Ülviyyə Əbülfəzqızı, "Ədəbiyyat və İncəsənət"
Portalımızın əsas missiyalarından biri də istedadlı şagirdləri gizli xəzinə kimi üzə çıxarmaqdır. Artıq iki ildən çoxdur ki, BŞTİ və Ədəbiyyat Fondunun birgə layihəsi olan "Bir direktor və bir şagird" davam edir və sevilir.
Bundan əlavə digər istedadlı şagirdləri də sevindirən " Ədəbiyyat və İncəsənət" portalı balaca yazarlara dəstək olaraq onların ilk qələm nümunələrini yayımlayır.
Bu dəfə də Sizə balaca yazar, 212 nömrəli məktəbin 7- ci sinif şagirdi Mustafayeva Diananın yazısını təqdim edirik.
-Salam, Diana, xoş gördük.
-Salam Ülviyyə xanım, məktəbimizə xoş gəlmişsiniz.
-Hekayən çoxbəyənildi, təbrikedirik.
-Sağ olun, Ülviyyə xanım, çox sevindim.
-Diana, bu yazını yazarkən hansı hissləri keçirdin?
-Xocalı faciəsinin dəhşətlərini izlədikcə çox üzülürəm və yazdığım ssenaridə də bunu qələmə almışam. O günlərin ağrıları heç vaxt yaddaşımızdan silinməyəcək.
"Balaca şahid"
Ana Xocalıda baş verən hadisələrdən xəbərdar idi. Və tək düşündüyü oğlu idi. Oğlu qurtulsun, başqa istəyi yox idi.
Otaqda köhnəlmiş, kənarları yavaş-yavaş sökülən divanda oturub olacaqları gözləyirdi. Dərin xəyallara dalmışkən oğlu Vüsal titrək addımlarla içəri girdi.
Uşaq anasının hüznlü halını görəndə dayana bilməyib soruşdu.
-Ana, nə olub? Niyə bu qədər kədərlisən?
Anası isə öz fikirlərini Vüsala, kiçik oğluna deməyə hazır deyildi. Gecikdirərək bir cavab verdi.
- Yox, oğlum. Nə kədəri? Sən, əvvəla, danış görək, məktəbdə nələr oldu? Danışa bildin şeirini?
Uşaq sevinclə qırmızıyla yazılmış əlini yuxarı qaldırdı. Əlində isə böyük bir “5” yazılmışdı. Ana təbəssüm edib oğlunun saçlarından öpdü.
-Afərin, oğlum. Həmişə qürurlandır bizi.
- Anacan, bəs atam hardadır? Hələ də gəlməyib? Ona da göstərəcəkdim qiymətimi. Axı o da sevinərdi…
Uşaq ağlamağa hazır bir vəziyyət aldı. Amma anası ona həqiqətləri deyə bilməzdi. “Atan itkindir, bəlkə də heç qayıtmayacaq” deməyə üzü yox idi.
- Oğlum, indi mənə yaxşı qulaq as. Bir azdan gəlib səni başqa yerə aparacaqlar. Orada biz olmayacağıq. Səndən istəyim odur ki, ağlama. Nə olursa, olsun, ağlama. Biz gəlməsək də. Yaxşımı?
Kiçik oğlanın başı qarışmışdı. Hara gedəcəkdi ki? Anası niyə onla gəlmirdi? Atası harda idi? Anası ona niyə belə cavablar verirdi?
- Hara gedəcəm ki? Gəzintiyə? Siz niyə gəlmirsiniz? Mən sizsiz qorxaram axı…
- Biz gəlməyəcəyik. Amma sən də tək olmayacaqsan. Biz sənin həmişə qəlbindəyik.
Həmin andaca qapı döyüldü. İçəri həmin Vüsalı aparacaq, qurtaracaq adamlar girdi. Vüsal qorxuyla anasına baxarkən, anası belə dedi:
-Sən get, yaşa, xoşbəxt yaşa. Atanla mən gəlməsək, bizi unutsan da, olar. Əsas odur, xoşbəxt ol, oğul!
Vüsalın qorxusu qatbaqat artırdı. Anası və atası olmadan necə xoşbəxt ola bilərdi ki? Onların da gəlməsini istəyirdi. Anasıyla birgə olanda qorxmurdu.
-Bəs sən hara gedəcəksən, anacan?
Anası o an başa düşdü ki, həqiqətləri Vüsaldan gizləmək onun xeyrinə deyildi. Atasının harda olduğunu, başına nələr gələ biləcəyini bilməyə haqqı vardı.
-Mən… Atanı axtarmağa. İtkin düşübdür. Səs-soraq yoxdur. Onu tapa bilsəm, gələcəyik. Gələ bilməsək, bundan sonra təksən, oğul. Amma unutma ki, biz atanla səni həmişə seyr edəcəyik.
-Bəs sənin üçün darıxsam?
- Onda, buludlara bax. Ən bəyaz bulud hardadırsa, deməli, mənlə atan da oradayıq.
Bunlar ananın son sözləri oldu. Oğluyla sağollaşdı. Onu qucaqladı, öpdü. Bağrına basdı. Sanki bilirdi ki, bir daha görə bilməyəcək oğlunu.
***
Vüsalı yaşamağı üçün yolladıqdan sonra özü həyat yoldaşını axtarmağa getdi. Hardan bilərdi ki, həyat yoldaşının yolunda canından olacaq?
Anasının da digər cahana getməsi ilə Vüsal tək qaldı.
Günlər, aylar, illər ötdü. Ana qayıtmadı. Atadan səs çıxmadı. Vüsal çox balaca yaşında tək qalmağı öyrəndi.
Artıq bir gənc olanda isə şahidlik etdiyi hadisələri cəmiyyət içində danışmağa qərar verdi. Xocalı soyqırımına aid olan tədbirlərdə çıxış etdi. Və gördüklərinin hamısını şahid kimi danışdı. O günlər Vüsalın yaddaşında əbədi iz saldı.
Vüsalın tale hekayəti tarix boyu erməni millətçiliyinə qurban getmiş minlərlə uşaqların hekayətidir.
“Ədəbiyyat və incəsənət”
(26.02.2026)


