Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
“Deyilən söz yadigardır"- söyləyiblər. Poeziya oxucunu heç bir nəqliyyat növündən istifadə etmədən xatirə dolu səyahətə aparır, qəlbini var gücü ilə çırpındırır. Bu gün də bir şeirin yaranmasından- hekayətindən danışacağıq.
"Bir şeirin hekayəti" rubrikasının qonağı öz dili ilə desək, sadəcə Aysel Fikrətdir. Çünki o xanım titulları, dəbdəbəni sevmir, insanlıq onun üçün ən böyük dəyərdir.
-Aysel xanım, Sizi tanıdıqdan sonra yaradıcılığınızla bərabər qəlbinizin də gözəl olduğunun şahidi oldum. Bəzən söyləyirlər ki, yaradıcıların qəlbi " kirli " ola bilməz.
Bu gün izləyiciləriniz üçün hansı şeirin "hekayəti"- ni söyləyəcəksiniz?
-Salam olsun " Ədəbiyyat və İncəsənət" portalına və izləyicilərə, rubrikanıza dəvət üçün təşəkkür edirəm.
Hər şeir mənim üçün bir xatirədir.
Bəzi şeirlər var ki, onların tarixi, zamanı, məkanı yoxdur. Allah Pıçıltısı kimi özəldir.
Bəzi şeirlər var ki, şeir deyil, üsyandır; bəziləri isə Ahdır, bəziləri sevgidir. Ona görə də şeirlərimin xatirəsindən söz açmaq, onları konkret hadisələrə bölmək mənim üçün çox çətindir.
Bu gün təqdim edəcəyim şeir çox güman ki, hər kəsin xatirəsinə uyğun gəlir, təkcə mənim yox. Zaman kəsiyində əvvəl şad-xürrəm uşaqlıq illərimizi, sonra isə bir-bir bizə əziz, doğma insanlar arasında zökəm olduqda belə üzüldüyümüz doğmalarımızı itiririk. İnsan adının kökündə unutmaq sözü dayanıb. Çünki insan özü özünü aldada bilən bir canlıdır. Əks halda, itkilərin kədərindən yaşamaq mümkünsüz olardı.
Bu şeir nümunəsi köhnə evimizin önündən keçəndə yarandı. Başımı qaldırıb eyvanımıza baxdım. Sanki o eyvandan boylanan həyətə düşməyə icazəsi olmayan balaca qıvrımsaçlı özümü gördüm, gözəl, isti, mehriban, xeyirxah ata-anamı, gözlərində hər biri mənim qəhrəmanım olan qardaşlarımı, deyingən amma ürəyi həlim nənəmi gördüm. Onun gecələr oxuduğu ayrılıq bayatılarından ürəyimə daman tənhalığı yaşadım.
Və bu şeirlər yarandı.
1-
Hanı bu evin adamı
Hanı bu evin adamı,
Hərə bir yerə dağılıb.
Sınıq-salxaq xatirələr,
Kövrək ürəkdə dağ olub.
Atam ağ saçlı nağıldı,
Bibilərim baharlı gül.
Gəl indi bu gündən sonra,
İnsanlara bağlan, de, gül.
Xəyallarda üzür bu qız,
Üç qardaşın bir bacısı.
Hanı bu evin qapısı,
Hanı bu evin bacası?
Sütunları yedi fələk,
Göz yaşımı sel apardı.
İndi gözüm zəif görür,
Bəlkə - bəlkə yol tapardı.
Mənə düşüb dərdin yemi,
Dənlə-dənlə bitmir hələ.
Nə olardı bu qapıdan,
Hamı durub bir də gələ?
Hanı bu evin adamı,
Qapı susub, cığır susub,
Tək tənha qoca dünyanı,
Ha səslə, ha çağır, susub.
Dünya özü qoca evdi,
Köçən köçür, qalan qalır,
Bir oyunun qurbanıyıq,
Allah verir, torpaq alır.
Hanı bu evin adamı,
Hərə bir yerə dağılıb.
Sınıq-salxaq xatirələr,
Kövrək ürəkdə dağ olub.
2
Onda hamı evdəydi, Qapıları döyənlər,
Doğmalar idi.
Onda hələ yad adama rast gəlməmişdim.
Yaşım beş olardı, ya altı.
Qardaşımın məktəbdən mənə gətirdiyi
Şirin çörək idi həyat, yupyumru.
Onda hamı evdəydi,
Qapılarda açarlar soyumurdu,
Torpaq ağacın eviydi onda,
Çiçəklər solanda, buludlar hələ ağlayırdı.
Hətta sərçələr dən üçün qonduqları
Pəncərənin xoşbəxtini seçir.
Onda hamı evdəydi.
Onda hamı evdəydi.
Mən quşlara dən verirdim,
Anamın zümzüməsindən qaçıb,
Atamın çap maşını səsindən,
Qardaşlarımın futbol sevincini içimə çəkib,
Çəkilərdim tənha otağıma.
Məni Allah öyrədirdi ayrılığa…
İndi o tənhalığın içində bir hənirti də yoxdur.
Onda hamı evdəydi.
Onda hamı evdəydi!!!
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)