İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Şuşadan çıxanməşhurları başda Xurşudbanu Natəvan, Üzeyir bəy Hacıbəyli, Bülbül olmaqla hər kəs tanıyır. Azərbaycan SSR xalq artisti Rafiq Hüseynovu da hər kəs tanıyır. Amma bəlkə çoxu bilmir ki o da şuşalıdır.
Bu gün onun anadan olmasının 80 illiyidir.
Azərbaycan Televiziyasının aparıcısı Rafiq Hüseynov 1946-cı ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb.
Atasını çox erkən yaşda itirib. Həmin vaxt Rafiqin 15, bacısının 17 yaşı varmış. Anası müharibə illərində hakim işləyib. Həyat yoldaşı dünyasını dəyişəndən sonra pedaqoji fəaliyyəti ilə çörək qazanıb övladlarını saxlayırmış. Rafiqi işləməyə qoymayıb ki, nə qədər sağam, siz oxuyacaqsınız. Rafiq Ceyhun Mirzəyevlə bir sinifdə oxuyub. Onu da Ceyhun Mirzəyevlə birgə “Ögey ana” filminə dəvət ediblərmiş, ancaq atası icazə vermədiyi üçün Rafiq filmdə iştirak etməyib.
Beşinci sinfə qədər əlaçı, sonra ortabab oxuyan Rafiq tar məktəbinə də gedib. Televizora ilk dəfə musiqi məktəbi şagirdlərinin konsertində tarzən kimi çıxıb. “Çahargah” çaldığı yerdə tarın sarı simi qırılıb. Bunu düşməzlik hesab edərək məktəbi qurtarandan sonra tarı atıb, anası kimi hüquqşünas olmaq istəyib. Xatirələrində yazır:
“Orda vəziyyətdən çıxdım, amma heç ağlıma da gəlməzdi ki, bu bir işarədir, sonradan ekran taleyimdə çox qırılacaqdı sarı simlər, dəfələrlə təkrar olunacaqdı”.
Bacısı Rəfiqə televiziyada işləyirmiş. Onun köməyi ilə Azərbaycan Televiziyasına gəlir. Yalandan televiziyaya vurğun olduğunu söyləyir. “Nə iş versəniz, işləyəcəm” deyir və onu işıqçı kimi işə götürürlər. İki il AzTV-də işıqçı kimi çalışır.
Diktorlar müsabiqəsi keçiriləndə proqram direktoru Tofiq Axundovun təklifi ilə o da müsabiqədə iştirak edir. Rus məktəbini bitirdiyindən Azərbaycan dilində səlis danışa bilmir, ona görə də özünə inamsız olur, müsabiqədən keçmir. İkinci müsabiqə bir il sonra olur. Bu dəfə uğur qazanır və sınaq müddətinə işə götürülür.
Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyur ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, “bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!”. Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir, deyir, bu oğlanın gələcəyi var.
Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır. Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışmağa nail olur.
2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülüb.
Filmoqrafiya
1. Şəki
2. Ölü zona
3. Fəryad
4. Ailə
5. Kədərimiz... Vüqarımız...
6. Nəsrulla Nəsrullayev
7. Narahat adam
8. Biz qayıdacağıq
9. Top həm düşər, həm qalxar
10. Gün keçdi
Ömrünün çox hissəsini televiziyaya həsr edən Rafiq müəllimin həyatında ağrılı günləri çox olub. Bir övladını vaxtsız və faciəvi şəkildə itirib, ailəsi dağılıb, sonra yenidən evlənib, yenidən ayrılıb, uzun illər çalışdığı AzTV-dən uzaqlaşdırılıb.
