“Ədəbiyyat və incəsənət” portal şair, publicist Təranə Dəmirin sevilən şair Qulu Ağsəs poeziyası barədə yazdığı “Qulu Ağsəs,Tanrı və söz” yazısını təqdim edir.
Özümüzü dərk edəndən dünyanın varlığını düşünməyə başlayırıq. Mənimizlə dialoqa giririk. Dünya necə yaranıb, biz necə yaranmışıq, O məchul Yaradan hardadı? Bu suallarla böyüyürük, formalaşırıq. Bəzən alililəşirik, bəzən suallarımız cavabsız qalır, bəzən bir ipucu da olsa tapırıq. Lap iynənin ucu boyda.
Bəzən Tanrıya ilahi sevgini qorxuyla dəyişik salırıq, bəzən də qorxuyla sevgi qarışıq düşür. Bu qarmaqarışıq duyğular içərisində daxilimzdə gizlənən minlərlə sual cavabsız qalır. Yoruluruq, bəzən qırılırıq, sınırıq. Bəzən od püskürmək istədiyimiz məqamda susuruq, bəzən də əksinə, susmaq lazım olanda üsyana keçirik.
Əsas da ruhu göylərdə olan duyğuların sahibləri - şairlər özlərinə bu boyda dünyada yer tapmayanda, Yerlə Göyün arasında girinc qalanda, fikir dənizində boğulanda tutmağa bir saman çöpü gəzirlər və o vaxt yenə də Tanrı yetişir dadlarına. İkisi də yaradıcıdı. Tanrı dünyanın yaradıcısıdı, şairlərsə sözün. Hər ikisi yoxdan var edəndi. Bu yaxınlıqdı bəlkə onları Tanrıyla daha çox birləşdirən. Özü də qorxusuz, ürküsüz sevgiylə. Bəzən umduqları yerdən qopurlar, bəzən bir ovuc duada təzədən bitişirlər. Bəzən üsyan edirlər, bəzən ərklə, bəzən sərt, bəzən yumşaq, bəzən özləri kimi, bəzən şair kimi danışırlar Tanrılarıyla. Qaçdıqları məqam da olur, gizləndikləri dönəm də. Arxa çevirb getdikləri zaman da, təzədən dönüb qayıtdıqları vaxt da olur. Amma bütün anlamda səmimidirlər:
Qələt eləyərəm desəm
Hamı qələt eləyir...
Allah bizi xəlq eləyib,
Yoxsa lənət eləyib?
Bu, sual deyil əslində. Ən mükəmməl cavabdı anlayana.
Bu misraların yiyəsi Qulu Ağsəsin diliylə danışmaq istədim bu dəfə Tanrıyla. Niyə bu sətirlərdən başladım söhbətə? Çünki Vətən sevdası, vətəndaş narahatlığı, həm də sufi şair nigarançılığı, bir az da üsyanı var bu sətirlərdə. Ağrıların, acıların dincəldiyi bir ürəkdə həm də Ona arxalanmaq əminliyi var. Demək, dünya sahibsiz deyil. Kimsə idarə edir bu dünyanı. Bəs bu boyda bərabərsizlik hardandı? Buna cavab axtaran şairin tapındığı və sığındığı yer Tanrıdı.
Həmçinin dönüb-dönüb qayıtdığı yuva da...
...Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür adımızı öz jurnalına
Əcəl adqoydudan qabaq yazdırıb.
Şair hər şəraitdə çıxış yolunu Tanrıda tapır və onuncun Tanrı bir işıqdı. Ona görə də ölümü də, olumu da böyük ürəklə, sevgiylə qəbul etməyi bacarır. Heç vaxt ruhdan düşmür, ümidsizliyə qapılmır. Onunçün hər şey Tanrıda başlayır və Tanrıda da bitir. Adama elə gəlir ki, Qulu Ağsəs qədər Allahla danışan ikinci şair yoxdu. Halbuki Tanrıya, özünə can atan o qədər şair var ki. Bəlkə Qulu Ağsəsin dünyaya fərqli baxışıdı adamı bu qənaətə gətirən? Təkrarçılığı sevməyən və kimsəyə bənzəməmək istəyidi bizdə bu fikri formalaşdıran bəlkə də .
