“Maraqlı söhbətlər”də çəlimsiz atlar barədə pritça Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bir gün padşah gəzintiyə çıxmaq və eyni zamanda dünyanın dörd bir yanından gətirtdiyi cins atlarını hamıya nümayiş etdirmək qərarına gəlir. Atlar faytona qoşulur və kənd-kənd gəzərək hər kəsin heyranlığına səbəb olurdu. Atlar o qədər gözəl və güclü idilər ki, hamı onlara dörd gözlə baxırdı.

 

​Fayton meşənin içərisindən keçən çaya çatdıqda, atlar gənc və güclü olmalarına baxmayaraq, faytonu çəkməkdə çətinlik çəkməyə başlayırlar.

Elə bu zaman uzaqdan sürətlə gələn, üzəri odunla dolu bir kəndli arabası görünür. Kəndlinin bir cüt arıq və çəlimsiz atı, arabalarını gəldikləri sürətlə də çaydan keçirib aparırlar.

​Çəlimsiz atların bu gücünə heyrətlə baxan padşah sərkərdələrinə tapşırır: "O kəndlini atları ilə birlikdə hüzuruma gətirin!".

Belə də olur. Kəndli öz arıq atları ilə birlikdə padşahın qarşısına çıxır. Padşah əvvəl öz əzəmətli atlarına, sonra kəndlinin çəlimsiz heyvanlarına baxıb sual verir:

​— Ey qoca, bəlkə sən bu sirrin mahiyyətini mənə açıqlayasan?

​Qoca cavab verir:

— Şah sağ olsun, o nə sirdir ki, mən bilim, amma siz bilməyəsiniz?

​Şah soruşur:

— Necə olur ki, mənim bir ətək pul xərclədiyim cins atlarımın bacarmadığını sənin bu biri özün kimi qoca, digəri gənc və arıq olan atların bacarır?

​Qoca təbəssümlə deyir:

— Şah sağ olsun, sizin atlarınızın hər biri bir-birindən gözəl, güclü və gəncdir. Görünür, onları tapıb gətirənə qədər xeyli xərciniz çıxıb. Amma mənim bu iki arıq atım, üzərlərində nə qədər ağır yük olsa da, sürətlərini azaltmır, hətta çayı keçəndə belə çətinlik çəkmirlər. Bunun tək bir səbəbi var, şahım: Doğmalıq. Bu çəlimsiz atlar ana-baladır. Ana at bütün gücü ilə çalışır ki, balasına yük düşməsin. Bala at da var gücü ilə cəhd edir ki, anası əziyyət çəkməsin. Hər iki at bütün məsuliyyəti öz üzərinə götürür ki, digəri yorulmasın. Sizin atlarınız nə qədər gözəl və güclü olsalar da, aralarında doğmalıq yoxdur. Ona görə də, digərinin nə qədər əziyyət çəkməyi heç birinin vecinə deyil...

Yadların ən güclü birliyi, doğmaların ən zəif fədakarlığına çata bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.