“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair ABŞ-da mühacirətdə olan Məhəmmədrza Ləvayidir.
Məhəmmədrza Ləvayi
Çikaqo
QORXURAM
Qorxumdan tez-tez içirəm
Vətəni içib qusuram tez-tez qürbətdə
Şəhər keflənir
Ayaqqabılarımın ürəyi bulanır
Dörd yanım yaman boşalıb
Yoldaşlarımı öldürdülər
Və məzarlarını mənim şeirlərimdə qazdılar...
Yamandan yaman qorxuram
Hər külüng səsini eşitdiyimdə Fərhad oluram
Hər körpü gördüyümdə Domrul oluram
Adım səsləndiyində əllərimi qaldırıb təslim oluram
Polislər xalqımdan daha çox məni səslədilər...
Yatmaqdan qorxuram
Yatarsam səni sevməkdən qırıla bilərəm
Heç bir evdə rahat deyiləm
Hər bir ev bir iqtidar müxalifət savaşıdır
Pəncərələr ziyalı, divarlar diktator...
Yatarsam dağları itirə bilərəm, ceyranlığını itirə bilərəm
İkimiz də dağları yaxşı bilirik
Ovçuları atlamaq üçün
Çox ceyran olmalısan o dağlarda...
Nə yazıq ki, o dağların ətəyində
Toplum
Başını baltanın sinəsinə qoyub yatan meşə...
Qorxuram
Oturub-durduğumuz yerlərdən qorxuram
Cəhalət ilə cəsarəti ayırd edə bilmədiyimiz dönəmdəyik
Kəpənək qurbağanın dilini çiçək sanar...
“Ədəbiyyat və incəsənət”
(17.02.2025)