Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Hansı dövlətlərin himnin sözləri yoxdur? Sual maraqlıdır deyilmi? Gəlin cavabına diqqət kəsək.
Dünyada dövlət himninin rəsmi sözləri olmayan cəmi 4 ölkə var: İspaniya, Bosniya və Herseqovina, Kosovo və San-Marino. Bu ölkələrin himnləri yalnız instrumental musiqidən ibarətdir.
İlk üç dövlətdə bu vəziyyətin yaranmasının əsas səbəbi etnik, linqvistik (dil) və siyasi parçalanmalardır. Çoxmillətli və ya daxili münaqişələr yaşamış ölkələrdə bütün tərəfləri məmnun edəcək və vahid milli kimliyi əks etdirəcək ortaq bir mətn tapmaq demək olar ki, qeyri-mümkündür. Siyasi liderlər yeni sözlərin ölkəni birləşdirmək əvəzinə, daha da parçalayacağından ehtiyat edirlər.
İstisna təşkil edən dövlət San-Marinodur. Bu ölkə digər üçündən fərqli olaraq etnik problem yaşamır. San-Marinonun himni 10-cu əsrə aid monastır xor musiqisinə əsaslanır və 1894-cü ildə rəsmi status alıb. İtalyan şair C. Karduççi tərəfindən qeyri-rəsmi sözlər yazılsa da, ölkə hökuməti heç vaxt hər hansı bir mətni rəsmi olaraq təsdiqləməyib və musiqinin sadəliyini qorumağa üstünlük verib.
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)


