Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
19- cu əsrin 90-ci illərində Detroytun "Edison Elektrik Company" elektrik kompaniyasında Henri Ford adında bir mühəndis-mexanik işləyirdi. O, bu şirkətdə həftədə 11 dollar alırdı, iş günü isə 10 saat davam edirdi. Aydın məsələdir ki, dəbdəbəli həyatdan söhbət gedə bilməzdi. Üstəlik, öz arzusunu həyata keçirmək üçün işdən sonra o, gecə yarısına qədər anbarda çalışmalı olurdu.
Atası hesab edirdi ki,oğlu boş vaxtını itirir. Ona görə oğlunun məqsədinin reallaşdıra biləcəyinə dair heç bir ümidi yox idi. Qonşuları isə bu oğlanı dəli hesab edirdi. Amma ona bir nəfər daha çox inanırdı. Bu onun həyat yoldaşı idi...
Bu qadın həyat yoldaşını o qədər çox sevirdi ki, ərinin gecələr rahat işləyə bilməsi üçün soyuq anbarda bir neçə saat lampanı onun başı üzərində saxlayırdı. Dişləri soyuqdan bir-birinə dəysə də, əlləri titrəsə də, Fordun xanımı ondan ayrılmağı ağlından belə keçirmirdi. Çünki o, dərin sevgi bəslədiyi ərinə möhkəm inanırdı!
Və illər keçəndən sonra günlərin birində cütlüyün evindən böyük gurultu eşidilir. Qapı açılanda bütün qonşular "dəlinin" öz arvadı ilə birlikdə arabanı atlar olmadan idarə etdiyini görür. Beləliklə də uzun illərin zəhməti öz nəticəsini göstərir. 1893-cü ildə dünya nəqliyyat tarixində görünməmiş hadisə baş verir. Qeyd edək ki, Fordun yaratdığı ilk avtomobili saatda 32 km sürətlə hərəkət edirdi. 1896-cı ildə isə özünün ikinci avtomobilini yaradıb.
Henri Fordun uğuru bütün dünyaya yayılanda, o, artıq məşhur sənaye sahibi idi. Bütün jurnalistlər bu dahidən müsahibə almağa can atırdı. Ondan müsahibə alan jurnalistlərdən biri zarafatla: "Başqa həyatda kim olmaq istərdiniz?" sualını verir. Ford isə cavabında gülümsəyir və "Fərqi yoxdur, kim olum, təki həyat yoldaşım yanımda olsun!"-deyə cavabını verir.
“Ədəbiyyat və incəsənət”
(24.07.2026)


