İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Andrea Bocelli — dünyanın ən tanınmış tenorlarından biri, opera və pop musiqisini uğurla birləşdirən italyan müğənni və musiqiçidir. O, xüsusilə güclü, emosional və özünəməxsus tenor səsi ilə məşhurdur. Bocelli həm klassik opera repertuarında, həm də populyar musiqidə böyük uğurlar qazanıb. Bu gün onun doğum günüdür, 68 yaşı tamam olur.
Andrea Bocelli 22 sentyabr 1958-ci ildə İtaliyanın Toskana bölgəsində, Lajatico yaxınlığında anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərib. Altı yaşından piano öyrənməyə başlayıb, sonralar fleyta və saksofon da ifa etməyi öyrənib.
Bocelli doğuşdan görmə problemləri ilə üzləşib. 12 yaşında futbol zamanı aldığı zərbədən sonra görmə qabiliyyətini tamamilə itirib. Buna baxmayaraq, bu hadisə onun musiqi ilə məşğul olmasına mane olmayıb.
Maraqlı məqamlardan biri odur ki, Bocelli yalnız musiqi təhsili almayıb. O, Piza Universitetində hüquq oxuyub və universiteti bitirdikdən sonra bir müddət hüquq sahəsində çalışıb. Eyni zamanda musiqidən uzaqlaşmayıb və peşəkar müğənni olmaq üçün vokal dərsləri alıb. Onun müəllimləri arasında məşhur italyan tenor Franko Korelli də olub.
Bocellinin böyük səhnəyə çıxışı 1990-cı illərin əvvəllərinə təsadüf edir. 1994-cü ildə Sanremo Musiqi Festivalında “Il mare calmo della sera” mahnısı ilə qalib gəlməsi onun İtaliyada geniş tanınmasına səbəb olub. Bundan sonra həm pop, həm də opera karyerası sürətlə inkişaf edib.
Onun istedadının beynəlxalq səviyyədə tanınmasında “Con te partirò” mahnısı mühüm rol oynayıb. Mahnının “Time to Say Goodbye” adlı ingiliscə versiyası Sarah Brightman ilə duet şəklində böyük dünya uğuru qazanıb.
Opera və pop musiqisi
Andrea Bocellinin əsas xüsusiyyətlərindən biri opera ilə pop musiqisi arasında körpü yaratmasıdır. O, klassik opera əsərlərini səhnədə ifa etməklə yanaşı, müasir pop sənətçiləri ilə də çoxsaylı duetlər oxuyub. Onun repertuarında “Nessun Dorma”, “O Sole Mio”, “Con te partirò”, “Time to Say Goodbye” kimi məşhur əsərlər xüsusi yer tutur.
Bocelli karyerası ərzində Lorin Maazel, Seiji Ozawa, Zubin Mehta və Plasido Dominqo kimi böyük musiqi xadimləri ilə çalışıb. Bocelli milyonlarla albom sataraq dünyanın ən uğurlu klassik-pop ifaçılarından birinə çevrilib. Rəsmi bioqrafiyasına görə, onun albom satışları 90 milyondan çoxdur.
Məşhur albomları:
Romanza
Sogno
Sacred Arias
Andrea
Passione
Cinema
Sì
Believe
A Family Christmas
Andrea Bocelli karyerası ərzində müxtəlif janrlardan olan çoxsaylı sənətçilərlə duetlər ifa edib. Onun əməkdaşlıq etdiyi sənətçilər arasında Sarah Brightman, Céline Dion, Ed Sheeran, Ariana Grande, Jennifer Lopez, Nicole Scherzinger və başqaları var. Xüsusilə Ed Sheeran ilə səsləndirdiyi “Perfect Symphony” klassik və pop musiqisinin birləşməsinə yaxşı nümunədir.
Bocelli dünya miqyasında çoxsaylı mükafat və fəxri adlara layiq görülüb. 2010-cu ildə Hollivud Şöhrət Xiyabanında ulduzu yerləşdirilib. O, həmçinin İtaliya Respublikasının yüksək dövlət təltiflərindən birinə — Böyük Zabıtçı (Grand Officer) səviyyəsində “Order of Merit of the Italian Republic” mükafatına layiq görülüb.
2015-ci ildə Davosda Crystal Award mükafatını alıb. 2016-cı ildə isə Macerata Universiteti ona müasir filologiya üzrə fəxri doktor adı verib.
“Ədəbiyyat və incəsənət”
(22.09.2026)


