“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Zöhrab Mehdinin şeirləri təqdim edilir.
ŞUŞAM, OYY
Səni yenidən görmək, ah,
Bir başqa aləm, bir başqa!
Bəlkə, ondandı bu gün, bax,
Göy başqa aləm, yer başqa!
Həsrət, vüsal bir arada,
Bir arada sevinclə qəm.
Olanlar üzməsin səni,
Qəm eləmə di, qəmin kəm!
Dilimdən heç düşmədin ki,
Çıxmadın ki heç huşumdan.
Nə sevdalar gəldi, getdi,
Tək sən getmədin başımdan!
Gözüm çıxsın, boynum sınsın,
Bir az gec gəldim, bağışla.
Sən də üzə vurma daha,
Nolar, keç, gəldim, – bağışla!
...Necə dözdüm səndən ayrı,
Yoxsa ürəyi daşam oyy?!
Bir də ayrılıq olmasın,
Bir də dözmərəm, Şuşam, oyy!
NECƏSƏN
Bu zirvə həminki, bu dağ həminki,
Bu sol həminkidi, bu sağ həminki,
Nə qədər istəsən di bax, həminki,
A güllü, çiçəkli yaylaq, necəsən?!
Bu qaya bizimdi, süxur bizimdi,
Bu arxac bizimdi, axur bizimdi,
Bu sürü bizimdi, naxır bizimdi,
A qaşda otlayan daylaq, necəsən?!
Bu daşa, kəsəyə əyil, həminki.
Bu lilpar həminki, çeyil həminki.
Maraq həminkidi, meyil həminki,
A yarpızlı dərə, çaylaq, necəsən?!
Bu diriliş bizim, bu OL bizimdi,
Tanrıya açılan bu qol bizimdi.
Bu çəhlim bizimdi, bu yol bizimdi,
A şehli yal-yamac, oylaq, necəsən?!
Bu binə həminki, dəyə həminki,
Millənir tüstüsü göyə, həminki.
Bu yurd həminkidi, yiyə həminki,
A oba, a mahal, oymaq necəsən?!
QUL OLDUQ
Varıq biz, dünən də vardıq,
Eş idik, həmdəmdik, yardıq,
Əridik – zirvədə qardıq –
Dərədə sel olduq, dostum!
Oxlanmış yurd göz dağımız,
Sinəmizdə köz dağımız,
Yandıq, çıxdı cızdağımız-
Kim deyər kül olduq, dostum?!
Necə zülümlərdən döndük,
Neçə bölümlərdən döndük.
Döndük, ölümlərdən döndük,
Silkindik, el olduq, dostum!
Meydan gördük, ərşad olduq,
Çox kəslərə irşad olduq,
Yeri gəldi, gürşad olduq,
Bozkırda yel olduq, dostum!
Baş qoymaqdan ötrü başa,
Baş sındırmadıq da boşa....
Nəfsimizə deyil, haşa,
Biz haqqa qul olduq, dostum!
VƏTƏN, AY VƏTƏN
Çiçəksən- üzülməz, dərilməzsən ki!
Dosta, yara peşkəş verilməzsən ki!
Elə bir sevdasan... sorulmazsan ki!
... Vətən, ay vətən!
Beşiksən, bələksən, kəfənsən, gorsan!
Könüldə atəşsən, ürəkdə qorsan!
Segahsan, Zabulsan, Şahnazsan, Şursan!
...Vətən, ay vətən!
Sən niyə bu qədər kiçilməzsən ki?!
Sən nədən bu qədər keçilməzsən ki?!
Ölçüyə gəlməzsən, ölçülməzsən ki!
... Vətən, ay vətən!
Dağım, dərəm, düzüm, aranım da sən!
İnancım, imanım, Quranım da sən!
Sənsiz mən bir heçəm, hər anımda sən!
... Vətən, ay vətən!
Hədəf "O", səmt doğru, yol uzun hələ!
...Qayım-qədim elin, ulusun belə!
Ay doğsun, qoy qurdun ulasın elə!
...Vətən, ay vətən!
AYRILIQ
Bu qədər ayrılıq olarmı, Allah?!
Bu, yer ayrılıqdı, o göy ayrılıq.
Nəyə toxunursan, hara baxırsan,
Hər şey ayrılıqdı, hər şey ayrılıq!
Dənizə baxırsan, dəniz ayrılıq,
Çölə boylanırsan, çöl ayrılıqdı.
Bu cığır ayrılıq, bu iz ayrılıq,
Ovcunda tutduğun əl ayrılıqdı!
Bu dağ ayrılıqdı, daş ayrılıqdı,
Bu ağac ayrılıq, quş ayrılıqdı.
Gün gündən ayrılır, il ildən, Allah,
Üst-üstə qalanan yaş ayrılıqdı!
Dost da ayrılıqdı, yar da ayrılıq,
Yox da ayrılıqdı, var da ayrılıq.
Ocaq ayrılıqdı, qor da ayrılıq,
Burda ayrılıqdı, orda ayrılıq!
...Bu qədər ayrılıq olarmı, Allah?!
Hər tərəf... arxa da, ön də – ayrılıq!
Nə illah etsəm də, yahu, nə illah,
Baxıram, büsbütün mən də ayrılıq!
ELƏ İSTƏYİRƏM
Elə istəyirəm – bir külək əsə,
Əsə şıltaq külək, kür külək əsə.
Diksinə, titrəyə yer, külək əsə,
Elə istəyirəm, elə – İlahi!
Elə istəyirəm – bir yağış yağa.
Yağa leysan kimi, gur yağış yağa.
Təpə gözlərinə yer, yağış yağa,
Elə istəyirəm, elə – İlahi!
Elə istəyirəm – bir günəş doğa.
