izləməkdədir. Dan ulduzu hər gecə məni dinləməkdədir: “Sən danış mənə, dinləyirəm səni hər gecə”. Sonra o da gedir. Mənə vəfasızlıq edir. Bütün dərdlərimi şeir təki əzbərləyən o gözəl pəri – o da mı məni tərk edir? Yox, o, vəfasız deyil. Ən azından o, gecələri məni yad edir. Sonra sabah olur, göy üzü aydınlanır. Gözəl səba məni xatırlayır. Hər gün saçlarımı darayır. Saçlarımın qoxusunu ona aparır. Dərdlərimin aşinasıdır. “Sən danış mənə, elçi olum sənin eşqinə. Səsindəki o məlahəti, o sədaqəti aparım sevdiyinə”. Ah-naləm yetişir ərşə. Buludlar göz yaşı tökür mənim dərdimə. Amma buludlar ağlamasın, istəyirəm. Ağlamayın, nazlı buludlar. Axı onun ayaqları yağmur suyu ilə yoğrulmuş torpaqdadır. İndi üşüyür əlləri, soyuqdadır. O məni unutsa da, qıya bilmirəm ona. Sevirəm onu hələ də qəlbimin ən dərinində. O sevmirdi məni. Bəlkə də, sevirdi, mən bilmirəm hələ də, amma bilirəm ki, bu torpağı məndən çox sevirdi. Məni deyil, bu torpağı seçdi. Məni qoyub getdi. O, indi səngərdədir. Məni tərk etdi. O, indi cəbhədədir. Mən ona vətənimsən deyirdim, o mənə bu vətənmin çiçəyi. Mən ona can deyirdim, o bu torpağa yar. Bəlkə də, qayıtmayacaq. Sevgilim dediyi torpağın bir parçası olacaq. Sevdiyinə qovuşacaq. Mən də sevdiyini bu torpağa bağışlayan milyonlardan biri. Madam, o bu torpağı məndən çox sevir, məni yox, onu seçir, mən də sevəcəyəm. Axı sevdiyimi bu torpağın qoynuna verəcəyəm. Sevdiyimi bir verdim, bir daha verməyəcəyəm!
İNSANIN QİYMƏTİ
Bir balaca nöqtə kimiyik, əslində. Həm böyük bir romanın, böyük bir kitabın çatdığı son mənzil, həm də bəsit bir nöqtə, təklikdə heç nə. Görürsənmi, təklikdə heç nəsən, qədrin yoxdur, əslində, amma bir cümlə yetər böyük bir hökmü verəcək gücə qadir ola bilməyinə. İnsan deyib keçmə. Beş hərfli bu sözün hər bir hərfindəbir sirr gizlidir, əslində. Həm acizsən, həm də böyük gücə sahibsən. Həm ölçüləri tənzim edirsən həm də ölçü sənsən. Düşünürsən, lakin anlamırsan. Ən böyük fərqindir düşüncələrin. Varlığının təsdiqidir sənin düşüncələrin. Cismin heçdir, o olmasa da, sən varsan. O olmasa, sən, əslində azadsan. Ah, o cismin səni məhkum edir kiçik sərhədlərə. Aşmağa qoymur o sərhədləri. Zindandır sənə o bədən. Düşünürsən, lakin anlamırsan. Sən həm varsan,həm də yoxsan. Sən, əslində, ziddiyyətsən. Bunu heç vaxt görmürsən. Hər şeyi özü ilə bağlayan insan, sən, bilirsən, nəsən?! Dünyanın mərkəzinə qoyursan özünü. Həyat adlanan bu səhnədə baş qəhrəmansan düşüncələrində. Hadisələr baş verir sənin dövrəndə. Əslində, düşünsən, bu həyat səhnəsində köməkçi rol yoxdur. Hamı baş qəhrəmandır öz hekayəsində. Səni mər-kəzə qoyan insandır yenə də. Bir şam canlandır nəzərində. Ərafında dövr etməsə pərvanə, bir qiyməti olarmı yenə də? Bir düşün yenə də, olmasa, dünyada heç kəs, olsan sadəcə sən, bu qocaman dünyada olarmı bir dəyərin daha?.. Unutma əsla!Bir nöqtə kimisən, bir daha xatırla. Cümlə yoxsa, yoxdur bir dəyərin, heçsən, əslində. Bir söz kifayət edər sənə böyük qüdrət verməyə. Kiçik bir dünyasan sən də. Qoynunda bir həyat gizlədirsən, amma günəşin ətrafında bir pərvanə misalı dövr edirsən.Dəyərlisən sənə dəyər verənlərə dəyər verdiyin qədər.
