Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Haqqında söhbət açacağım Vəli Rüstəm oğlu Afşar Qaradolaq kəndinin kəndxudası, yüzbaşı, sovet repressiya qurbanıdır.
Vəliş Rüstəm oğlu XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ bölgəsində, indiki Ağcabədi rayonunun Qaradolaq kəndində yaşamış, Afşar tayfasına mənsub, el arasında böyük hörmət və nüfuz sahibi olmuşdur. O, kəndxuda və yüzbaşı rütbəli şəxs kimi həm mülki, həm də hərbi səlahiyyətlər daşıyırdı.
Qarabağ xanlığının süqutundan sonra formalaşan yeni idarəçilik sistemində yerli əhalinin nümayəndəsi kimi çıxış etmiş, Qaradolaq kəndi və mahaldakı digər yaşayış yerlərin idarə olunmasında mühüm rol oynamışdır. Kəndxuda olaraq vergi, təsərrüfat və idarəçilik məsələlərinə nəzarət edir, əhali ilə dövlət qurumları arasında vasitəçi olurdu. Yüzbaşı rütbəsi isə onun kəndin və köç yollarının təhlükəsizliyini təmin edən silahlı dəstəyə rəhbərlik etdiyini göstərirdi.
Vəliş Rüstəm oğlu Qarabağ bölgəsində köhnə elat və kənd idarəçilik ənənələrini təmsil edən ağsaqqallardan biri olmuşdur. Onun fəaliyyəti xüsusilə çar idarəçiliyindən sovet hakimiyyətinə keçid dövründə daha qabarıq hiss olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Gəncə üsyanında iştirak etmiş, üsyan bolşeviklər tərəfindən yatırıldıqdan sonra isə uzun müddət təqiblərdən yayınaraq milli mübarizəni gizli şəkildə davam etdirmişdir.
Ailəli olmuş, iki qız övladı — Nabat və Zeynəb dünyaya gəlmişdir. Oğlan övladının olmaması səbəbilə nəsil rəsmi soyad xətti ilə davam etməsə də, adı və taleyi ailə yaddaşında qorunub saxlanılmışdır.
Sovet hakimiyyətinin ilk illərində köhnə ictimai təbəqəyə qarşı aparılan repressiyalar zamanı Vəliş Rüstəm oğlu 1930-cu il iyunun 24-də Ağdam şəhərində həbs edilmişdir. Ona SSRİ Cinayət Məcəlləsinin 79-cu maddəsi (qolçomaq) və 210-cu maddəsi (qanunsuz silahlı dəstələr yaratmaq) ilə — 1906 nömrəli cinayət işi açılmışdır. Bu ittihamlar hüquqi əsasdan çox, onun sosial mənşəyinə görə irəli sürülmüş və əsasən keçmiş kəndxudalar, yüzbaşılar, el ağsaqqalları hədəf alınmışdır.
Həbsdən sonra Şuşa türməsinə göndərilmiş, təxminən üç ay saxlanıldıqdan sonra məhkəməsiz qərarla 1930-cu ildə güllələnmişdir. Dəfn yeri bu günə qədər məlum deyil.
Onun taleyi barədə ilk rəsmi müraciət 1957-ci ildə, 10 yaşlı nəvəsi Məmmədov Hübət Əkbər oğlu tərəfindən, anası Rəhimova Nabat Vəliş qızının adından Azərbaycan SSR Prokurorluğuna edilmişdir. Bu müraciət cavabsız qalmışdır. Yalnız 1991-ci ildə cinayət işi yenidən araşdırılmış, Azərbaycan Respublikası Prokurorluğunun 28 mart 1998-ci il tarixli rəyi ilə Vəliş Rüstəm oğlu siyasi repressiya qurbanı kimi tam bəraət almışdır.
Vəliş Rüstəm oğlunun həyatı və faciəli ölümü sovet dövründə köhnə elat və kənd idarəçilik sisteminin zorakı şəkildə məhv edilməsinin, yerli nüfuz sahiblərinin repressiyaya məruz qalmasının acı nümunəsidir.
Bu gün o, sovet siyasi repressiyalarının qurbanı kimi xatırlanır və adı ailə tarixində, el yaddaşında yaşamağa davam edir.
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)


