Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1500 il əvvəl Antik Romada vergi korrupsiyasında ittiham olunan məmurların edamı tələb edilib.
Muğlanın Yatağan rayonundakı Stratonikeia Antik Şəhərində aşkar edilən bir daş kitabə təxminən 1500 il əvvəl Roma İmperiyasında baş vermiş vergi korrupsiyasını üzə çıxarıb. Yazıdan məlum olur ki, imperiya xəzinəsinə ödənilməli olan vergiləri bilərəkdən aşağı göstərərək aradakı fərqi mənimsəyən məmurların edam edilməsi tələb olunub.
M.S. V əsrin ikinci yarısına aid edilən yazıda Konstantinopoldakı imperiya xəzinəsinə göndərilməli olan vergilərin real məbləğdən aşağı göstərildiyi və bəzi məmurların yaranmış fərqi şəxsi mənfəətləri üçün mənimsədiyi barədə şikayətlər əks olunub.
Şikayətlərin getdikcə artmasından sonra dövrün valisi Flavius Illus Pusaeus Dionysius məsələni araşdırmaq üçün xüsusi nümayəndə təyin edib. Lakin aparılan araşdırma nəticəsiz qaldıqdan sonra məsələ daha sərt şəkildə gündəmə gətirilib.
M.S. 480-ci illər ətrafında yayımlandığı ehtimal edilən qərarda bildirilirdi ki, vergi korrupsiyasının qarşısı alınmasa, araşdırmaya rəhbərlik edən xüsusi nümayəndənin əmlakı müsadirə ediləcək. Bununla yanaşı, vergi korrupsiyında təqsirli bilinən şəxslərin edam olunması tələb edilirdi.
Varşava Universitetinin arxeoloqu Pavel Novakovski hesab edir ki, bu sərt münasibətin səbəbini yalnız dövlətin maddi itkiləri ilə izah etmək düzgün deyil.
Novakovskinin fikrincə, məsələ daha çox imperator hakimiyyətinə qarşı itaətsizlik kimi qəbul edilirdi. Vergilərin gizlədilməsi və imperiya xəzinəsinə çatmalı olan vəsaitin mənimsənilməsi dövlətə qarşı sadə maliyyə pozuntusu deyil, imperatorun iradəsinə qarşı çıxmaq kimi qiymətləndirilirdi.
Tədqiqatçı bunu belə izah edir: "Məsələ cinayətin maddi miqyasından daha çox imperatorun hakimiyyətinə meydan oxumaq məsələsi idi. Bu davranış müəyyən mənada üsyan və ya imperatorun nüfuzuna təhqir kimi qəbul edilirdi".
Roma İmperiyasında rəsmi qərarların, qanunların və dövlət əmrlərinin daşlara həkk edilməsi geniş yayılmış təcrübə idi. Bunun əsas məqsədlərindən biri dövlət hakimiyyətinin iradəsini ictimai məkanda görünən etmək və qəbul olunmuş qərarları daha geniş kütləyə çatdırmaq idi.
Stratonikeiada aşkar edilən bu yazı da yalnız qədim dövrdə baş vermiş bir vergi korrupsiyası sənədləşdirməsi baxımından əhəmiyyətli deyil. O, eyni zamanda Roma imperiya idarəçiliyinin vergi gəlirlərinə müdaxilə edən məmurlara qarşı nə qədər sərt mövqe tutduğunu göstərir.
Tədqiqatçıların fikrincə, yazının hazırlanaraq ictimai məkanda nümayiş etdirilməsi də təsadüfi olmayıb. Bu, valinin qərarının artıq icra olunduğunu göstərmək və digər məmurlar üçün ciddi xəbərdarlıq və çəkindirici mesaj yaratmaq məqsədi daşıya bilərdi.
Beləliklə, təxminən 1500 il əvvəl daş üzərində həkk edilmiş bu yazı bizə yalnız qədim Roma dövründəki vergi sistemindən və korrupsiya hallarından xəbər vermir. O, həm də dövlət xəzinəsinə qarşı törədilən əməllərin hakimiyyət tərəfindən necə qəbul edildiyini və dövlət məmurunun məsuliyyəti anlayışının nə qədər qədim tarixə malik olduğunu göstərir.
“Ədəbiyyat və incəsənət”
(19.08.2026)