FÜZULİ VƏ HÜQO
Hüqo: Ey böyük sələfim, söylə, nədir həyatın mənası? Nədir bu vurhavur, nədir bu qaçaqaç? Hər kəs tələsir, baxmadan arxasına, məqsəd nədir hamı bilir guya, amma əldə etdiklərimiz əllərə qonan quş tüküdür sanki, bir mehlə onlar da bizim kimi yox olub gedəcəkdir. Ey ustad, maraqlıdr mənə, dənizin köpükləri kimi yox olub gedəcəksə hər şey əlimizdən, bəlkə də, biz də nə üçündür bu təlaş və bu savaş?
Füzuli: Sənlə mən arasında yüz illər var. Sənlə mən arasında mədəniyyətlər, kültürlər var. Sənlə mən arasında illər qədər yollar var. Sənlə mən dindaş deyilik, sənlə mən həmvətən də deyilik. Sənlə mən qarşı-qarşıya duran güzgülər kimiyik. Göz-gözə gəlsək, gözlərin aynasında görəcəksən sonsuzluğu, bu sonsuz çarpışma və çırpınışların səbəb və səbəbkarını. Həyatın mənası həyatın mənasını axtarmaqdan ibarətdir. Çılpaq gözlə baxsan, zahirən “biz”, – deyə bir şey ola bilməz. Çünki mən hacıyamsa, sən rahib, mən gündüz, sənsə gecə, birimiz günəş, birimiz ulduz. Amma düşünən dərindən, sadəcə baxan deyil görən, əslində, bu dünyada sən və mən olmadığını anlayar. Çünki bu dünya yaranandan “biz” var hər zaman. Fərq nədir axı bizdə?! Heç nə. Fərqliliklər zahirdədir. Biz eyniyik, əslində. Həyat eynidi hər kəs üçün, əslində. Hamı bir həyatın şöləsinə baxır, sadəcə, fərqli pəncərələrdən. Hər kəs bir-birini tənqid edir, baxdığı şeyə görə yox, baxmaq üçün durduğu yerə görə. Fərq yoxdur, ikilik yoxdur. Sən də, mən də eyni qayə üçün vuruşmuşuq, sadəcə yollarmız fərqlidir. Son mənzilimiz eynidir. Bax sən öz zamanına, sonra da özündən əvvəl və sonraya. Bu dünyaya gəlmiş, gələn və gələcək insanların həyatında fərq varmı ki?! Bu maddi dünyada əldə etdiklərimiz, edəcəklərimiz hamısı eynidir. Hər kəs doğulur, böyüyür, özünü axtarmağa, mənliyini kəşf edib tapmağa öncə zehninin qaranlıq otaqlarından başlayır. Sonra qəlbində çarə tapır. Eşqin meyini dadır, kimininki dilində qalır, kiminiki dildən qəlbə yol tapır. Sonra yaşlanır, yox olub getməkdən, itib-batmaqdan qorxu tapır. İzini, tozunu bu dünyada qoymaq üçün şah əsər yaradır. Hər bir insan, bəlkə də, artıq bizim üçün adi görünən bir yola addım atır. Bir insan böyüdüb yetişdirmək çoxlarının bu dünyada nişan qoymaq üçün yeganə yoludur. Milyonlara bu, adidir, lakin insan yetişdirmək alilikdir. Ən çətin iş bu işdir. Sonra qocalır, yolun sonuna çatır. Hər dövrdə, hər yerdə, hər zamanda, hər ildə dövran və kainatın gərdişi belədir. Ona görə də həyatın mənası bu dünyada deyildir. Çünki bu dünya çarx misalı dövr edir. Nə irəli, nə geri, olduğu yerdə hərlənir.
Hüqo: Ey arifi-ustad olan müəllim, həyatın mənasını tapan varmı bəs? Varsa, yolu hansıdır, hardadır? Hardan başlayır yolu? Son mənzil eynidir, bəs onun yolunun başı haradır?
Füzuli: Son mənzilə çatan yollar çoxdur. Saysız olan yolların yolçusu da çoxdur. Həyatın mənası həm bu dünyadadır, həm də deyildir. Bu sirri bu dünyada da,o dünyada da, sən hardasansa, orda taparasan. Çünki həyatın mənası, bəlkə də, sənsən, bəlkə, deyilsən. Amma sübuta eytiyacı olmayan yeganə fakt budur, həyatın mənasını içində gizlədirsən.
