"Sevdiyin şeiri gəl mənə söylə” - İlahə Səfərzadə Günay Miridən Featured

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

 

Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.

"Sevdiyin şeiri gəl mənə söylə " rubrikası ilə görüşünüzə gəlmişik.

Bəli, əziz izləyicilərimiz, dünyanın səs-küyündən qaçıb misralara sığınmışıq.

Bu dəfə də sevimli qonağımızın seçimi ilə bir şeirin misralarında duyğu dənizində qəvvas olacağıq.

 

Beləliklə, qonağımız yazar, Ədəbiyyatşünas, BDU-nun Azərbaycan Ədəbiyyatı tarixi kafedrasının doktorantı İlahə xanım Səfərzadədir.

 

-Xoş gördük, əziz İlahə xanım. Söhbəti uzatmadan "Sevdiyin şeiri gəl mənə söylə" - deyirik.

 

-Salam, əziz Ülviyyə xanım! Əvvəlcə məni də bu gözəl rubrikaya dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm.

     Həmişə düşünmüşəm ki, yaxşı şeir oxucunu sükutla yaxalayır. Hərdən insanın içində illərlə ifadə edə bilmədiyi hiss olur və hansısa misra gəlib həmin hissə ad qoyur. Mənə görə poeziyanın gücü də elə bundadır.

     Son illərdə gənc qələm sahiblərinin yaradıcılığını maraqla izləyirəm. Sevindirici haldır ki, onların arasında sözə mənəvi məsuliyyət kimi yanaşan müəlliflər var. Gənc şair Günay Mirinin "İlahi" şeiri ilə tanış olanda məni ən çox təsirləndirən məhz bu oldu.

     Bu şeirdə qadın susmağın ağırlığını daşıyan, bu ağrını içində saxlayan, sevginin və ədalətsizliyin sərhədində dayanan insan taleyidir. Şeirin diqqətimi çəkən başqa bir xüsusiyyəti isə mifoloji obrazlardan istifadə etməsinə baxmayaraq, müasir insanın hisslərini ifadə etməsidir. Penelopa, Medeya, Afrodita kimi adlar qadın taleyinin müxtəlif qatlarını göstərən simvollara çevrilirlər. Xüsusilə "ən ağır miflər Olimpdə yox, bir qadının susduğu gecələrdə yazılır" misrası mənə görə şeirin əsas yükünü daşıyır. Çünki bəzən insanın yaşadığı ən böyük faciələr tarix kitablarına düşmür, haqqında dastanlar yaranmır, sadəcə onun içində səssizcə yaşayır.

     Mən ədəbiyyatşünas kimi deyil, bir oxucu və yazı adamı kimi deyə bilərəm ki, bu şeir məndə uzun müddət davam edən bir təəssürat yaratdı. Yaxşı şeir də elə budur. Oxunub bitdikdən sonra da insanın içində yaşamağa davam edir.

Oxuculara Günay Mirinin "İlahi" şeirini təqdim edirəm.

 

GÜNAY MİRİ

“İlahi”

 

Mən ona görə susdum —

dənizlər qopmasın deyə

bir qadının içində.

 

Penelopanın barmaqlarından

gecə-gündüz axan ipək kimi

uzandı gözləmək…

və hər səhər

yenidən söküldü ümid.

 

O isə

öz kölgəsini hökm sandı,

Zevsin ildırımlarından

ədalət düzəltdi özünə.

 

Mən susduqca

divarlar böyüdü aramızda,

Troya daş-daş yox,

səssizcə

ürəyimdə yandı.

 

İlahi,

mən Medeya olmadım.

Od verdim içimə,

dünya bilmədi.

 

Çünki qadın

ən çox sevdiyi adamın əlində

yaralanır bəzən

və yenə də

dua kimi saxlayır adını.

 

Afrodita

eşqi insanlara verəndə

bəlkə unutmuşdu —

bəzi sevgilər

tanrıların lənətinə bənzəyər.

 

Bir tərəfdə sevən,

bir tərəfdə haqlı çıxmağa çalışan biri…

və ortada

səssizcə ölən

bir bahar.

 

İlahi,

indi sən danış —

mənim susduğum yerdən.

 

De ki,

ədalət olmayan sevgidə

ürək əvvəl üşüyər,

sonra daş olar.

 

Və de ki —

ən ağır miflər

Olimpdə yox,

bir qadının

susduğu gecələrdə yazılır…

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.