Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bir dəfə Sokrat filosofların məclisinə dəvət olunur. Alimlər uzun-uzadı nitq söyləyərək, danışıq qabiliyyətlərini nümayiş etdirirlər. Bir qədər keçəndən sonra dostları Sokratdan xəbər alırlar:
-Danışanların hansı xoşuna gəldi?
-Aqafon.
-Axı, o məşhur qanmazdır, həm də heç ağzını açıb danışmadı.
-Bəs bilmirsiniz ki,axmağın sükutuna qulaq asmaqdan yaxşı bir şey yoxdur?
…Bir varlı ilə yol yoldaşı olan Sokrat yolda quldurların mühasirəsinə düşür. Varlı qorxu ilə deyir:
-Əgər onlar məni tanısalar, onda vay mənim halıma.
Sokrat isə cavabında deyir:
-Əksinə, əgər onlar məni tanımasalar, onda vay mənim halıma.
…Birisi Sokratın yeməli otlar yığdığını görür:
-Əgər sən şaha qulluq etsəydin, onda otlarla qidalanmazdın.
Sokrat cavabında deyir:
-Əgər sən də otlarla kifayətlənsəydin, onda sən kiməsə qulluq etmək məcburiyyətində qalmazdın.
…Zindan gözətçilərini ələ alıb Sokratı həbsdən qaçırmaq istəyən tələbələrinə alim belə cavab verir:
-Mən ömrüm boyu düzlüyü, ədaləti, qanunlara hörməti təbliğ etmişəm. Bəs indi məhkəmənin hökmünə tabe olmayıb qaçsam, hamı mənə sözü ilə əməli uyğun gəlməyən bir boşboğaz kimi baxmazmı?
“Ədəbiyyat və incəsənət”
(27.08.2026)