Hüqo: Ey mənim müəllimim, həyatın mənası insanda gizlidirsə, bəs onda nədən milyonlarla insan ömür boyu onu tapmaq uğrunda çırpınıb durur, bir ömrü bu yolda qoyub bu sirrə vaqif olmur?
Füzuli: Bu dünyada itib-batan çoxdur, bu dünyada axtarılan, tapılmayan da çoxdur. Unutma, bir şeyi gizlətməyin ən gözəl yolu onu gözlər önündə qoymaqdır. Həyat hər zaman mürəkkəb gəlir insana. Mürəkkəb düşünürük hər zaman. Bizə görə illər, əsrlər boyu axtarılan gözlər önündə ola bilməz. Əslində, ən böyük məsələ və imtahan da budur. Həyat çox sadə və düzdür. Həyat, dolaşıqlıqdan, döngələrdən, qarşıqlıqdan və qeylü-qaldan uzaqdır. Həyat dümdüz bir ip kimidir, əslində. Düyünlərdən azaddır. Biz düz ipin düyünlərini açmağa çalışıb, düyünü özümüz yaradırıq. Uzaqlarda axtardığımız, əslində, yanımızdadır. Baxmaq deyil, görmək lazımdır. Hamı qaçır, hamı təlaşdadır, məsələ isə dayanmaqdadır. Axtarışı buraxsaq, nəfəs alsaq, dayansaq, o olmayan düyünlər açılacaq. Həyatın mənası özü səni qarşılayacaq.
Hüqo: Dünyada ən böyük qüsur və eyib, dünyada ən böyük gözəllik və möcüzə insandır yenə də. Dünyanı gözəlləşdirən, həyatın dümdüz ipinə düzülən incidir insan. Eyni zamanda həyatın ipini dolaşdıran. İnci dəyərlidir gözəldir, safdır, təmizdir, sadəlikdir, incəlikdir, hətta gözəllikdir. Amma heyif ki, quru bir daş parçası, cansız bir cismdir. İnsan bəsit bir nöqtədir. Böyük hekayələrin, romanların, cild-cild əsərlərin çatdığı son mənzil, son nöqtədir. Böyük dühaların böyük şah əsərlərinə, tarixin qızıl səhifələrinə öz möhürünü vurub, son nöqtəni qoyan qüdrətdir, amma təklikdə cılız və heçdir. Bəmbəyaz kağız üzərində gözəlliyə vurulmuş sadəcə bir ləkədir. Kvazimodo insanın maddiləşmiş mənasıdır. Həm çirkindir, həm də çirkinliklər içərisindəki gözəllikdir. İnsan bir möcüzədir. Milyonlar birdən gəlir, amma bir-birindən fərqlənir. Mən deyərdim ki, insan bir əsradır, bir sirdir.
Füzuli: İnsan bir sirr deyil, sirr pərdəsi arxasındakı ləldir. İnsan bir möcüzədir. On görə yox ki, ikilikdədir. Çünki içində kəhkəşanı gizlədir. Hər bir insanın öz yeri var kəhkəşanlar içində. Ən gözəl olan zorla qazanılan. Uğrunda mübarizə aparılan. Ən dəyərli və qiymətli ləl-cəvahirat zəhmətlə, qətiyyətlə çalışıb əldə olunandır. Zəhmətsiz qazanılan nemət, çox ağılsız üçün əhəmiyyətsizdir. İtiriləndə dəyəri bilənəndir. Vəd olunan zəhmətlə qazanılan, ömrünü ortaya qoyub, ömür boyu axtardığın ömrünün mənasıdır. Çünki sənin hər anın, həyatındır. Həyatın qarşılığında aldığın, həyatının əvəzi, onun eşi, tayı-bərabəridir. Buna görə də gözəldir. İnsan buna görə bir xəzinədir. Çünki içində böyük bir sirri gizlədir. Ən dəyərli olanı çirkin baxışlardan əsirgəyir. İnsan çirkinliklər içərisindəki gözəllik deyil, insan gövhəri gizlədən mücrüdür, əslində. Böyük bir mağara və mədəndir. Almazı köksündə bəsləyir. Bu sirri illər boyu axtarır, sonda cavabı özündə tapır. Buna görə o cavab onun üçün qiymətlidir. Çünki zəhmətlə əldə edir. Buna görə də onun qədrini bilir. Hər şeyin səbəbi budur.
