Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1972 ci il. Amerika - Vyetnam müharibəsi.
Amerika təyyarəsi Vyetnamda bir dəstə uşağın sığındığı bir məbədə 4 napalm (yandırıcı bomba) bombası atır. Məbəd od tutur və sağ qalan uşaqlar alovlar içərisində qışqıra-qışqıra qaçmağa başlayırlar. Bu vaxt amerikalı fotomüxbir Nik Ut orada idi və sonralar ona “Pulitser Mükafatı”nı (ədəbiyyat və incəsənət sahəsində ən yüksək mükafat) gətirən məşhur həmin bu fotonu çəkir. Çox keçmədi ki, bu foto (həm də bu fotodakı paltarı yanan qaçan çılpaq balaca qız) Vyetnam Müharibəsinin simvoluna çevrilir. Bu foto həm də Amerikanı dünya ictimaiyyəti qarşısında “məhkum edirdi”.
Bu hadisədən 10 il sonra, 1982-ci ildə hollandiyalı bir jurnalist həmin o qızı axtarmağı qərara alır. Və uzun axtarışlardan sonra o qızı tapır. Bu qızın adı Kim Fuk idi. O, bütün bədəni yandığı üçün Sayqonda 14 ay xəstəxanada yatmış, yanan yerlərin yarısından çoxunda üçüncü dərəcəli yanıq olduğu üçün həkimlər ondan demək olar ki, ümidlərini üzmüşdülər. Kim Fuk dözülməz ağrılar çəkir, hətta bəzən bu ağrılardan huşunu itirirdi. Onun sol əli sümüyünə kimi yanmışdı.
İllər sonra Kim Fuk Kanadaya köçür. O vaxt onun 34 yaşı var idi. Üstəlik o, Kanadaya tək yox, həyat yoldaşı və oğlu ilə köçür. Astma və şəkərdən əziyyət çəkir, tez- tez miqren sancıları keçirirdi. Hələ də bədənində sağalmamış yaralar var idi.
1996-cı ildə Vaşinqtonda Vyetnam Müharibəsinin xatirəsinə bir mərasim keçirilirdi. Bu mərasimə Kim Fuku da dəvət edirlər. Çıxışlardan sonra nəhayət, söz Kim Fuka çatır. Çıxışının sonunda o: "Əgər o bombaları atan pilotla üz-üzə gəlsə idim, yəqin ki, ona “Artıq keçmişi dəyişdirə bilmərik” deyərdim. Və sonra da əlavə edərdim: " Keçmişi dəyişdirə bilmərik, ancaq gələcəyi dəyişdirə bilərik. Həm də sülhə xidmət etmək üçün..."
Mərasimin sonunda Kim Fuk zaldan çıxmaq istəyərkən, kimsə ona bir kağız verir və əli ilə kağızı göndərən adamı göstərir. Kim Fuk istər- istəməz kağızı göndərən adama baxır. Onun əli-ayağı titrəyirdi və dəhşətli baxışlarla Kim Fuka baxırdı. Kim Fuk əlindəki kağızı oxuyur. Kağızda: “Kim! O pilot mənəm!” sözləri yazılmışdı.
Bəli, o, 8 iyun 1972-ci ildə Vyetnamdakı məbədə napalm bombası atan təyyarənin pilotu Con Plammer idi. Müharibədən sonra uzun illər özünə gələ bilməmiş və həmin o balaca qızın fotosunu cibində gəzdirmişdi. Kim bir anlıq duruxub qalaraq, pilota baxır və sonra qollarını açaraq ona doğru qaçır...
“Ədəbiyyat və incəsənət”
(20.05.2026)


