İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Enni Marikonenin, Nina Rotanın ifa etdikləri instrumental musiqi çox sevilir, elə Eldar Mansurovun kompozisiyaları da bu musiqilər qədər qəlbəyatımlıdırlar, ölkəmizdə populyardırlar.
Ustad bəstəkarın bu gün doğum günü – 74 yaşının tamam olduğu gündür. Əlbəttə ki, hər bir ciddi musiqisevərlərin adından onu təbrik edirik.
Azərbaycan bəstəkarı, xalq artisti Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb.
"Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib.
1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 28 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə"Şöhrət" ordeni ilə təltif edilib.
2022-ci il oktyabrın oktyabrın 2-də Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Sarayında Eldar Mansurovun 70 illik yubileyinə həsr olunan təntənəli yaradıcılıq gecəsi keçirilib. 2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007–2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.
Bəstəkar Eldar Mansurovun "Bayatılar" mahnısını ilk dəfə 1989-cu ildə о vaxt Azərbaycan estradasının gələcək ulduzu Brilliant Dadaşova ifa edib. "Bayatılar" dərhal populyarlıq qazandı və artıq 1990-cı ildə "Melodiya" şirkəti tərəfindən val şəklində böyük tirajla çap olunaraq keçmiş sovet məkanında geniş yayılıb. Şair Vahid Əzizin sözlərinə yazılan "Bayatılar" bu günə kimi ən sevimli mahnılar sırasındadır.
O vaxtdan indiyədək bu uzunömürlü mahnı dünyanı gəzir. "Bayatılar"ın musiqisi Türkmənistan, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Fransa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya, ABŞ, İngiltərə, İsveç, Kanada, İsrail, ərəb ölkələri, hətta uzaq Braziliyada da müxtəlif ifaçılar tərəfindən istifadə edilib
Bu mahnı sözləri şair Nikolay Denisova məxsus olan "Zdravstvuy" adı ilə Rusiya estradasının "şərq" ulduzu sayılan Reno tərəfindən ifa edilib. Braziliyada "Bayatılar" vokaliz şəklində məşhur caz müğənnisi Monica Salmaso və onu müşayiət edən "Orquestra Popular de Câmara" tərəfindən səsləndirilib. Sonralar "Bayatıları" məşhur Braziliya cazmeni, pianoçu Benjamim Taubkin və onun qrupu instrumental versiyada ifa ediblər.
Almaniyanın "Grinsteins Mischpoche" qrupunun ifasında mahnının nəfəsli alətlərlə instrumental variantı bir növ marşı xatırladır. Türkiyə estradasının "kraliçası" Sezen Aksu "Bayatılar"а yeni ruh və nəfəs verib. "Zalim" adı ilə Türkiyədə məşhurlaşan bu mahnının sözləri Sezen Aksuya aiddir. Levent Yükselin ifasında və klip şəklində təqdim etdiyi "Zalim" neçə illərdir ki, Türkiyədə ən çox sevilən mahnılar siyahısındadır.
1995-ci ildə yunan müğənnisi Petros Dourdumbakis Bayatıları "TAXIDIARIKO BIRD" adlı mahnı kimi ifa edib. 1997-ci ildə isə digər yunan müğənnisi Dimitra Galani, şair Nikos Maraitisin "όσες φωτιές" (Bu yanğınlar) adlı mətni ilə "Bayatıları" bir daha ifa edib. Bir neçə il sonra daha bir yunan müğənnisi Vasilis Lekkas Bayatıları – "TAXIDIARIKO BIRD" ifa edib. Artıq 30 ildən çoxdur ki, "Bayatılar" müxtəlif interpretasiyalarda səslənib və dünyanın məşhur musiqiçiləri tərəfindən disklərə yazılıb.
Son illərdə "Bayatı" demək olar ki, Avropanın bir çox ölkələrində remix üslubunda yeni çalarlarla, "hip-hop" ritmində və hər xalqın öz dilində səslənir. Yunanıstanda Keti Qarbinin "Esena mono", Türkiyədə Seray Severin "İçim yanıyor" mahnılarını və başqalarının ifalarını buna misal göstərmək olar. Sonralar Türkiyənin "Çalarsaat" qrupu "Bayatılar"ı "Zalim" adı ilə rok üslubunda ifa ediblər. 2006-cı ildə "Bayatılar" mahnısı bir neçə yeni variantda səslənib.
Türkiyənin tanınmış DJ-ləri – Hüseyn Karadayı və Cem Nadiran "Bayatılar"ı "Miracles" adı ilə rep üslubunda ifa ediblər. Elə həmin il yunan DJ Pantelis də "Bayatılar"ı – "I Have A Dream (Extended MIX)" adı ilə ifa edib. Azərbaycanda isə bu mahnını Aygün Kazımova özünəməxsus şəkildə ifa edib. Sonralar bir çox ölkələrdə, müxtəlif ifaçılar bu mahnını bir-birindən fərqli versiyalarda ifa etməyə başlayıblar.
