Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 26 nömrəli tam orta məktəbdir.
DİREKTOR:
Yaqut Paşa qızı Məmmədova 04.02.1963-cü il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. 1981-1986-cı illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Bədii qrafika” fakültəsini fərqlənmə ilə bitirmişdir. 1991-1992-ci ildə fizika fənni üzrə Müəllimlərin Təkmilləşdirmə İnstitutunda illik kurs bitirmişdir.
1988-ci ildə Xəzər rayonu 125 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim fəaliyyətinə başlamışdır. Qısa zamanda həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.
1996-2006-cı illərdə Xəzər rayon Təhsil şöbəsində inspektor vəzifəsində fəaliyyət göstərmişdir.
2006-2019-cu illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsində dövlət qulluqçusu, Ümumi təhsil sektorunda məsləhətçi vəzifəsində çalışmışdır.
BŞTİ-də çalışdığı müddətdə idarəetmə səriştəsi və bacarığı yüksək olduğuna görə məktəblərdə idarəetmənin tənzimlənməsi məqsədilə 80, 65, 282, 279, 245, 126, 30,152, 150, 214, 136, 218,162, 219, 26 nömrəli tam orta məktəblərdə və 20№-li məktəb-liseydə direktor vəzifəsini icra etmişdir.
Yaqut Məmmədova 2013-cü ildə Azərbaycan Respublikası təhsil nazirinin 15 mart tarixli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına, 2015-ci ildə isə Azərbaycan Respublikasının Prezidentinin 02 oktyabr tarixli sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.
2018-ci ildə Azərbaycan müəllimlərinin XV Qurultayında, 2023-cü ildə isə XVI Qurultayına nümayəndə seçilmişdir.
Hazırda Bakı şəhəri İ.Tağıyev adına 26№-li tam orta məktəbdə direktor vəzifəsində çalışır.
ŞAGİRD:
Ayan Əliyeva Bakı Şəhəri, İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbin XI sinifində təhsil alır.
IX və XI sinif buraxılış imtahanlarında yüksək nəticə əldə edib. 2025-ci ildə "Ən yaxşı təqdimat" müsabiqəsində III, 2026-cı ildə I yerin qalibi olub.
ESSE:
Heydər Əliyev və Azərbaycan mədəniyyəti
“Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur” fikrinin müəllifi, əbədiyaşar lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin vurğunu idi. Onun istər “Azərbaycan” şeirini səsləndirərkən, istər “Tut ağacı” mahnısını dinləyərkən kövrəldiyi anlar bunun ən böyük təzahürü idi.
Hələ Azərbaycana birinci rəhbərliyi dövründə, 1972-ci ildə, Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyinin keçirilməsi Qərbi Azərbaycan mədəni irsinin məhz Azərbaycana məxsus olduğunu sübut edirdi.
Ümumilli lider tariximizin müəyyən mərhələlərinin kinoda əks olunmasını əhəmiyyətli hesab etdiyindən, “Nəsimi”, “Babək”, “Bir cənub şəhərində” və s. filmlərin sovet senzurasından keçməsində böyük rol oynamışdır.
1969-1982-ci illərdə tarixi yaddaşımızın bərpası üçün önəmli addımlar atılmış, elm xadimləri və sənətkarlarımızın xatirəsinin əbədiləşdirilməsi üçün onların abidələri ucaldılmış,ev muzeyləri yaradılmışdır.
1982-ci ildə repressiya qurbanı Hüseyn Cavidin nəşinin Sibirdən doğma Naxçıvan torpağına gətirilib dəfn olunması məhz Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur.
Müstəqil Azərbaycana rəhbərliyi dövründə də Ulu Öndər sənət və elm xadimlərinə qayğısını əsirgəməmişdi. Onlarla görüşlərdə yaxın dost kimi davranar, fəaliyyətlərini yüksək qiymətləndirərdi. Təsadüfi deyil ki, 24 bəstəkar və musiqişünasa dövlət təqaüdü verilmiş, şairlərdən Xəlil Rza Ulutürk, Məmməd Araz, Bəxtiyar Vahabzadə və b. “İstiqlal ordeni” ilə təltif olunmuşlar.
Bu dövrdə Füzulinin 500 illiik yubileyi , Müslüm Moqamayev, Yusif Məmmədəliyev, Sara Aşurbəyli, Bəxtiyar Vahabzadə və b. yubileyləri qeyd olunmuşdur.
1997-ci ildə “Mədəniyyət haqqında” qanun qəbul edilmişdir.
1998-ci ildə isə Dədə Qorqud dastanını Azərbaycanın ana kitabı hesab edən Ulu Öndər dastanın 1300 illiyinin təntənəli şəkildə qeyd edilməsinə sərəncam vermiş və bu 2000-ci ildə həyata keçirilmişdir.
Bütün bunlardan görürük ki, Heydər Əliyev müstəqil Azərbaycan tablosunu parlaq boyalarla restavrasiya edən rəssam, hakimiyyətə gəldiyi xaotik dövrdə, xaosdan harmoniya yaradan bəstəkar, hətta gələcək qələbəmizin polad özülünü qoyan memar idi.
Bu gün biz-Azərbaycan gəncləri Əbədiyaşar liderin “yüksək mədəniyyətə malik olan xalq həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”ideyasını devizimizə çevirməli və Ulu Öndərin istəklərinə uyğun olaraq dünyanın hər yerində Vətənimizin yüksək mədəniyyətinin, zəngin tarixinin təbliğatçısı olmalıyıq.
“Ədəbiyyat və incəsənət”
(20.05.2026)


