Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1965-ci ildə 19 yaşlı uelsli Brayan Robson Avstraliyada müqavilə ilə işləyirdi. Evi üçün çox darıxdığından və təyyarə bileti üçün pulu olmadığından, vətənə təyyarənin yük bölməsində getmək qərarına gəlir. Bunun üçün o, dostları ilə birlikdə içərisində bir az yemək, su, fənər, kiçik yastıq və özü də olmaqla təxminən 76 x 66 x 96 sm ölçülü taxta yeşik hazırlayır. Brayan dostlarındn xahiş edir ki, həmin yeşiyi Melburndan Londona hava yükü kimi göndərsinlər...
Bağlama hava yükü kimi qeydiyyata alınır. Uçuşun 36 saat çəkməsi planlaşdırılırdı, lakin marşrutun dəyişdirilməsi səbəbindən təyyarə ABŞ-a uçur və marşrut təxminən 92 saata qədər uzanır. Bunun da 22 saatını baqajlar – o cümlədən Brayanın bağlaması uçuş fasiləsində yerdəyişməyə məruz qaldıqlarından, Robson baş-ayaq olmaqla, yəni tərs vəziyyətdə keçirir. Ac-susuz qalmaq bir yana, ən dəhşətlisi bədənin qıc olmasıdır. Axıra yaxın gənc tamamilə taqətdən düşür, bədəni keyiyir, zarımağa başlayır...
ABŞ-ın Los-Anceles hava limanında baqaj daşıyıcıları şübhəli bir yeşikdən səs gəldiyini eşidib, polisə məlumat verirlər. Haldan düşmüş Robson təcili yardım işçiləri tərəfindən xilas edilir.
Hadisə geniş rezonans doğurduğundan, uelsli həbsdən yayına bilir. Bundan sonra Avstraliya hökuməti cəsarəti üçün Brayan Robsonun Londona rahat gedə bilməsi qeydinə qalır və ona sərnişin təyyarəsi üçün bilet pulunu ödəyir.
“Ədəbiyyat və incəsənət”
(28.07.2026)


