“Maraqlı söhbətlər”də Papaninin bağ evi Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Məşhur sovet Arktika kəşfiyyatçısı, şimal qütb sahəsinin pioneri və tədqiqatçısı sayılan, iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan İvan Papanin ölkədə çox məşhurlaşır. Bakıdakı Papanin məhləsi də onun adınadır.

 

O, müxtəlif mükafatlarla yanaşı, coğrafiya üzrə elmlər doktoru və eyni zamanda kontr-admiral rütbəsinə də layiq görülür. 1951-ci ildə isə İvan Dmitriyeviç Papanin SSRİ Elmlər Akademiyasının Dəniz Ekspedisiya İşləri Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Stalin Papaninə qarşı münasibəti çox yaxşı idi. Ona müxtəlif mükafatlar verməkdən də xəsislik etmirdi. Ona iki hektara yaxın torpaq sahəsi olan nəhəng dəbdəbəli bağ evi bağışlayır.

Qütb tədqiqatçısı bu bağı çox sevirdi və hətta orada böyük bir gölməçə qazdıraraq, içərisinə bir neçə qu quşu da buraxır. Gözəl təbiət mənzərəsi olan bu bağ evinə görə Papanin dostlarının və tanışlarının yanında həmişə öyünürdü.

Bir müddətdən sonra Papaninə Stalinin ona zəng etməsi xəbəri gəlir. Bunun ya yeni tapşırıq, ya da başqa bir mükafat olduğuna inanan qütb tədqiqatçısı dərhal rəhbərin yanına gəlir. Stalin əvvəlcə ondan iş barədə soruşur. Və sonra birdən Papaninə sual verir:

- Rəhbər tərəfindən bağışlanan bağ evi necədir, xoşunuza gəlirmi?

Papanin bu hədiyyəyə görə yoldaş Stalinə çox-çox minnətdar olduğunu, bu bağ evinin necə bəyəndiyini deməklə, rəhbərə dönə-dönə təşəkkürünü bildirir.

Stalin bir qədər susur və sonra hiyləgər təbəssümünü çətinliklə gizlədərək ondan soruşur:

- Əgər bağ evi bu qədər xoşuna gəlirdisə, niyə onu uşaq evinə hədiyyə etdin?

Karıxmış Papanin az qala kəkələyərək Stalindən bir daha cəsarət edib soruşur ki, hansı uşaq evinə və öz bağ evini nə vaxt bağışlayıb?

Stalin yenə bic-bic gülümsəyərək cavab verir:

- Əlbəttə, bu səhər. Sənədlər Poskrebışevdədir. Yeri gəlmişkən, bayıra çıxanda onlara imza atmağı unutmayın.

Papanin, əlbəttə ki, sənədi imzalayır.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.