Dünən İçərişəhərdə - görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın ev-muzeyində “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mükafatlandırılan 6 nədər 16 finalçı arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından seçiliblər.
Mir Cəlal yadigarları Hafiz və Ədibə Paşayevlər, “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva, münsiflər heyətinin sədri İntiqam Qasımzadə, münsiflər Nizami Cəfərov, İlham Rəhimli, Rəşad Məcid və Aqşin Yenisey çıxış edərək müsabiqə barədə öz ürək sözlərini söyləyiblər. Daha sonra mükafatçılar elan edilib.
3 nədər 3-cü, 2 nəfər 2-ci və 1 nəfər 1-ci olub.
3-cü yer
Turan Uğurun “Əbabil Quşu” hekayəsi;
Həmid Piriyevin “Müjdə” hekayəsi;
Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;
2-ci yer
Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;
Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;
1-ci yer
Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.
Qalibləri təbrik edən münsiflər heyətinin üzvləri xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsinin gənc yazıçılar tərəfindən davam etdirildiyini təqdirəlayiq hesab ediblər.
Qalib hekayələr geniş oxucu kütləsinə "Azərbaycan" jurnalının növbəti sayında təqdim ediləcək. Finalçıların hekayələri isə “Ədəbiyyat və incəsənət” portalınada yayımlanacaq.
“Ədəbiyyat və incəsənət”
(23.04.2026)