Doğa üzümüzə nur, günəş doğa.
Gərnəşə, əsnəyə yer, günəş doğa,
Elə istəyirəm, elə – İlahi!
...Hələ ümidim var, hələ, İlahi!
Beləyəm mən də bax belə, İlahi!
Neyləyim, özümdən asılı deyil –
Elə istəyirəm, elə – İlahi!
UNUTMUŞAM
Bilirsənmi, səni necə unutmuşam?!
Unutmuşam, gözlərinin qarasına kimi.
Nəfəsinin istisinə, saçlarının qoxusuna,
qollarının arasına kimi.
Yanaqlarının qəmzəsinə kimi unutmuşam.
Dodaqlarının məzəsinə kimi unutmuşam.
Səni necə unutmuşam, bilirsənmi?!
Əllərinin qəbzəsinə kimi unutmuşam!
Bilirsənmi, səni necə unutmuşam?!
Unutmuşam, məhlənizin adamlarına kimi.
Ağaclarına, pişiklərinə, köşklərinə,
yumru-yumru damlarına kimi.
Ürkək-ürkək baxışına kimi unutmuşam.
Titrək-titrək yerişinə kimi unutmuşam.
Səni necə unutmuşam, bilirsənmi?!
Evinizin girişinə kimi unutmuşam.
Bilirsənmi, səni necə unutmuşam?!
Unutmuşam, dedim axı, dedim necə...
Di yan tökül – çartla, partla – nə bilim, eh...
Unutmuşam bax beləcə!
BİR DUA YAZIRAM
Hər gün bir dua yazıram göy üzünə –
Yazıram ki, günümüz aydın olsun.
Zəkamız iti, yolumuz açıq,
önümüz aydın olsun!
İzimiz itməsin, sözümüz bitməsin,
İşığımız, nurumuz azalmasın deyə...
Göy üzünə bir dua yazıram hər gün-
sıramız pozulmasın deyə!
Hər gün bir dua yazıram göy üzünə,
Yazıram ki, soyumuz kəsilməsin –
Kökümüz qurumasın, odumuz sönməsin –
çörəyimiz, suyumuz kəsilməsin!
Haylanaq, huylanaq o başdan,
Toy qurub toylanaq deyə –
Göy üzünə bir dua yazıram hər gün –
Boy verib boylanaq deyə!
Hər gün bir dua yazıram göy üzünə,
Yazıram ki, ulasın qurdumuz, oğul!
Qan-qada, dərd-bəla görməsin bir də –
görməsin – yurdumuz, oğul!
OLMAĞA
Kim kimə barmağın tuşladı, dostum?
Kim kimin bostanın daşladı, dostum?
Bax elə o gündən başladı, dostum,
...Yerin dar olmağa!
Lap Məşədə göndər, haca da... saxla.
İstər damda saxla... bacada saxla.
Hər an mənliyini ucada saxla
...Qoyma xar olmağa!
Görərsən – burnunun ucu göynəyər.
İçində bir nisgil, acı göynəyər.
Dərin bir yaranın öcü göynəyər
... Hayqırar car olmağa!
Can deyər yalandan çoxu, İlahi!
Sonra da fırladar "ox"u, İlahi!
Mənə səndən başqa axı, İlahi
... Kim var yar olmağa?!
Ah , bu ozan ömrü, bu dədə ömrü,
Asiyə, namərdə bu hədə ömrü.
Yetişər – götürüb eh – vədə, ömrü
...Gedərəm, var olmağa!
CANIM-GÖZÜM
Məni qalxan elə doğrularına,
Məni məlhəm elə sarğılarına,
Məni qurban elə ağrılarına –
Elə, canım-gözüm!
İstəsən, eh elə, dilinə qondur.
İstəsən, meh elə, telinə qondur.
İstəsən, şeh elə, gülünə qondur –
Elə, canım-gözüm!
Məni çəpər elə maraqlarına,
Məni sipər elə dayaqlarına,
Məni təpər elə ayaqlarına –
Elə, canım-gözüm!
İstəsən, qor elə gözündə məni,
İstəsən, nur elə üzündə məni,
İstəsən, hürr elə özündə məni –
Elə, canım-gözüm!
Lap əsir də elə, kölə də elə,
Lap çevir belədən-belə də, elə
Vaxt keçir – di dur də, elə də, elə –
Elə, canım-gözüm!
***
...Çəkilmiş çaxmaqdı bürkü-
Gecənin bağrından qopan güllə səsləridi
Cırcıramaların aramsız, yeknəsəq səsləri –
Nöqtə atışı kimi dəyir – yuxum hədəfə...
...Çevrildikcə bu üzümdən o üzümə –
Elə bilirəm dünya da çevrilir mənimlə –
Yellənir, yırğalanır – oxundan çıxacaq deyə –
Az qala ürəyim ağzıma gəlir – hər dəfə...
...Hələ bir yandan da o it,
Tənbəl-tənbəl yayqarasına hürən,
Nəfəsini boynumda, boğazımda hiss etdiyim,
Ağzının seliyi üzümə, gözümə bulaşan...
... Bu da azmış kimi, bir də
Hər vəchlə yaxamı qurtarmaq istədiyim
Lənətə gəlmiş bu yaramazlar, bu çirkinlər –
Qara, sərsəm fikirlər – başımda dolaşan...
...Vaxt da üzə durub elə bil,
Başını aşağı salıb günahkar adamlar kimi.
Qaranlıq çəkilir arasına – ağacların, kolların –
Çəkilir ki, az da... canımı sıxmasın...
...Yuxum cəhənnəmə, hazıram
Çıxıb pişvazına günəşi salamlamağa,
Açıb qollarımı bağrıma basmağa səhəri –
Yetər ki, başqa bir tərslik çıxmasın...
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)