“Bir direktor, bir şagird” layihəsində Yaqut Məmmədova və Nilufər Əlizadə Featured

 

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda 26 nömrəli tam orta məktəbdir.

 

DİREKTOR:

Yaqut Paşa qızı Məmmədova 04.02.1963-cü il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. 1981-1986-cı illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Bədii qrafika” fakültəsini fərqlənmə ilə bitirmişdir. 1991-1992-ci ildə fizika fənni üzrə Müəllimlərin Təkmilləşdirmə İnstitutunda illik kurs bitirmişdir.

1988-ci ildə Xəzər rayonu 125 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim fəaliyyətinə başlamışdır. Qısa zamanda həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.

1996-2006-cı illərdə Xəzər rayon Təhsil şöbəsində inspektor vəzifəsində fəaliyyət göstərmişdir.

2006-2019-cu illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsində dövlət qulluqçusu, Ümumi  təhsil sektorunda məsləhətçi vəzifəsində çalışmışdır.

BŞTİ-də çalışdığı müddətdə idarəetmə səriştəsi və bacarığı yüksək olduğuna görə  məktəblərdə idarəetmənin tənzimlənməsi məqsədilə 80, 65, 282, 279, 245, 126, 30,152, 150, 214, 136, 218,162, 219, 26 nömrəli tam orta məktəblərdə və 20№-li məktəb-liseydə direktor vəzifəsini icra etmişdir.

Yaqut Məmmədova 2013-cü ildə Azərbaycan Respublikası təhsil nazirinin 15 mart tarixli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına, 2015-ci ildə isə Azərbaycan Respublikasının Prezidentinin 02 oktyabr tarixli sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.

2018-ci ildə Azərbaycan müəllimlərinin XV Qurultayında, 2023-cü ildə isə XVI Qurultayına nümayəndə seçilmişdir.

Hazırda Bakı şəhəri İ.Tağıyev adına 26№-li tam orta məktəbdə direktor vəzifəsində çalışır.

 

​ŞAGİRD:

Əlizadə Nilufər, İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbin VIII sinfində təhsil alır.

​Dərslərində yaxşı nəticələr göstərir, kiçik yaşlarından müxtəlif müsabiqə və layihələrdə iştirak edir. Riyaziyyat üzrə "Kenquru" Olimpiadasında, Lütfi Zadə adına Riyaziyyat və Məntiq Olimpiadasında, "Xəmsə Möcüzəsi" adlı onlayn beynəlxalq yaradıcılıq müsabiqəsində və bu kimi layihələrdə fəal iştirak etmişdir.

 

ESSE:

Azərbaycan – Dünyam Mənim

Azərbaycan mənim doğma Vətənim, qürur mənbəyim və dünyamdır. Mən bu torpaqda doğulmuşam, onun havasını udmuşam, suyunu içmişəm və onun tarixi ilə fəxr etmişəm. Azərbaycan mənim üçün sadəcə bir ölkə deyil, keçmişim, bu günüm və gələcəyimdir.

Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə və milli-mənəvi dəyərlərə malik bir ölkədir. Dünyanın müxtəlif xalqları ilə dostluq və əməkdaşlıq şəraitində yaşayan Azərbaycan xalqı qonaqpərvərliyi, mərdliyi və vətənpərvərliyi ilə seçilir. Ölkəmizdə müxtəlif millətlərin nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu da Azərbaycanın multikultural dəyərlərinin göstəricisidir.

Vətənimizin təbiəti olduqca gözəldir. Uca dağları, gur meşələri, axar çayları, məhsuldar torpaqları və Xəzər dənizi Azərbaycanı daha da gözəlləşdirir. Şuşa, Qarabağ, Qəbələ, Şəki, Lənkəran və digər bölgələrimiz öz gözəlliyi və tarixi abidələri ilə seçilir.

Bu gün Azərbaycan sürətlə inkişaf edən müstəqil dövlətdir. Ölkəmiz elm, təhsil, idman, iqtisadiyyat və mədəniyyət sahələrində böyük uğurlar qazanır. Xalqımızın birliyi və dövlətimizin gücü sayəsində torpaqlarımız işğaldan azad edilmiş, ərazi bütövlüyümüz bərpa olunmuşdur. Bu qələbə hər bir azərbaycanlının qürur mənbəyidir.

Mən Azərbaycanın gənc vətəndaşı kimi ölkəmin gələcəyinə töhfə vermək istəyirəm. Yaxşı təhsil almaq, bilikli və faydalı insan olmaq mənim əsas məqsədlərimdəndir. İnanıram ki, hər bir gənc öz biliyi və əməyi ilə Azərbaycanın daha da inkişaf etməsinə xidmət edə bilər.

Mən Azərbaycanı sevirəm və onunla fəxr edirəm. Çünki Azərbaycan mənim Vətənim, qəlbim və dünyamdır.

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.