2009-cu ildə italiyanın "Cantodiscanto" qrupu "Bayatıları" fərqli şəkildə ifa edib. "Bayatılar" İsraildən də yan keçməyib. 2011-ci ildə İsrailin "Babbe Rabbe" qrupu "Bayatılar"ı orijinal versiyasında olduğu kimi ifa ediblər. Elə həmin ildə rumıniyalı DJ Edward Maya "Bayatılar"dan öz "Stereo love" (Vika Jigulina vocal version Extended) mahnısında istifadə edib. Elə həmin il "Stereo love" isveçli PJ feat Velvet və kanadalı Mia Martina ifasında da səslənərək dünyanı dolaşıb.
"Zalim" ilə məşhurlaşan Türkiyəli Levent Yüksel 2006-cı ildə "0 km" qrupu ilə həmin mahnını rok üslubunda yenidən ifa edib. 2004-cü ildə bosniyalı Dino Merlin "Subota" adı ilə "Bayatıları" bir daha ifa edib. 2005-ci ildə Nyu-Yorkda yaranmış "Brazilian girls" qrupu "Don’t Stop" kompozisiyasında bir daha Bayatılardan istifadə edib. 2010-cu ildə "Bayatılar"ı daha bir instrumental qrup – İngiltərənin Bristol şəhərinin "The Guzek Trio" üçlüyü ifa edib.
Elə həmin il "Bayatılar"ı DJ Brizi və Eusebio Belli ispan dilində səslənən "Moliendo Cafe" (extended version) kompozisiyasına daxil ediblər. 2010-cu ilin daha bir maraqlı versiyası İngiltərənin Hip-Hop, Rep, R&B üslubunda ifa edən populyar "N Dubz" qrupu olub. Onlar "Bayatılar"ı "Scream my name" adlı kompozisiyasına daxil edib ifa ediblər.
2012-ci ilin əvvəllərində gənc türk müğənniləri Aydan Kaya, Haktan, Mustafa Eren, "SALTANATH" rok qrupu, 2013–2018-ci illərdə isə digər türk müğənniləri Selin Ataş, Bahtiyar Özdemir, Ayşe İnak Ekiz və Mustafa Demiroğlu, Bengü, Ferhat Göçer, Koray Çapanoğlu, Hediye Güven, Sevcan Orhan, Tuğba Uzun & Melis Aktaş, Mine Geçili, Fondip qrupu, Kanun Yıldırım, Edis, Yaraband qrupu və başqaları Bayatıların "Zalim" versiyasını özlərinə məxsus ifa ediblər.
2014-cü ildə İtaliyanın Leççe şəhərindən olan musiqiçilər — "Abash" rock qrupu "Bayatılar"ı çox orijinal şəkildə ifa edib. Daha bir maraqlı fakt odur ki, son bir neçə ildə "O Ses Türkiye" mahnı müsabiqəsində "Zalim" bir çox müğənnilər tərəfindən daim ifa olunur. 2018-ci ilin sentyabrında Finlandiyanın Flat Earth rok qrupu "CYANİDE" kompozisiyasında Bayatılardan istifadə edib. Onların ifa etdikləri bu kompozisiya rok-metal üslubundadır.
Həmən bu ildə azərbaycanlı — Dj Roshka və Samir Cavadzadə "Feel the rhythm" adlı kompozisiyasında "Bayatılar" mahnısını yeni versiyada ifa ediblər. 2019 və 2020-ci və sonrakı illərdə "Bayatılar" daha bir neçə yeni versiyada müxtəlif ifaçılar tərəfindən oxunub. Almaniyada Why So Sad — Out Of Time, Drenchill-in ifasında "Never Never", İsrail kamança çalanı Mark Eliyahu — "Alegria" kompozisiyasında və bir çox DJ-lər "Bayatılar"ı ifa ediblər.
Eldar Mansurovun "Bəhramnamə" əsəri onun atası, məşhur tarzən Bəhram Mansurovun əziz xatirəsinə həsr olunub. Zəmanəsinin ən ifaçılarından olan Bəhram Mansurov muğamlarımızı dünyaya tanıtdıran ilk musiqiçidir. 1971 və 1975-ci illərdə UNESCO ilk dəfə məhz onun təkrarsız və virtuoz ifasında Azərbaycan muğamlarını val şəklində çap edib. O vaxt bu fakt Azərbaycan mədəniyyətinin tarixində böyük və mühüm hadisə hesab olunub.
