Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Maraqlı söhbətlərimiz bəzən də bax bu cür, sevindirici, əyləndirici deyil, kədərləndirici olur.
“Kamera qarşısında ölən qız” – bu dəfə manşetdə gördüyünüz bu fotodan və onun qəhrəmanı olan qızcığazın faciəsindən danışacağam.
Bu foto 1985-ci ildə Kolumbiyanın Armero şəhərində çəkilib. Fotomüxbir Frank Furnye tərəfindən çəkildikdən sonra bu foto beynəlxalq mediada yer alaraq, bütün dünyaya yayıldı və 23 000-dən çox insanın ölümünə səbəb olan faciənin simvoluna çevrildi.
1985-ci il noyabrın 13-də Kolumbiyada Nevado-del-Ruis vulkanının püskürməsi nəticəsində yaranan sel suları Armero şəhərinin sakinlərinin əksəriyyəti də daxil olmaqla 23 000-dən çox insanın ölümüylə nəticələnir. Vulkan püskürməsi buz örtüyünün əriməsinə səbəb olur ki, bu da güclü sel yaradır. Nəticədə Armero şəhəri xəritədən demək olar ki, tamamilə silinir. Şəhərdə olan bir neçə min evdən yalnız bir neçəsi salamat qala bilir.
Dəhşətli mənzərə yaranmışdı: yıxılmış ağaclar və insan cəsədləri sözün əsl mənasında dərinliyi bəzi yerlərdə 4,5 metrə çatan palçığa batmışdı. Amma bütün bu xaos və dəhşətli mənzərələrin hamısı, demək olar ki, boynuna qədər çirkli suda batmış Omayra Sançes adlı 13 yaşlı qızın qarşısında kölgədə qalır.
Fəlakət gecəsi Omayra Sançes və ailəsi yaxınlaşan sel səsinə oyanırlar. Palçıqlı sel bir anda onların yaşadığı evi dağıntılar altında qoyur. Bu zaman Omayra da öz evinin dağıntıları altında qalır. Qızın bədəninin yuxarı hissəsi suyun üst hissəsində qalsa da, lakin ayaqları müxtəlif əşyaların altında imiş. Xilasedicilər onu azad etməyə çalışsalar da, lakin bu heç bir nəticə verməyir. Qızın ayaqları kərpiclər, qapı qalıqları və son anda xilas olmağa çalışaraq, ondan bərk yapışan xalasının ölmüş cəsədi ilə möhkəm tutulmuşdu. Belə bir vəziyyətdə qızı çəkib çıxartmaq ağır xəsarətlərə səbəb ola bilərdi. Belə çirkablı palçıqlı suda isə onun ayaqlarını amputasiya etmək isə olmazdı və həm də ki, lazımi avadanlıqlar yox idi. Suyu çıxarmaq üçün güclü nasos və dağıntıları təmizləmək üçün isə kran tələb olunurdu. Amma gətirilən nasos nasaz olur, kran isə tapılmır. Xilasedicilər Omayranın suyun üzündə qalmasına kömək üçün içi hava ilə doldurulmuş yalnız bir rezin kamera verə bilirlər.
Qızın həyatı uğrunda mübarizə 60 (!) saat davam edir və bu müddət ərzində o, möhkəm qalaraq, ruhdan düşmür: jurnalistlərə mahnı oxuyur, müsahibələr verir və xilasedicilərin yorğun olduğunu görərək onlara: "Gedin dincəlin, mən dözərəm” söyləyir. Omayra 3 gecə suda qalır və dördüncü gün hələ də xilasetməni gözləyərək həyatını itirir.
Omayranın həyatının son günündə şəhərə gələn fotojurnalist Frank Furnye onun bir neçə fotoşəklini çəkməyi bacarır və onlardan biri sonradan ona “World Press Photo” mükafatını qazandırır.
"Bu fotonu çəkəndə özümü tamamilə sarsılmış hiss etdim. Cəsarət və ləyaqətlə sadəcə ölümünü gözləyən bu kiçik qızın qarşısında dayanarkən heç nə edə bilmədim. O, həyatının sona çatdığını hiss edirdi. Mən şəkli çəkərkən Omayra artıq huşunu itirirdi. O sayaqlayırdı, məndən məktəbə gecikəcəyindən qorxduğu üçün onu məktəbə aparmağını istədi."
Omayra Sançes öldüyü yerdə də dəfn olunur...
“Ədəbiyyat və incəsənət”
(29.06.2026)


