Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Kaliforniyadan olan 77 yaşlı keçmiş məktəb müəllimi Şeron Leyn, Kaliforniyadakı əmlakını və əşyalarını sataraq, daimi yaşayış üçün nəzərdə tutulmuş “Villa Vie Odyssey” kruiz gəmisində bir nəfərlik bir kabinə alır. Kabinə almaq ona 129 000 dollara başa gəlir. Aylıq ödənişlər isə təxminən 3000 dollar olur.
Aylıq ödənişə yeməklər (yemək və içkilər), Wi-Fi və əsas tibbi xidmətlər daxildir. Otaq xidməti günün 24 saatı mövcuddur və həftəlik təmizlik və iki həftəlik camaşırxana da pulsuzdur. Şeron etiraf edir ki, maliyyə çətinlikləri onu kruiz gəmisinə köçməyə vadar etmişdir. ABŞ-da yaşamaq xərcləri artdığından və aldığı təqaüd isə qayğısız yaşaması üçün kifayət etmədiyindən, bu addımı atmağa məcbur olmuşdur. Onun üçün bu, kruiz gəmisində yaşamaq, Kaliforniyada yaşamaqdan daha ucuz başa gəlirdi. Artıq yemək bişirmək, ev təmizləmək və ya paltar yumaq məcburiyyətində deyildi. Bütün bunlar aylıq ödənişə daxil idi. Kruiz gəmisi isə səmərəli alternativ olduğunu sübut etdi: burada yemək, təmizlik, tibbi xidmət və əyləncə də olmaqla, hamısı quruda ödəniş etməkdən daha ucuz və daha rahat başa gəlirdi. Hər səhər pəncərəsinin qarşısında yeni bir sahil xətti görünürdü və şam yeməyində isə o, yeni söhbət edəcəyi yoldaşları tapırdı. O, etiraf edir ki, ən çətin hiss gəmidən düşən sərnişinlərlə vidalaşmaqdır. O, burada ispan dilini öyrənir və gəminin idman zalına gedir.
Şeron düzgün seçim etdiyinə əmindir:
"Evdə televizorun qarşısında oturub havadan şikayət edə bilərdim. Amma bunun əvəzinə hər səhər okeana baxarkən qəhvə içirəm. Paltar yumaq, alış-veriş etmək və ya hesabları ödəmək məcburiyyətində deyiləm. Sadəcə olmaq istədiyim yerə gedirəm."
Qeyd edək ki, “Villa Vie Odyssey” layneri 2025-ci ilin may ayında ilk səyahətinə çıxmışdır. Tam bir dövr marşrutu 147 ölkə və 425 limanı əhatə etməklə 3,5 il çəkir. 15 il ərzində gəmi bir neçə dəfə dünyanı dövr edəcək və təkcə böyük şəhərlərə deyil, həm də planetin ucqar guşələrinə də gedəcək.
“Ədəbiyyat və incəsənət”
(10.07.2026)