Hüqo: “İnsan bu qədər gözəldir, dəyərlidir, zinətdir”, – deyirsən. “İnsan ikilikdə deyil”, – deyirsən. Bəs onda bu ikilik nədəndir. Səbəbkarı kimidir? İnsan bu qədər gözəldirsə, nəyə görə bətnində çirkinlik yetişdirir? Öz cinsini qətl edir. Aşiq olur, sevir, sevilir, lakin saf və məsum olan sevgini, insanı öz atəşi ilə saflaşdıran eşqi ləkələyir. Ona verilən neməti hədər edir, yıxır, dağıdır, qurmaq əvəzinə qurulanı məhv edir. Bütün bunları edən insan bu qədər təmiz və bəyaz ola bilərmi? Demirəm, insan sadəcə ləkədir. Deyirəm, insan ləkəli ağ kağız kimidir.
Füzuli: Bütün bu çirkinliklər, bu qüsur və eyiblər axtarışdan irəli gəlir. İnsan yaradılışının mənasını, öz mayasını axtarır. Çoxları səhv yerdə axtarışa başlayır, sonra qaranlıqlar arasında qara bir kölgəyə çevrilir. Qaranlığın sonsuz boşluğunda yox olmağa başlayan insan özünə bir işıq axtarır, lakin qaranlıqda işıq tapılmayacaqdır. Buna görə də tapa bilmədiyi cavabların yerini özü doldurmağa başlayır. Fəqət hər boşluq öz əksikliyini axtarır. Bağlanmır onun içində bir yara kimi qan sızdıran o boşluqdur. Ona görə nə etsə də, çarə deyil, çatlaqlardan qara bir duman sızır insan ömrünə. O, çatlaqları doldurmaq üçün insan vəhşiyə çevrilir, çünki doldurmur onun içindəki o boşluğu heç nə. Hər şeyə tamah salır, nəfs salır, çünki o boşluğu dolduracaq gerçəkliyi istəyir. Vəhşilik, iyrənclik və qaranlıq insandan deyil, onun içindəki açıq yaralardan gəlir. Unutma heç vaxt, insan nə qədər çirkaba batsa da, eşqi, sevgini ləkələyə bilməz əsla. Eşq o qədər safdır ki, ləkə tutmaz. Aşiqin eşqi incidirsə sevgilini, eşqin odunda yanmır, öz odu ilə yaxırsa sevdiyim dediyini, bu, eşq deyil. Eşq dildə yaranan deyil, qəlbdən dilə yol tapandır. Bu dünya bataqlıqdır, hər kəs bataqlıqdadır, sadəcə, bəzləri ulduzlara baxır. Ulduzlara baxan aşiqlərdir. Onlar ulduzlara çatmayacağını bilsə belə, yenə sevirlər. Çünki onlara eşq uğrunda bu həyatı qurban edirlər. Onlar eşqdən heç nə gözləmirlər. Onlar, sadəcə, eşq odunda yanmaq istəyirlər. Hər zaman, vüsal imkansız olsa belə, ona qovuşacağı günə çatmağa ümid edirlər.
Hüqo: Ey hikmət sahibi böyük ustad, sən dedin, bu dünyanın təməlində sadəcə biz var, sən və mən ola bilməz. Bəs onda bu ayrılıq, bu bölgü, bu kəsrət nədəndir? Qadını, kişisi, dindarı, dinsizi, alimi, cahili, kəndlisi, şəhərlisi, varlısı, kasıbı – hamısı insan deyilmi?.. Bu saydıqlarım hələ mində biri. Min illərdir bu dünyada hər qrup, hər təbəqə özünü qoyur zirvəyə, hər kəs bir-birinə baxır yuxarıdan. Kişilər qadınları, vaxt vardı, heç insan adlandırmırdı. Varlılar kasıbları tapdayaraq, əməyindən yararlanıb, əlindən haqqını alaraq qalxdığı zirvədən insanlara yuxardan aşağı baxmırmı?! Biz var bu dünyada, razıyam, amma sizlərlə bərabər var bizlər. Bəs bu, çoxluq aləminin qüsuru deyilmi?!
Füzuli: Kəsrət, əslində, təklikdən gəlir. Hər kəs və hər şey tamın bir parçası, bir hissəsidir. Sən olmasan, mənim, mən olmasam, sənin varlığın bir heç nədir. Gündüz və gecə bir günü, günlər həftələri, həftələr illəri, illər qərinələri yaratmırmı?! Hər birimiz, əslində, ən dəyərsiz hesab etdiklərimiz belə həyat zəncirində bir həlqədir. Birinin əksikliyi kainatın məhvidir. Əslində, hər şey təklikdə heç nədir. Düşün bir az, dünyanı dizə gətirən güc və qüdrət gözəllik qarşısında müti kölə deyilmi?! Gücdə zəriflik və zərafət yoxdur, gözəllikdə heybət. Onlar birlikdə tam və gerçək həqiqət. Hər birimiz bir günəşin bir zərrəsiyik.
