“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 7 nömrəli Zəkalar liseyidir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Əhmədli Aygün Əkbər qızı 04.01.1964-cü ildə Bakı şəhərində anadan olub. 1981-ci ilə orta təhsilini Bakı şəhərindəki 116 nömrəli məktəbdə qızıl medalla tamamlayıb. Həmin il BDU-nun biologiya fakültəsinə daxil olub 1986-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1986-1992-ci illərdə təyinatla AMEA-da Fizika, sonra Botanika İnstitutunda böyük laborant vəzifəsində çalışmışdır.
1992-1994-cü illərdə Xəzər Hövzə poliklinikasında həkim-laborant, sonra laboratoriya müdiri kimi fəaliyyət göstərmişdir.
1994-cü ildən 287 saylı Zəkalar liseyində biologiya müəlliməsi kimi pedaqoji fəaliyyətə başlayıb. 2004-cü ildən həmin liseyin direktoru vəzifəsində çalışıb.
2000-2001 və 2001-2002-ci illərdə 2 dəfə “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı mühazirəsi” müsabiqələrinin qalibi olmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin diplomları ilə təltif olunub.
2004-cü ildə Əməkdar müəllim adına layiq görülmüşdür.
2007-ci ildə elmi işimi tamamlayıb Biologiya elmləri üzrə fəlsəfə doktoru adını qazanmışdır. Biologiya fənninin tədrisinin təkmilləşdirilməsi məqsədi ilə yazılmış metodik vəsaitlərin müəllifidir.
Azərbaycan Respublikasının Təhsil islahatları layihəsinin materiallarının hazırlanmasında iştirak etmişdir.
Fəaliyyətilə əlaqəli bir çox yerli və xarici seminar və konfranslarda iştirak etmişdir. İdarəetmə ilə bağlı “Məktəbin idarə olunması”, “Təhsilin təşkili və idarəedilməsi”, “Ümumtəhsildə kurikulum islahatları və onun idarəolunması” və s. təlimləri uğurla bitirmişdir.
Direktoru olduğu müddətdə lisey iki dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” (2008, 2013) müsabiqəsinin qalibi olub.
2023-cü ildə Heydər Əliyevin 100 illiyi medalına layiq görülmüşdür.
Ailəlidir, iki övladı var.
ŞAGİRD:
Mən, Şəfiqə Rəsul Fərhad qızı 20.10.2008-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimə 2015-ci il 287 nömrəli Zəkalar liseyində başlamışam. Hazırda həmin liseyin 11-ci sinfində təhsilimi davam etdirirəm.
2016-2023-cü illərdə Uşaq Musiqi Məktəbinin fortepiano və xor ixtisasını bitirmişəm. Oxuduğum illərdə müxtəlif musiqi və mədəniyyət tədbirlərində iştirak etmiş, diplom və fəxri fərmanlar qazanmışam. Belə ki, 2023-cü ildə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Uşaq İncəsənət festivalında “Xor” nominasiyası üzrə kollektivimlə II yerə layiq olmuşam.
Təhsil aldığım illərdə məktəbdaxili tədbirlərdə və ingilis dili aylıqlarında aktiv iştirakçılardan olmuş, məktəbdənkənar müxtəlif ingilis dili olimpiadalarında iştirak etmiş (KGL, ADA), sertifikatlar qazanmışam. O cümlədən, 2025-ci ilin fevralında “Kangaroo Global Linguistics” olimpiadasında könüllü kimi iştirak etmişəm. 2025-ci il SAT imtahanından 1350 bal toplamışam.
Dillərə və mütaliəyə olan marağım nəticəsində bir çox milli və xarici ədəbiyyat nümunələri oxumuşam. Gildən müxtəlif əşyalar hazırlamağı sevirəm. Hal-hazırda V qrupa hazırlaşıram. Dizayner olmaq arzusundayam.
ESSE:
“Təşəkkür edirəm”i axırıncı dəfə nə vaxt eşitmişsiniz?
Ola bilməz ki, məndən başqa müasir həyat sürətinin əlimizdən alan insanlıq hissəcikləri üçün heç kəs darıxmasın. Daimi təlaş, artıq öyrəşdiyimiz səs-küy hələ heç əmin olmadığımız gələcəyin planlaşdırılması axı bu ifadəni necə əvəz edir? Mən sadə ifadə üçün darıxmıram, mən mədəniyyətin dəyişib süniləşməyindən qorxuram.
Fikir vermişsinizmi, necə sadə təşəkkür qarşılıqlı anlaşma rəmzindən sadə bir rəsmilik ifadə edən anlama döndü? Tanış tanışa kömək edəndə, qonşu qonşuya çörək verəndə, müəllim uşağa dərs başa salanda bu ifadə daha səmimi, mənbəyi daha dərindən yaranırdı. Hal-hazırda isə təşəkkür sanki yalnız söhbəti bitirən bir sözə döndü, özünü itirdi. Axı vaxtımız çatmır, “azdır”. Təşəkkür bizə yalnız praktik, qısa halda olanda uyğun olur.
Bəs biz bu kədərli vəziyyəti necə səliqəyə salaq? Bəlkə də, bu axtardığımız həll heç də böyük addımlarda yox, kiçik dayanmalardadır. Qələm uzadan sinif yoldaşımıza baxaraq təşəkkür etmək, valideynimizin gecə yeməyini hazırlayarkən sərf etdiyi əməyə göz yummamaq, açıq səmanın gözəlliyini qeyd etmək və ən sadəsi, səhər gözümüzü açmaq—bunların hamısı mədəniyyətimizin sürət deyil, məna ətrafında yenidən qurulmasının ilk kiçik cəhdləri də ola bilər. “Təşəkkür edirəm” yalnız söz deyil, bir diqqət, müşahidə, əlaqə aktıdır. Onu unutmaq yalnız bir neçə hərfi yox, adamı insana çevirən hissi, qəlbləri birləşdirən bir ipi unudub—itirməkdir.
Həyatın təlaşı içində edə biləcəyimiz ən inqilabi hərəkət dayanıb, nəfəs alıb, sadəcə “təşəkkür edirəm” deməyi xatırlamaqdır. Çünki məhz bu ifadə insanlığımızı xarici təsirlərdən qoruyan bir hasardır.
“Ədəbiyyat və incəsənət”
(11.02.2026)


