“Maraqlı söhbətlər”də Çarlı Çaplin Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Çarli Çaplin ( 1889-1977) məşhur ABŞ və İngiltərə rejissoru, aktyoru, ssenaristi, komediyaçısıdır. Bu gün “Maraqlı söhbətlər”də onun başına gələn bir əhvalat öz dilindən təqdim ediləcək.

 

“Bir dəfə New-York metrosunda gedirdim. Evə gəldikdə cibimdən qızıl saat tapdım. Bu saatın cibimə necə düşdüyünə dair heç bir fikrim yox idi və onu mümkün olan ən tez zamanda polisə aparmağa qərar verdim.

Növbəti gün mənə bir məktub gətirdilər:

“Əziz cənab Çaplin! Sizə yazan professional cibgirdir. Dünən axşam metroda varlı bir şəxsdən qızıl saat oğurladım. Lakin sizi gördükdə sizə hədiyyə etmək qərarına gəldim və saatı sizin cibinizə qoydum”.

Bir il keçdi. Polis nə oğrunu, nə də saatın sahibini tapdı və buna görə də saatı mənə geri göndərdilər. Qəzetlər bu haqda yazmağa başladı və bir müddət keçdikdən sonra ikinci bir məktub aldım:

“Hörmətli cənab Çaplin! Bir il bundan əvvəl metroda gedirdim və bu zaman mənim saatımı oğurlamışdılar. Qəzetdə hər hansı bir cibgirin onu sizə hədiyyə etdiyini oxudum. Qoy mənim saatım sizdə qalsın, cənab Çaplin. Sizin cibgir pərəstişkarınızdan heç nə ilə geri qalmadığım üçün saata əlavə olaraq qızıl zəncir də göndərirəm”.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.