Kitabçılar Birliyi tərəfindən 2026-cı ilin fevral ayında “Şeirini təqdim et, imzanı tanıt” adlı şeir müsabiqəsi elan olundu. Münsiflər heyəti Baba Vəziroğlu, İlqar Fəhmli və Samir Əfsəroğludan ibarət müsabiqəyə ümumilikdə 39 nəfər ədəbiyyatsevər qatıldı.
8 aprel tarixində Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda müsabiqənin təntənəli mükafatlandırma mərasimi keçirildi. Üç əsas qalibi seçildi, üç nəfər fərqlənmə diplomuna layiq görüldü. Digər iştirakçılar təşəkkürnamələrlə təltif olundular.
“Ədəbiyyat və incəsənət” portalı sıra ilə öncə fərqlənmə diplomuna layiq görülənlərin, sonra isə mükafatçıların müsabiqəyə təqdim etdikləri şeirlərini geniş oxucu auditoriyası üçün əlçatan edir.
Beləliklə, tanış olun:
Kitabçılar Birliyinin “Şeirini təqdim et, imzanı tanıt” adlı şeir müsabiqəsində 2-ci yerə layiq görülübdür: Əli Məlikli
ƏLİ MƏLİKLİ
“MƏNİ XATIRLAYARSAN”
Məni xatırlayarsan, için-için yananda,
Soyuq küləklər hərdən yanağına qonanda,
Gözündə yaş donanda…
Məni xatırlayarsan, baharda qar görəndə,
Təzadlar ilə dolmuş qərib ömür sürəndə,
Bəyaz telin hörəndə…
Məni xatırlayarsan, gecə səni üzəndə,
Yuxun qaçıb gözündən yeri-göyü gəzəndə,
Özündən hər bezəndə…
Məni xatırlayarsan, həyatla üzləşəndə,
Xəyalların əlindən qəfil suya düşəndə,
Ümidə öyrəşəndə…
Məni xatırlayarsan, için dolub daşanda,
Səsin səmaya qalxıb buludları aşanda,
Yer ilə yadlaşanda…
Sabah sizi 1-ci yerə layiq görülən iştirakçı - Kərim Kələyevlə tanışlıq gözləyir.
“Ədəbiyyat və incəsənət”
(20.04.2026)


