İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Saymon Filip Kouell (Simon Phillip Cowell) 7 oktyabr 1959-cu ildə İngiltərənin paytaxtı London şəhərində anadan olub. O, televiziya prodüseri, musiqi prodüseri, istedad şousu münsifi və sahibkar kimi tanınır. Və eynən türklərin Acin Ilıcalısına bənzədirəm onu. Onların bütün fəaliyyət sahələri üst-üstə düşür.
Uşaqlığı və ilk illəri
Saymon Kouell imkanlı ailədə böyüyüb. Atası Erik Kouell daşınmaz əmlak və musiqi sahəsində çalışırdı, anası Culi Brett isə keçmiş balerina idi. Kouell məktəb illərində təhsilə çox həvəsli olmayıb və 16 yaşında məktəbdən ayrılıb.
Onun musiqi sənayesindəki ilk işlərindən biri EMI şirkətində poçt şöbəsində çalışmaq olub. Daha sonra musiqi istedadlarının axtarışı və inkişafı ilə məşğul olan A&R sahəsinə keçib.
Musiqi sahəsində yüksəlişi
1980–1990-cı illərdə Kouell musiqi prodüseri, istedad axtaran mütəxəssis və səsyazma şirkəti rəhbəri kimi fəaliyyət göstərib. O, müxtəlif ifaçıların karyerasının inkişafında rol oynayıb.
Daha sonra Syco Entertainment şirkətini yaradaraq musiqi və televiziya layihələrini birləşdirən böyük əyləncə biznesi qurub. Şirkətin layihələri vasitəsilə One Direction, Little Mix, James Arthur, Leona Lewis, Susan Boyle və digər sənətçilər geniş auditoriyaya çatıb. Kouelli dünya şöhrətinə gətirən əsas sahə istedad yarışmaları olub.
Onun ən məşhur
layihələri:
Pop Idol — Pop İdol
American Idol — Amerika İdolu
The X Factor — X Faktor
Britain's Got Talent — Britaniyanın İstedadı Var
America's Got Talent — Amerikanın İstedadı Var
Kouell xüsusilə münsif kimi birbaşa, sərt və bəzən kəskin fikirləri ilə məşhurlaşıb. Onun müsabiqə iştirakçılarına verdiyi açıq tənqidlər televiziyada özünəməxsus üslub yaradıb. The X Factor 2004-cü ildə, Britain's Got Talent isə 2007-ci ildə ekranlara çıxıb. Bu formatlar sonradan dünyanın müxtəlif ölkələrində uyğunlaşdırılıb.
Kəşf etdiyi məşhur sənətçilər
Kouellin televiziya və musiqi fəaliyyəti nəticəsində tanınan sənətçilər arasında:
One Direction, Leona Lewis, Little Mix, James Arthur, Susan Boyle, Olly Murs, Alexandra Burke, Fifth Harmony və başqaları var.
Mükafatları
2010-cu ildə Kouell televiziyaya verdiyi töhfələrə və yeni istedadların üzə çıxarılmasındakı fəaliyyətinə görə BAFTA Special Award mükafatına layiq görülüb. BAFTA onun yaratdığı The X Factor və Britain's Got Talent layihələrinin beynəlxalq uğurunu da xüsusi qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(07.10.2026)


