“Maraqlı söhbətlər”də bir gözü gülüb biri ağlayan Hüseyn Arif Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Xalq şairi Hüseyn Arif barədə danışacağam. Deyilənə görə, çox baməzə adam olub. Amma həm də çox dərdli adam imiş.

 

Məcid Rəşadətoğlu yazır ki, şair cavanlıq illərində ov etməyi çox sevərmiş. Ovçuluq onun gənclik dövrünün ən sevimli məşğuliyyəti, şairin ruhuna yaxın peşə imiş. Hüseyn Arif bu "sənətin" incəliklərinə dərindən bələd olar, atdığı güllələr isə çox nadir hallarda hədəfdən yayınarmış. Bəzən elə olurmuş ki, şairin gülləsinə boğaz olan, yanında südəmər balası olan heyvanlar da tuş gəlirmiş. Belə hallarda şairin anası Qəndab xanım onu ciddi şəkildə tənbeh edər, balalı heyvanlara toxunmamasını bərk-bərk tapşırarmış. Deyərmiş ki, Hüseyn, balası olan heyvana dəyməzlər, toxunmazlar: "Dilim-ağzım qurusun, heyvanın ahı səni tutar, Allah da səni balasız qoyar"

Gənclik illərindən ovçuluqla bərabər, sözə, şeirə, ədəbiyyata da dərin maraq göstərən şair ailə həyatı qurur və onun bir oğlu olur, adını Arif qoyurlar. İllər keçir, Hüseyn Arif yaşa dolur və artıq Azərbaycanın tanınmış şairləri sırasında yer alır. Xasiyyətcə deyib-gülən, zarafatcıl insan olan şairin həyatında, 50 yaşında ikən, elə bir hadisə baş verir ki, taleyinin çərxi-fələyi tərsinə dönür. Gözünün ağı-qarası olan oğlu Arif avtomobil qəzasında dünyasını dəyişir. Oğlunun ölümündən sonra şair "Arif" adını özünə təxəllüs götürür. Övlad itkisi Hüseyn Arifin ürəyinə elə bir qor basır ki, illər keçsə də bu dərdi unuda bilmir. Dostları ilə söhbətlərində tez-tez ov etdiyi illəri yada salır, anasının ona dediyi sözləri xatırlayır, oğlunun ölümündə dilsiz-ağızsız heyvanların ahını təqsirli bilir...

Bu hisslər şairin "Bir dağ kəli yaraladım zirvədə" adlı şeirində də öz əksini tapıb.

    

      Bir dağ kəli yaraladım zirvədə,

     Baş titrədi, ayaq əsdi, daş axdı,

     Bir canlını candan saldı bir zədə,

     İki gözdən iki damla yaş axdı.

    

     Düşünmədim, anadır, ya baladır,

     Ovçu atar ov bərədən keçəndə.

     Ala tula qanlı daşı yaladı,

     O sönürdü tikanlığın içində.

    

     Ağır-ağır dartıb bükdü dizini,

     Muncuqladı kirpiklərdə donan tər.

     İndən belə toz basacaq izini,

     İndən belə nə yürüş var, nə səfər.

    

     Birdən-birə elə çırpdı özünü,

     Sağ buynuzu qopub qaldı qayada.

     Ey Hüseyn, qısa elə sözünü,

     Bu qan səni tutasıydı, tutdu da...

 

"Bu qan səni tutasıydı, tutdu da..." Bəli, bu qan Hüseyn Hüseynzadəni "tutdu". Oğlu Arif 21 yaşında avtomobil qəzasında həlak oldu. Bundan iki il sonra Azərbaycan ədəbiyyatında qələmi qan ağlayan Hüseyn Arif "doğuldu":

  

    Arif gedən gündən Hüseyn adlı,

    Bir kədər şairi gəldi dünyaya.

 

Dərdini içində yaşayıb, ürəyini kağıza tökən şair "Oğluma" adlı şeirində özünə belə etiraf edirdi:

 

    Əzəl ovçuluğa saldım meylimi,

    Tikanı tapdayıb, budağı əydim.

    Aşırıb boynumdan qoşalüləni,

    Meşələr qoynunda özümə bəydim.

   

    Dolu da başlayıb, külək də əsib,

    Dovşan da atılıb, qurd da tələsib,

    Ağacda turacın üstünü kəsib,

    Qayada kəkliyin xətrinə dəydim.

   

    Azmı peşimanam öz əməlimdən,

    Əbəs ələnməyib saçlarıma dən?!

    Xəlvəti açılan bir gülləylə mən,

    Məğrur dağ kəlinin qəddini əydim.

   

    Sevinci yarıda verməzdim bada,

    Ağrını, acını salmazdım yada,

    Alagöz ceyranın bir dar məqamda,

    Ömrünü yarıda bitirməsəydim.

   

    Hüseyn Arifəm, közə dözərdim,

    Enişə, yoxuşa, düzə dözərdim,

    Səksənə, doxsana, yüzə dözərdim,

    Əllidə Arifi itirməsəydim...

   

Allah rəhmət eləsin şairə də, onun oğluna da! Həqiqətən də bəzən bir əməli törədib bir ömür onun peşmançılığını yaşayırıq. Ondansa da daim düşünülmüş addım ataq, necə deyərlər, quşun-böcəyin də, otun-çiçəyin də xətrinə dəyməyək.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.