Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1992-ci ildə siyasi səbəblərə görə Yuqoslaviya millisi İsveçdə keçirilən Avropa çempionatından kənarlaşdırıldı.
Bu hadisə tipik bir "Qara qu quşu" (gözlənilməz dönüş nöqtəsi) idi və nəticədə turnirə vəsiqə qazana bilməyən, futbolçuları dünyanın müxtəlif kurortlarında istirahətdə olan Danimarka millisi son anda Yuqoslaviyanı əvəz etmək üçün dəvət edildi. Nağıla bənzər bir əhvalat elə beləcə başladı.
Əvvəlcə Danimarkada heç kim bu xəbərə inanmadı. Hamı bunun zarafat olduğunu düşündü. Hətta komandanın baş məşqçisi Riçard Möller-Nilsen də əvvəlcə buna inanmadı. Sonra məlum oldu ki, xəbər həqiqidir və futbolçuları dünyanın müxtəlif istirahət məkanlarından toplamaq lazım gəldi. Bu isə çox çətin idi, çünki oyunçular da bunun zarafat olduğunu düşünüb telefonları bağlayırdılar.
Məşqçi böyük çətinliklə futbolçuları milli komandanın düşərgəsinə toplaya bildi. Məsələn, Mixael Laudrup komandaya qoşulmadı. O, məşqçi ilə münaqişədə idi və istirahətini yarımçıq qoymaq istəmirdi. Üstəlik, hamı hesab edirdi ki, Danimarka turnirə sadəcə iştirak etmək üçün gedir.
Bunu Möller-Nilsen özü də anlayırdı. Buna görə futbolçularına dedi ki, narahat olmasınlar, cəmi üç oyundan sonra yenə istirahətlərinə qayıdacaqlar. Komandanın nə məşq planı vardı, nə rəqiblərin analizi, ümumiyyətlə heç nə yox idi. Fikir belə idi: meydana çıxaq, topa ilk toxunuşu edək, sonra vəziyyətə uyğun qərar verərik.
Çempionata əvvəlcə Kim Vilfort da qatılmaqdan imtina etmişdi. Səbəb isə dəhşətli idi: onun balaca qızı xərçəng xəstəxanasında ölüm ayağında idi. Məşqçi və komanda onun hansı ağır vəziyyətdə olduğunu başa düşürdülər və ona istədiyi bütün şəraiti yaratmağa hazır olduqlarını bildirdilər. Lakin Kim yenə də imtina etdi.
Bir müddət sonra qızının vəziyyəti bir qədər yaxşılaşdı. Həm qızı, həm də həyat yoldaşı Mina ondan xahiş etdilər ki, Avropa çempionatına getsin. Məşqçi ona icazə verdi ki, hər oyundan sonra dərhal Danimarkaya qayıtsın. İsveç yaxın olduğundan bunu etmək mümkün idi.
İlk oyunda Danimarka İngiltərə ilə heç-heçə etdi. İkinci oyunda İsveçə uduzdular. Həmin vaxt qızının vəziyyəti yenidən ağırlaşdı və fasilədə həyat yoldaşı ona təcili Kopenhagenə qayıtmasını xahiş etdi. Kim çamadanını yığdı, komanda yoldaşlarına onu gözləməməyi söylədi və turniri tərk etmək qərarına gəldi. Hamı bunu anlayışla qarşıladı.
Fransa ilə oyunu isə artıq xəstəxanada, qızının yanında izləyirdi. Danimarka hesabı açdı, Fransa bərabərlik qolunu vurdu və görünürdü ki, danimarkalılar turnirlə vidalaşacaqlar. Amma oyunun sonlarında Lars Elstrup qələbə qolunu vurdu.
Kim gördü ki, bütün xəstəxana sevinc qışqırıqları ilə doldu. Ömrünün son günlərini yaşayan insanlar, ağrılardan əziyyət çəkən xəstələr, saçlarını itirmiş, arıqlamış, taqətdən düşmüş insanlar sanki yenidən həyata qayıtmışdılar. O, palatalarda sevinc içində olan insanları və öz xoşbəxt qızını gördü. Onlar heç olmasa oyun müddətində xəstəliklərini, ağrılarını unutmuşdular. Kim tualetə girib hönkür-hönkür ağladı. Onun ürəyi həm sevincdən, həm də dərddən parçalanırdı.
