“Maraqlı söhbətlər”də Molla Cumanın qızı Reyhan xanım və aşıqlar Featured

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

 

“Maraqlı söhbətlər”dəbu gün sizlərə Molla Cumanın qızı Reyhan xanım və aşıqlar əhvalatını danışacağam. Bu, real olmuş bir əhvalatdır.

 

Reyhan xanım bu əhvalatı belə xatırlayırdı:

​"Mənim təxminən altı-yeddi yaşım olardı. Payız vaxtı idi. Atam qışa hazırlıq üçün meşəyə oduna getmişdi. Həmin gün tezdən səhər yeməyini yeyib yola düşmüşdü. Evdə anamla mən idim. Başımız ev işlərinə qarışdığından, bayırdan gələn səsləri eşitməmişdik. xeyli vaxt keçdikdən sonra səs eşidib bayıra çıxdım. Gördüm ki, həyətimizin taxta qapısının qarşısında iki nəfər aşıq paltarında, at üstündə dayanıb atamı səsləyirlər.

​Evə girib anama dedim: 'İki nəfər aşıq gəlib, atamı çağırırlar'. Anam dedi: 'Get, xoş gəldin et, de ki, atan evdə yoxdur, meşəyə gedib'.

​Həyətə düşüb onların yanına getdim və xoş gəldin etdim. Bu zaman atın üstündə oturan yaşlı aşıq mənə dedi:

— Qızım, bayaqdan sizi səsləyirik, niyə cavab vermirsiniz?

Mən də cavab verdim:

— Əmi, evimizin qulağı yoxdur, ona görə eşitmədik.

​Aşıqlar təəccüblə bir-birinə baxdılar. Yenə həmin aşıq soruşdu:

— Atan haradadır?

— Meşəyə oduna gedib.

— Tez gələr, yoxsa gec?

— Uzağa gedibsə tez gələr, yaxına gedibsə gec gələr.

​Aşıqlar yenə bir-birinə baxdı. Yaşlı aşıq dözməyib atdan endi, mənə yaxınlaşdı. Cibindən tənbəki torbası çıxarıb mənə dedi:

— Qızım, mənə od gətirə bilərsənmi?

Mən dərhal soruşdum:

— Əmi, yumru od gətirim, yoxsa uzun od?

​Aşıq artıq özünü saxlaya bilməyib soruşdu:

— Qızım, mən sənin cavabların qarşısında məəttəl qalmışam. De görüm, 'evin qulağı' nə olan şeydir?

— Evin qulağı itdir, əmi. Bir adam qapıya yaxınlaşanda it hürərdi, biz də tez eşidib evdən çıxardıq, sizi də bu qədər intizarda saxlamazdıq.

​Aşıqlar cavabımdan razı qaldılar və yenidən soruşdular:

— Bəs uzağa gedib tez gələr, yaxına gedib gec — bu necə olur?

— Əgər atam uzağa gedibsə, orada odun tapmaq rahat olar, tez yükünü hazırlayıb gələr. Əgər yaxına gedibsə, odun tapmaq çətin olar, yükünü gec hazırlar və gec gələr.

​Aşıq heyranlıqla qayıtdı: 'Afərin qızım, səndəki zəkaya!' Sonra yenə soruşdu:

— Bəs bu 'yumru od, uzun od' nədir?

— Əgər siz qəlyan çəkənsinizsə yumru od (köz) gətirim, yox papiros çəkənsinizsə uzun od (kibrit).

​Aşıqlar mat-məəttəl qalmışdılar. Elə bu söhbət əsnasında atam gəlib çıxdı. Aşıqlarla görüşəndən sonra onları evə dəvət elədi: 'Uzaqdan gəlmisiniz, gedək çay-çörək yeyək, sonra deyişərik'.

​Bu zaman həmin yaşlı aşıq dedi: 'Ay Cuma, biz səninlə deyişmək üçün bura gəlmişdik. Amma artıq buna ehtiyac qalmadı. Sənin bu balaca qızın bizi bağladı. Biz bura aşıq kimi yox, sənə Allah qonağı kimi gəlmişik'.

​Atam gülümsəyərək, 'Allaha da qurban olum, qonağına da!' — dedi və onları evə dəvət elədi. Aşıqlar iki gün bizdə qonaq qaldılar."

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.