“Maraqlı söhbətlər”də cavanla qocanın hekayəti Featured

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Qatarda yaşlı bir kişi ilə cavan bir oğlan bir kupedə yol gedirmiş. Bir qədər gedəndən sonra acırlar. Cavan oğlan evdən gətirdiyi qızardılmış ət tikələrini və kotleti, yaşlı kişi isə adi qurudulmuş kilkəni stol üzərinə qoyaraq iştahla yeməyə başlayırlar.

Cavan oğlan kilkəyə baxaraq istehza ilə soruşur:

-Əmi can, onda yeməli bir şey varmı ki, belə iştahla yeyirsən?

-Oğlum- deyə yaşlı adam deyir- Kilkə olmağına baxma, onun insana faydası çoxdur. Bədənə güc və enerji verir, zehni yorğunluğu aradan qaldırır, qocalmanın qarşısını alır, immuniteti gücləndirir, görmə qabiliyyətini yaxşılaşdırır, tərkibindəki dəmir sayəsində qan əmələ gətirir. Bax oğlum, onların sümüklərində yüksək miqdarda kalsium və fosfor mövcuddur. Bunlar isə sümüklərin möhkəmlənməsində çox vacibdir. Bu səbəbdən də həkimlər xırda balıqları sümükləri ilə birlikdə yeməyi məsləhət görürlər.

-Doğurdan?- deyə eşitdiyi cavabdan gözləri bərələ qalmış cavan soruşur.

- Əlbətdə-deyə yaşlı adam davam edir- Yaddaşı və zehni gücləndirmək, beyni inkişaf etdirmək üçün indki zamanda siz cavanlara kilkə daha çox lazımdır.

Bir qədər keçir. Cavan oğlan deyir:

-Əmi can, olar yeməyimizi dəyişək?

-Niyə olmur ki? Dəyişək.

Beləliklə yeməklərini dəyişdirirlər. Yaşlı adam cavanın gətirdiyi ət yeməyini, cavan isə yaşlı adamın gətirdiyi quru kilkəni yeməyə başlayır.

Bir qədər keçmiş cavan yenidən soruşur:

-Əmi can, mən bir şeyi başa düşmürəm. Bəs nə üçün bazarda kilkənin kilosu 3 manat, ətin kilosu isə 18 manatdır?

-Bax, bax görürsən-deyə yaşlı adam dillənir - cəmi 2-3 tikə yemisən, artıq beynin başladı işləməyə.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.