Yarımfinalda Danimarkanı demək olar ki, məğlubedilməz Hollandiya gözləyirdi. Turnirin əsas favoriti idi. Heyətdə Marko van Basten, Frank Raykaard, Ronald Kuman, Rud Qullit, Dennis Berqkamp, Dani Blind, Frank de Bur, Hans van Breukelen kimi ulduzlar var idi.
Kim Vilfort xəstəxanada yaşadığı həmin anlardan sonra, qızının və digər xəstələrin xahişi ilə yenidən milli komandaya qayıtdı.
O bilirdi ki, Danimarka kimlər üçün oynayır. Bilirdi ki, vuracağı hər qol ölümcül xəstə insanların üzündə təbəssüm yaradacaq.
Əsas vaxt 2:2 başa çatdı.
Penaltilər başladı. Marko van Basten zəif zərbə vurdu və qaçırdı. Sonra növbə yorğun, arıqlamış, ağır psixoloji vəziyyətdə olan Kim Vilforta çatdı.
O, səmaya baxdı, sonra Kopenhagen istiqamətinə çevrildi və topu tora göndərdi. Gözlərində yaş vardı. Çünki bilirdi ki, həmin an qızı və xəstəxanadakı bütün insanlar ölüm qoxuyan palatalarda televizor qarşısında xoşbəxtdirlər və heç olmasa bir neçə dəqiqəlik bütün əzablarını unudublar.
Beləcə Danimarka Hans Kristian Andersen nağıllarını xatırladan bir möcüzə ilə finala yüksəldi.
Oyundan dərhal sonra Kim yenidən Danimarkaya qayıtdı. Qızının vəziyyəti daha da ağırlaşmışdı. Yeddi yaşlı Lin ölüm ayağında idi. Kim finalda oynamaqdan imtina etdi. Amma ailəsi və xəstəxanadakı digər xəstələr onu sözün əsl mənasında palatadan yola saldılar və dedilər ki, geri qayıtsın, onlar üçün Avropa Kubokunu qazansın. Eyni xahişi qızı da son gücünü toplayaraq etdi.
Finalda Danimarka Almaniya ilə qarşılaşdı. Danimarkalılar erkən qol vurdular. Daha sonra almanlar güclü təzyiq göstərdilər və bərabərlik qoluna çox yaxın oldular. Lakin oyunun bitməsinə 11 dəqiqə qalmış Kim Vilfort həyatının ən vacib qolunu vurdu və bütün bir xalqın arzusunu gerçəkləşdirdi.
Ancaq həmin an onun fikri yalnız xəstəxanadakı insanlarda idi. Ağrı və ümidsizlik içində yaşayan insanların həmin dəqiqələrdə qələbəni qeyd etdiklərini düşünürdü. O anlayırdı ki, futbol və qələbə onları qısa müddət də olsa öz əzablarından uzaqlaşdırır.
Təkcə Kim deyil, bütün Danimarka millisi bunu onlar üçün, ölüm ayağında olan Lin üçün və onun kimi bütün uşaqlar üçün etmişdi.
Kim Vilfortun Almaniyaya vurduğu həmin qol bu gün də futbol tarixinin ən emosional və faciəli qollarından biri hesab olunur.
1992-ci ilin həmin yayı Danimarka millisinin nağılı futbol tarixinin "qızıl fonduna" daxil oldu.
Lin Vilfort finaldan bir neçə gün sonra vəfat etdi. Həyatının son saatlarında o dedi ki, atası ilə fəxr edir. Onun arzusu gerçəkləşmişdi: Danimarka Avropa çempionu olmuş, atası isə bu imtahandan güclü çıxmışdı. O, ölməzdən əvvəl Danimarka millisinin həmin yay nağılını görmək istəyirdi və gördü. Bu nağıl onun və onun kimi uşaqlar üçün yazılmışdı. Həmin yay onlar xoşbəxt idilər.
Avropa çempionatından bir il sonra Kim və Mina Vilfortun Rikke adlı daha bir qız övladı dünyaya gəldi.
“Ədəbiyyat və incəsənət”
(06.07.2026)


