Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri. Poeziya ruha qidadır.Ruhun pıçıltılarıdır. "Sevdiyin şeiri gəl mənə söylə" rubrikamızın qonaqları bu pıçıltıları bizimlə bölüşür, bizə əmanət edir.
Bu gün də öz ruhunun pıçıltılarını bizimlə bölüşən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, şair Tural Adışirinə "Sevdiyin şeiri gəl mənə söylə" deyirik.
-Salam, hörmətli Ülviyyə xanım!
Məni də bu gözəl rubrikaya dəvət etdiyiniz üçün sizə böyük təşəkkür edirəm. Mənim sevdiyim şeir unudulmaz Xalq şairimiz Musa Yaqubun “Öyrətmə özünə, öyrətmə məni” şeiridir.
Deyərdim ki, həyat bəzən bizi heç gözləmədiyimiz anlarda, heç təsəvvür etmədiyimiz insanlarla qarşılaşdırır. Elə bir qarşılaşma ki, o vaxta qədər dolanmadığın cığırlar, tanımadığın simalar birdən-birə ömrünün mərkəzinə çevrilir. Xalq şairi Musa Yaqubun "Öyrətmə özünə, öyrətmə məni" şeiri məhz bu qəfil doğan "şirinliyin" arxasınca gələ biləcək o böyük ayrılıq qorxusunun, insan qəlbindəki fəryadın poetik ifadəsidir.
Bu şeirə sadəcə bir sevgi etirafı kimi yanaşmıram, bu, sevginin gətirəcəyi ayrılıq ağrısını öncədən hiss edən, lakin duyğularına da sahib çıxa bilməyən kövrək bir aşiqin daxili monoloqu kimi baxıram.
Şeirin əsas qayəsi "öyrəşmək" məfhumu üzərində qurulub. Şair bizə göstərir ki, sevmək asandır, alışmaq tez baş verir, lakin "sönmək", o sevgidən dönmək müşkül məsələdir. Əllərin, gözlərin, üzlərin bir-birinə öyrəşməsi sonradan böyük bir boşluq və "hicran qoxulu" göynərtilər vəd edir. Şair sanki taleyə və qarşısındakına yalvarır: "Əgər bu yolun sonu qırılacaqsa, məni bu fəlakətə sürükləmə."
"Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni."
Şeirin son misralarında lirik qəhrəmanın qəlbindəki keçmiş "sınıqlar" və "hicranın köz basmış yanıqları" boylanır. Bu, onun ilk dəfə incimədiyini, dərdlərinin onu harada olsa tapacağını bilən təcrübəli, lakin hələ də sevgiyə ümid edən yaralı qəlbinin səsidir.
Bu şeiri rubrika üçün seçməyimin səbəbi onun hər birimizin həyatında ən azı bir dəfə yaşadığı o tərəddüd anını – sevməklə itirmək qorxusu arasındakı o incə xətti mükəmməl şəkildə təsvir etməsidir. Musa Yaqub şeirdə sözlərlə rəsm çəkir; elə bir rəsm ki, orada həm bahar təravəti var, həm də payızın ayrılıq xəzanı. Bu misralar oxucunu öz hissləri ilə üz-üzə qoyur, keçmişi və bu günü eyni anda yaşadır.
Son olaraq qeyd edim ki, şeirdə "Mənim dərdlərimin ayaqları var" misrası məni hədsiz sirkəliyir. Bu misranı Azərbaycan poeziyasının ən orijinal və vizual cəhətdən ən güclü metaforalarından biri hesab edirəm. Musa Yaqub demək istəyir ki, hara qaçırsansa qaç, keçmişin travmaları və gələcəyin ayrılıq ağrısı addım-addım gəlib səni tapacaq. Qaçılmazlığın ən ağrılı vizual fəryadıdır bu misra.
Musa Yaqub
ÖYRƏTMƏ ÖZÜNƏ, ÖYRƏTMƏ MƏNİ
Taleyin qisməti rast saldı bizi…
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa.
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa
Sən allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni...
Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə;
Üzümü üzünə öyrətmə belə...
Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam,
Amma ki, sönməyim çox çətin olur –
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə, öyrətmə məni;
Yox buna təqatim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var -
Mənim dərdlərimin ayaqları var -
Harda olsa gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…
“Ədəbiyyat və incəsənət”
(29.06.2026)