...Qulu Ağsəs elə şairdi ki, onun yaradıcılığında hansı mövzu istəsən tapmaq olar. Hər hansı bir təbiət hadisəsi, hiss, duyğu şeirləşə bilir Ağsəs qələmində. Sözdən kasadlıq çəkməyən şairin bircə ürəyinin sarı siminə toxunmaq kifayətdi ki, şeirləşsin. Ona bənzəməyə çalışan, anlamadıqları üçün bir qədər gen dayanmaq istəyən, yaxın gəldikcə sözünün odunda yanmaqdan qorxub qaçan o qədər insan var ki. Sözünün ətəyindən tutub dağ aşanlar da az deyil. Sufi fikirlərini təhlil edib son nəticəyə gələnlər də çoxdu. Əlbəttə hərə öz pəncərəsindən baxmağa çalışır şairin söz dünyasına. Bəzən onda gördüklərini, bəzən görmək istədiklərini qələmə alırlar. Mənsə tamam ayrı qapıdan girmək istədim Qulu Ağsəsin söz yuvasına. Tanrının qapısından.
Mənim aləmimdə onun bütün yazılarında İlahi Eşq var. Hansı mövzuda yazırsa yazsın, sonu gedib Tanrıya çıxır. Oxuduqca söz-söz paklanmaq, durulmaq istəyir adam. Nə qədər bacarırıq, bunu da Allah bilir.
Mənə görə şairin bu tərtəmiz eşqinin içindəki üsyan da, küskünlük də, qəzəb də , sevinc də mələk donundadı:
Radiodan çağırsam, Allah, eşidərmisən,
Çıxırsanmı gəzməyə efir sahillərində?
Çoxdandı küləklərin nəfəsini dərmisən,
Almısan gözlərinin odunu sellərin də..
Xeyirdimi, bəs mənə hər ixtiyar vermisən,
Bəlkə ta oturdasan bəndəni öz yerində..
Şair hər yerdə Tanrıyladı. Ən yaxın dostu da Odu, ən uzaq doğması da, ərk yeri, güvən yeri də Tanrısıdı. Bu misralarda da dopdolu şükranlıq var. Şair Allahın adamlıq lütfüyçün də borcludu ulu Yaradanına.
Həm də bu boyda səlahiyyətin altında qalma, günah qazanma qorxusu var Qulu Ağsəsin narahatlığında. Bu qarışıq duyğuların fövqündəsə Ulu Yaradanına suficisinə bağlılıq hissi dayanır. Ən böyük arzusu Onunla üz-üzə gəlməkdi, gözlərinin içinə baxıb "Kimsən, nəçisən, ay Allah?"deməkdi. Bəzən diksinirsən bu ifadədən. Axı Ona bu qədər yaxınlıq və əminlik hissi hardandı şairdə? Axı adam ən yaxın bildiyinə də çox vaxt ərk edib bu sualı verə bilmir. Şairsə dost kimi əlini sıxmağa hazırdı Tanrının. Bəlkə özünə, hisslərinə bu qədər əminliyindən irəli gəlir şairin Tanrıyla bu qədər yaxınlığının səbəbi? Tələsən, axtaran, düşünən, yorğun -yorğun Tanrını dördgözlə axtaran şairin Tanrıya ünvanlanacaq nə qədər sözü var bəlkə də. Tanrı bilir.
Günün necə keçir barı,
Can verib, can almağnan?
Səni nəynən bəndə salaq,
Tutaq hansı qarmaqnan?
Yenə ərk, yenə üsyan və yenə Ona qovuşmaq həsrəti, yenə də o sufi sevgisi:
Neynəsən, sevirəm səni,
Qulunam, gəl, min boynuma.