İllər keçdi və yenə milli musiqimizin tarixində böyük hadisə baş verib. Və nə yaxşı ki, bu hadisə də böyük tarzənin adı ilə bağlıdır. "Bəhramnamə" layihəsi əvvəlcə albom şəklində musiqisevərlərə təqdim olunub. Sonra layihənin efir ömrü başlandı: bir il ərzində yerli radiostansiyalarda bu ecazkar musiqi səsləndi. Nəhayət, layihə nəhəng konsertlə tamamlandı.
2005-ci ilin dekabrın 1-də Heydər Əliyev adına Sarayda, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə "Bəhramnamə" layihəsinin təqdimatı keçirilib. Musiqiçilər tamaşaçıları yeni janrla tanış ediblər. Onun adı simfo-folk-rokdur. Burada simfoniya, rok, caz və muğam harmonik şəkildə vəhdət təşkil edir. Zala toplaşanlar Eldar Mansurovun yeni yaratdığı orkestrin müşayiətilə "Bəhramnamə"nin canlı ifasını ilk dəfə eşitdilər.
Bəstəkarın qardaşı – tarzən Elxan Mansurov orkestrin müşayiətilə "Mahur-hindi", "Segah", "Şüştər", "Rast", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Çahargah", "Humayun" muğamları əsasında yazılan kompozisiyaları atasından yadigar qalmış tarda ifa edib. Bu muğamlar, amma digər interpretasiyada – vokal-instrumental variantda populyar müğənni Manana və xanəndə Elbrus Abdulzadənin ifasında səslənib. "Bəhramnamə"də Şərq və Qərb görüşüb
Hər iki sivilizasiyanın kəsiyində yerləşən Azərbaycan bu iki qütbü özündə birləşdirir. Eldar Mansurov orijinal sintez yaradıb: о, simfoniya, rok və muğamı birləşdirib və onları cazla daha da rəngarəng edib. "Bəhramnamə"də səslənən hər bir kompozisiya musiqiçilərin ifasında Şərq və Avropa motivlərinin vahid bitmiş formasıdır. Klassik Azərbaycan muğamı təmamilə yeni şəkildə – müasir Avropa ritmlərinin müşayiəti ilə təqdim olunub.
Eldar Mansurov uzun illər təkcə bəstəkarlıq ilə yox, həm də muğamlarımızın tarixi və nəzəriyyəsi ilə də məşğul olub. Hələ konservatoriyada oxuduğu tələbəlik illərində muğamların nəzəriyyəsi haqqında elmi məqalələr yazmağa başlayır. 1987-ci ildə Səmərqənd şəhərində keçirilən Beynəlxalq Muğam simpoziumunda "Muğam adlarının yaranma tarixi" elmi məqaləsi ilə çıxış edir. Sonralar bu yazıların bir çoxu müəllifin "Muğam düşüncələrim" adlı kitabında toplu şəklində çap olunur.
Elmi məqalələrlə yanaşı Eldar Mansurov 10 ildən çox atası Bəhram Mansurovun tarda ifasından bütün muğamları, qədim dəraməd, rəng, diringə, təsnif və bir çox el havalarını nota salıb. Eldar Mansurov 30 ildən çox nəslinin tarixi ilə də maraqlanıb. Arxivlərdə, muzeylərdə, kitabxanalarda bir çox əlyazmaları və tarixi sənədləri tədqiq edib, XVII əsrin əvvəllərindən bu günümüzə qədər əslən bakılı olan Mansurovlar nəslinin tarixini yazıb.
Əsərlərinin siyahısı
- "12 prelüd" fortepiano üçün
- "Simli kvartet № 2"
- "6 prelüd" fortepiano üçün
- "Rubato" klavesin, çelesta və fortepiano üçün
- "Rübai" Ö. Xəyyam, M. Gəncəvi və S. Şirazinin sözlərinə а`kapella xoru üçün
- "Sonatina" fortepiano üçün
- "Poema" violin və fortepiano üçün
- "Simli kvartet № 1"
- "Konsert" violin ilə simfonik orkestr üçün
- "Simfoniya № 1"
- "Simli orkestr üçün pyeslər"
- "Simli alətlər üçün musiqi"
- "Pastoral" simli kvartet üçün
- "Bayatılar" а`kapella xoru üçün
- "Simfoniya № 2" kamera orkestri üçün
- "2 romans" bariton səs və fortepiano üçün
- "Adajio və skertso" fleyta və fortepiano üçün
Filmoqrafiya
- Aran
- Yürüşün sonu varmı?
- "Neftçi"-87
- Əndazədən çıxanda
- Güzgü
- Bəxtəvər
- Almas İldırım
“Ədəbiyyat və incəsənət”
(28.02.2026)


