Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 32 nömrəli tam orta məktəbdir.
DİREKTOR:
Sevda Əli qızı Abdullayeva 3 aprel 1962-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1979-cı ildə Yevlax şəhər 3 saylı orta məktəbini bitirmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olmuş, 1989-cu ildə həmin universiteti bitirmişdir. Təyinatla Cəlilabad rayonu Hasıllı kənd məktəbinə ingilis dili müəllimi təyin olunmuşdur. 1998-ci ildən Bakı şəhəri Nizami rayonu M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbə ingilis dili müəllimi işləmişdir. 2002-ci ildən təlim-tərbiyə işləri üzrə direktor müavini, 24 yanvar 2003-cü ildən isə həmin məktəbə direktor təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə 2008-2009-cu il tədris ilində işlədiyi müəssisə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.
Azərbaycan Respublikası təhsil nazirinin 3 oktyabr 2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi Döş nişanı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2012-ci il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 sentyabr 2015-ci il tarixli sərəncamı ilə rəhbəri olduğu məktəb buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdiyi üçün Fəxri Fərmanla təltif olunmuşdur.
2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə təşkil etdiyi "Məktəb direktorlarının hazırlığı" təlim kursunu müvəffəqiyyətlə bitirərək sertifikat almışdır.
31.08.2015- 9.09.2015-ci il tarixlərində Parisin Sorbon Universitetinin müəllimlərinin iştirakı ilə Quba şəhərində "Liderlik, şagird sağlamlığının qorunması, vaxtın idarə olunması, təqdimat və bacarıqların inkişafı" mövzusunda keçirilmiş kursda iştirak etmiş və sertifikat almışdır.
14.11.2015-19.11.2015-ci il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində təşkil edilmiş "Yeni məktəb yaradılması" adlı, 22.02.2016-26.02.2016-cı il tarixində isə İngiltərənin London şəhərində "İngilis dilini öyrənək" adlı kursları bitirmişdir.
2016-cı ilin may ayında Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən təşkil edilmiş "Direktorlar üçün strateji planlaşma" modulunu müvəffəqiyyətlə bitirərək sertifikat almışdır.
ŞAGİRD:
Bayramlı Banu Murad qızı 16.09.2014-cü ildə Bakı şəhərində anadan olub. 2020-ci ildə Bakı şəhəri Nizami rayonu M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. Hal-hazırda həmin məktəbin 6-cı sinfində təhsilini davam etdirir.
Əlaçıdır, bədii əsərlər oxumağı, araşdırma aparmağı çox sevir.
Gələcəkdə hansı peşəyə yiyələnməyindən asılı olmayaraq, Vətənə layiqincə xidmət etmək arzusundadır.
ESSE:
Gələcəyimizi yazan insan
Müəllimlik ən müqəddəs, eyni zamanda ən çətin peşədir. Müəllim sadəcə dərs keçən bir insan deyil, o bizim gələcəyimizi quran memardır.
Müəllim bizə ilk növbədə oxumağı və yazmağı öyrədir. Lakin onun bizə verdiyi biliklər bununla bitmir. O bizə dürüst olmağı, Vətənimizi sevməyi və insanlara hörmətlə yanaşmağı öyrədir. Biz şagirdlər hər zaman müəllimlərimizi özümüzə nümunə olaraq görürük.
Qazandığımız hər bir uğurun arxasında müəllimlərimizin əməyi var. Onlar bizim uğurlarımızı görüb ən az bizim qədər sevinirlər. Müəllimlərimizin əməyi sayəsində savadlı həkimlər, mühəndislər, alimlər və digər peşə sahibləri yetişərək dövlətimizə xidmət edirlər.
Müəllim haqqında bir çox əsərlər yazılmış, müdrik fikirlər söylənilmişdir. Ancaq nə qədər yazılsa da, deyilsə də, müəllim əməyinin qarşılığında bunlar azdır.
Sonda demək istəyirəm ki, müəllimlərimizin haqqı ödənilməzdir. Onlar ən yüksək hörmətə və sevgiyə layiqdirlər.
Dünyada elə bir zirvə varmıdır,
Sənin fəth etdiyin zirvədən uca?
Mən necə yığım ki, etdiklərini
Müəllim adına sığsın qısaca?
(Zaur İlhamoğlu)
“Ədəbiyyat və incəsənət”
(15.04.2026)