Hüqo: O zaman, ey böyük üstad, nə edək ki, bölgü, bu kəsrət sona yetsin. Küllün zərrələri vahiddə birləşsin. Bitsin artıq bu sancı, bu ayrılıq, bu vüsal. Nə edək, ey böyük üstad?!
Füzuli: Əbədi xoşbəxtlik bir olmağı bacarmaqdadır ancaq. Bir olmaq üçün, birlik olmaq üçün, əbədi xoşbəxtliyə qovuşmaq üçün özündən keçəsən gərək. Əbədi xoşbəxtlik damla olmaqdan keçib, ümmanla bir bütün olmaqdır. Qığılcım olmaqdan keçib, nurunu oda bağışlamaqdır. Pərvanə cismi oda bəxş edəndə yalnız anlayacaq eşqin dəyərini.
ANA
“Ey kahraman türk kadını, sen yerde sü-
rüklenmeye deyil, omuzlar üzerinde gök-
lere yükselmeye layıksın. Dünyada her şey
kadının eseridir”.
M. K. Atatürk
Yollar uzundu önümdə. Bilmirəm, bəlkə, çatmayacaqdım ümidlərimin bağlandığı yerə. Amma iki sətir sözə güvəndim, inandım, çünki inanmağa möhtacdım. Çarəm yoxdu başqa. Mən kimi minlərcə qadın iki sətir sözə güvənib gedirdik bilinməyən bir əlamətin arxasınca. Bəlkə, sonumuz qiyamət olacaqdı. Bilirdik, bu çıxdığımız yolda hər şey gələ bilər başımıza. Çünki vətənin hər qarışında bir təhlükə vardı. Hər gün bir yer alışıb-yanırdı. Hər gün bir igidin ölüm xəbəri bu vətənin hər dağında, daşında yanxılanırdı. Hər kəs qorxu içində, – “Görəsən, bu gün kimdir ölən, kimdir bu gün gedər-gəlməz olan?”, – deyə gözləri ilə yol çəkirdi soyuq səngərlərə. Minlərcə gözəlin yol gözləyən gözlərində, baxışlarında min bir məna vardı. Dünyanın dərdini onların gözləri anladırdı. O qızın gözlərində nələr vardı, bir bilsən. Onun dolmuş gözlərində yanan, onu yandırıb-yaxan atəşi görsən, ürəyindəki susmayan səsi dinləsən, onun susqunluğundakı fəryad-fəqanı eşitsən, insanı sağır edən hayqırışlarını eşitsən, anlardın qaranlıq gecədən aydınlıq sabahın doğulacağını, amma bizi bizdən başqası eşitmədi. Bəlkə də, onların sonu, dəhəşəti, fəlakəti bu oldu.
Əzrail olub şəmşiri əlində bir millətin ölüm hökmünü verən düşmən duymazdı ki bizi. Gözlərimizə baxmazdı, baxa bilməzdi. Qorxudan dizləri titrəyərdi. Əlləri əsərdi. Bir növ sağır ilandı, nəfəsimizi kəsməyi gözləyirdi. O gün qərar verdik, artıq yetər, bu dağlarda, bu ovalarda ölümlər yanxılanmasın. Bir ümidlə çıxdıq bu yola.
Qar yağırdı, hər tərəf bəmbəyazdı. Qucağımda-qundaqda mərmi daşıyırdım. Mərmini köksümə övladım kimi sıxmışdım. Çünki mənin aydınlıq sabaha olan ümidimdi o mərmi. Əllərim donurdu soyuqdan. Çünki tək quru olan yun şalımı mərmiyə sarımışdım. Şaxtadan əllərim dondu, baxdım ki, əllərim çat-çat oldu. Artıq hiss etmirdim əllərimi. Kürəyimdə körpəm irəliləyirdim ümidim bağlandığı yerə. Qundaqdakı körpəm ağlamırdı daha. O da anlayırdı məni sanki, artıq çarə yoxdu. Çünki dayansam, ikimiz də donacaqdıq orda. O soyuqda, şaxtada addım-addım yaxınlaşırdım xəyalların çiçək açdığı aydınlıq sabahlara. Bu amansız soyuqda piyada çıxdım bu yola. Çünki mən bir anayam. Övladıma layiq olduğu gələcəyi qurmalıyam. Azadlığı, hürriyyəti övladıma miras qoymalıyam. Güvənib iki sətir sözə bir dastan yazdıq o illərdə.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)