“Maraqlı söhbətlər”də boykotun açması Featured

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Boykot - Bu termin XIX əsrdə yaşamış ingilis Çarlz Boykottun (1832-1897) adıyla bağlıdır. İngiltərə ordusunun istefada olan kapitanı Boykott dolanışıq dalınca baş vurduğu Britaniya müstəmləkəsi İrlandiyada idarəçi mülkədar kimi çalışırmış. Çox tələbkar olan Boykottun elə başına da bu sarıdan iş gəlir.

 

1880-ci ildə İrlandiyada torpaq islahatları aparmağa çağıran hərəkatın lideri Parnell Boykottun əlinin altında işləyən kəndliləri maaşlarının artırmağı tələb etməyə çağırır. Ancaq Boykott nəinki maaşları artırmır, hətta dilini dinc qoymayan kəndliləri işdən qovur. Konflikt də bundan sonra başlanır: barışmaz irland siyasətçisi Parnellin çağırışları nəticəsində ingilis mülkədar bir də onda ayılır ki, heç kəs əlini ağdan-qaraya vurmaq istəmir. Məcbur olub əkin-biçin sahələrinə ailəsi ilə çıxan Boykottun canı bununla qurtarmır: dükan-bazarda ona mal satmırlar, poçtalyon onun ailəsinə məktub gətirmir, qonşular salamını almır.

Bir neçə il müqavimət göstərən, müflisləşib İrlandiyanı tərk edən Boykottun başına gələnə "boykot" adı verməksə yerli ruhaninin ağlına gəlir. Bu söz Avropada müxtəlif dillərə keçə-keçə o çağlaracan işlək olan yunan termini "ostrakizm"i əvəzləyir.

Ancaq boykotun tarixi daha qədimdir. Məsələn, hələ bu termin yaranmazdan xeyli əvvəl – 1767-ci ildə Şimali Amerikada çay və bir neçə başqa mala xüsusi rüsum tətbiq edildiyindən Britaniya mallarını almaqdan kütləvi şəkildə imtina olunmuşdu. Boykot nəticə vermişdi – Britaniya ticarəti axsamağa başlamış və ədalətsiz rüsumlar ləğv edilmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.