Rafiq Hüsüeynov 4 dəfə ailə qurub, özünün etirafına görə, hələ başqa xanımlarla da eşq macəraları yaşayıb… Haqqında səsləndirilən “arvadbaz” ifadəsinə gülümsəməklə cavab verən Rafiq Hüseynov müsahibələrinin birində deyib:
“Mənim sevgililərim çox olub. Onlardan bəziləri ömürlük yadımda qalacaq. Sirr olaraq qalacaq… Sevmişəm, aşiq olmuşam, burda nə var ki? Bu məhəbbətdir, hər kəsin başını gələ bilər və gəlir də. Sevgi tükənəndən sonra o, münasibətləri uzatmağa dəyməz. Mən heç bir qadının qəlbini qırmamışam. Xanımlara hörmətlə yanaşmışam. Anlaşıb ayrılmışıq… Mən boşanmaqla o qadınlara da şans verirdim ki, gələcəkdə öz həyatlarını qura bilsinlər. Hamısı ilə indi də dostam. Aramızda heç bir narazılıq da yoxdur”.
İşıqçı işlədiyi dövrdə diktor Roza Tağıyeva ilə tanış olub. Aralarında isti münasibət yaranıb və onlar ailə qurublar. Bir-birlərini sevib ailə qursalar da, övlad acısı yaşayıb ayrılıblar. 1984-cü ildə onların 18 yaşlı oğlu Rövşən amansızcasına qətlə yetirilib... Cinayətkar onu öldürməklə kifayətlənməyib, meyitini doğrayaraq çamadana yığıb.
Şayiələr çox idi: guya, uşağı Rafiq Hüseynovun oğulluğa götürdüyü adam qısqanclıqdan öldürüb, kimlərsə Roza Tağıyevanın əvvəlki evlilikdən olan oğlunu günahkar bilirdi... Amma məlum olan o idi ki, Azərbaycan Dövlət Universitetinin 18 yaşlı tələbəsini kimsə qisas zəminində öldürmüşdü. Amma nəyin, kimin qisası? Bu aşkar edilmədi. Faciə Rafiq Hüseynovla Roza xanımı birləşdirmədi, əksinə ayrıldılar. Hərə öz dərdini ayrılıqda çəkməyə üstünlük verdi.
Rafiq Hüseynov 4-cü evliliyi Səbinə adlı tələbəsi ilə olub. Səbinə xanım diksiya dərsi almaq üçün Rafiq Hüseynova müraciət edir. Aralarındakı müəllim-tələbə ünsiyyəti bir müddət sonra sevgiyə çevrilir.
Özündən 30 yaş cavan tələbəsinə aşiq olan müəllimindən evlilik təklifi alanda Səbinə xanımın ailəsi buna qarşı çıxıb. Amma ailəsinin, qohumlarının etirazlarına baxmayan Səbinə xanım özündən Rafiq Hüseynovla evliliyə razı olur. Tale 55 yaşı olanda Rafiq Hüseynova bir qız övladı nəsib edir.
2016-cı ildə diktorda ağciyər xərçəngi aşkar olunur. Müxtəlif ağır terapiyalardan keçib, müalicə alsa da, Rafiq Hüseynov 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişir.
2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilir.
3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunur.
Həyat yoldaşı onun ölümündən sonra müsahibələrinin birində əfsanəvi diktoru belə xatırlayır:
“Bir gün evə gəldi, məni otağa çağırdı və dedi ki, Səbinə, məndə xərçəng xəstəliyi var, mən öləcəm. Mən ona dedim ki, niyə ölürsən, indi gör neçənci əsrdir, səhiyyə inkişaf edib. Mən heç vaxt ona bədbin şeylər yükləmirdim, çalışırdım, ümidli olsun. Amma ürəyimdə bilirdim ki, vəziyyəti yaxşı deyil. Çox çətindir o günləri xatırlamaq. Son gününə qədər biz demək olar ki, vuruşurduq. Türkiyədən onu Bakıya gətirəndə pis olmuşdum. Özü mənə dedi ki, Səbinə, məni apar evə, Bakıya getmək istəyirəm. Bakıya gələndən sonra onun gözünə işıq gəldi, rahatlandı. Burda dostları, yaxınları yanına gəlib gedirdi. O, həmişə insanların arasında olub deyə, son günlərini də elə keçirmək istəyirdi”.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.08.2026)