Bu şeiri də Sən yazmısan,
Babalı mənim boynuma.
Bundan böyük, ali etiraf ola bilərmi?
Şair çoxlarından fərqli olaraq Tanrısından qorxmur. Azaddı, üsyankardı, bəzən dəlidi, bəzən aşiqanə, amma qorxaq deyil. Şair qorxmadan, çəkinmədən Onunla danışa bilir .Küfr də edir hətta. Amma bütün bunların başında bəşəri sevgi dayanır. Şair Tanrıya qorxmadan yanaşır. Onun ürəyində Allah xofu yoxdu, böyük Allah sevdası var. Arxaca danışmır, düşündüyünü Onun üzünə deyir:
Yastıq qoyub başımıza
Əcəb yatırdın bizi.
Aç gözünü, qaranlığın
Qırıb batırdı bizi.
Dünyadakı bütün eybəcərliklərə, ədalətsizliklərə, haqsızlıqlara, qana, qadaya üsyan edən şair o müqəddəs bildiyini köməyə çağırır həmişə. Amma yenə də üsyankarcasına, özünə çəkilmədən, gizlənmədən, xoflanmadan. Uman yerdən küsə-küsə həm də. Dünyana sahib çıx deyə-deyə, varlığını isbat et, göstər hayqıra-hayqıra.
Şairin bütün yaradıcılığı sevgiylə yoğrulub. Bu sevginin varlığına görə də özünü daim Tanrısına borclu bilir:
Gedib tövbə eləməyə mənə yer ver, İlahi,
Elə yer ki, baxım görüm Sənsən hər yer ,İlahi-
deyən şair Tanrı qarşısındakı bütün günahlarını yumaqçun tərtəmiz yer axtarır. Paklanıb durulmaqçun, özünə dönməkçün, günahlarından arınmaqçun o müqəddəsin varlığına sığınmağa tələsir.
Bütün yükünü üstündən töküb tərtəmiz getmək istəyir axtardığı o işığa sarı:
Günahımı nəylə desən, razıyam, yuyum orda,
Əgər gücün çatsa ,məni özündən doyur orda.
Bundan böyük Eşq?
Ömür boyu dünyanın naz nemətlərinə gözucu da olsa baxmayan, çətinliyə boyun əyməyən şair özünü həmişə günahkar hiss edir Tanrı qarşısında. Şairçün hər günahıyla birgə bircə günahsız olan varsa da, o da Tanrıdı. Onun adı Allah da, İlahi də, Yaradan da, ola bilər. Şairçün təkcə O var. Bütün bakir hisslərinin səbəbkarı, sahibi Odu. Hamıdan məhrəm, hamıdan yaxın, hamıdan doğma. Üsyanı da, küfrü də, duası da, küsü də, barışı da bircə Ona -Yaradanınadı.Çünki O hifz edəndi, O bağışlayandı, O sevgi bəxş edəndi. O həyatdı. Şair həm də bu boyda çətinliklərin arasında Onun Tanrılıq yükünün ağırlığından narahatdı:
Düşündüm görən O neynir,
Hardan tapır dincliyi?
Gecə Ona, gündüz Ona,
Saat Ona işləyir...
Əslində Yer də, Göy də, bütün kainat da Onun dizinin üstədi. Üstəlik mən, sən, o, biz və hər kəs. Hamımızın özümüzdən böyük günah şələmiz var və bu boyda günahı daşımağasa bircə Onun gücü çatır. Demək hamıdan güclü Tanrıdı. Bu kimi onlarla nümunə gətirmək olar Qulu Ağsəs yaradıcılığından. Onsuz da hamısı gedib Allaha söykənir. Sözün yaxasından tutub silkələyən şairçün söz də Onun diktəsidi. O göndərən, şair yaradandı. Hər iki yaradan işığa can atır. İşıqsa həmişə var. Təki görə biləsən.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)