“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 287 nömrəli Zəkalar liseyidir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Əhmədli Aygün Əkbər qızı 04.01.1964-cü ildə Bakı şəhərində anadan olub. 1981-ci ilə orta təhsilini Bakı şəhərindəki 116 nömrəli məktəbdə qızıl medalla tamamlayıb. Həmin il BDU-nun biologiya fakültəsinə daxil olub 1986-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1986-1992-ci illərdə təyinatla AMEA-da Fizika, sonra Botanika İnstitutunda böyük laborant vəzifəsində çalışmışdır.
1992-1994-cü illərdə Xəzər Hövzə poliklinikasında həkim-laborant, sonra laboratoriya müdiri kimi fəaliyyət göstərmişdir.
1994-cü ildən 287 saylı Zəkalar liseyində biologiya müəlliməsi kimi pedaqoji fəaliyyətə başlayıb. 2004-cü ildən həmin liseyin direktoru vəzifəsində çalışıb.
2000-2001 və 2001-2002-ci illərdə 2 dəfə “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı mühazirəsi” müsabiqələrinin qalibi olmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin diplomları ilə təltif olunub.
2004-cü ildə Əməkdar müəllim adına layiq görülmüşdür.
2007-ci ildə elmi işimi tamamlayıb Biologiya elmləri üzrə fəlsəfə doktoru adını qazanmışdır. Biologiya fənninin tədrisinin təkmilləşdirilməsi məqsədi ilə yazılmış metodik vəsaitlərin müəllifidir.
Azərbaycan Respublikasının Təhsil islahatları layihəsinin materiallarının hazırlanmasında iştirak etmişdir.
Fəaliyyətilə əlaqəli bir çox yerli və xarici seminar və konfranslarda iştirak etmişdir. İdarəetmə ilə bağlı “Məktəbin idarə olunması”, “Təhsilin təşkili və idarəedilməsi”, “Ümumtəhsildə kurikulum islahatları və onun idarəolunması” və s. təlimləri uğurla bitirmişdir.
Direktoru olduğu müddətdə lisey iki dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” (2008, 2013) müsabiqəsinin qalibi olub.
2023-cü ildə Heydər Əliyevin 100 illiyi medalına layiq görülmüşdür.
Ailəlidir, iki övladı var.
ŞAGİRD:
Mən, Gözəlova Zərifə Elçin qızı 25.03.2010-cu ildə Bakı şəhərində anadan olmuşam. Məktəbəqədər təhsilimi tamamlayıb 2016-cı ildə orta təhsilimə 287 nömrəli Zəkalar liseyində başlamışam. Hal-hazırda həmin liseyin X sinfində təhsilimi davam etdirirəm.
Şahmat oynamağı sevirəm. II dərəcəli şahmatçıyam. 2025-ci ildə Xətai Rayon məktəblərarası şahmat çempionatında gümüş medal qazanmışam.
Cüdo ilə peşəkarcasına məşğul olmuşam. 2024-cü ildə cüdo üzrə komandalararası Azərbaycan çempionu olmuşam.
Liseyimizin peşəkar komandası ilə bir çox intellektual yarışlarda iştirak etmiş və uğurlar qazanmışam:
“Fibonaçi”–2024–Azərbaycan çempionu
“Breyn rinq”–2024–Azərbaycan çempionu
“Zəkaların mübarizəsi” olimpiadası respublika turu–2025–II yer
“Xəmsə”-2025–finalçı
“Nə? Harada? Nə zaman?”–2024--Azərbaycan çempionu
“Nə? Harada? Nə zaman?”–2025–mükafatçı
İngilis dilinə və xarici ədəbiyyata xüsusi marağım var. Boş vaxtlarımda mütaliə edir və rəsmlər çəkirəm. I qrupa hazırlaşıram. Kimya mühəndisi olmaq arzusundayam.
ESSE:
Rəsm harada bitir?
Əsrlər boyu biz rəsmi dörd künclü bir taxta çərçivənin içinə həbs olunmuş rənglər toplusu kimi görməyə alışmışıq. Muzey divarlarında asılmış əsərlər sanki səssizcə deyir: “Sənət burada başlayır və burada bitir”. Lakin həqiqi sənət əsəri heç vaxt o çərçivənin içinə sığmır.
Rəsmin fiziki sərhədləri sadəcə bir illüziyadır. İntibah dövründə kilsə tavanlarına çəkilmiş rəsmlərdə insan səmaya açılan sonsuzluq görür. Sənət memarlıqla birləşir və çərçivə yox olur.
Əsərin əsl “kənardan çıxma” anı onun tamaşaçı ilə yaratdığı bağdır. Məsələn, Van Qoqun “Ulduzlu gecə” əsərinə baxan insan sadəcə kətan üzərində çəkilmiş burulğanlı səmanı görmür, o, Van Qoqun bütün narahatlığını, eləcə də Parisdə bir gecənin insanda oyatdığı o hissləri duya bilər.
Rəsm heç vaxt çərçivənin içində bitmir. O, baxışda davam edir, düşüncədə dərinləşir, xatirədə yaşayır. Rəsm bir işıq kimidir: mənbəyi kətan ola bilər, lakin şüaları insanın daxili dünyasını işıqlandırır və orada yeni mənalar doğurursa, insanın düşüncəsinin başladığı yerdə sonsuzluğa qovuşur.
“Ədəbiyyat və incəsənət”
(25.02.2026)


