Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “ Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri Binəqədi rayonu 246 nömrəli məktəb-liseydir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Həşimov Elmar Həşim oğlu 03.02.1971-ci ildə Zaqatala rayonu Qımır kəndində anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri Binəqədi rayonu 246 nömrəli məktəb-liseyin birinci sinfinə qəbul olmuş, 1987-ci ildə həmin məktəbi bitirmişdir.
1987-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1992-ci ildə ali təhsilini başa vurmuşdur. 1992-ci ildə Azərbaycan Texniki Universitetinin nəqliyyat fakültəsinə qəbul olmuş, 1996-cı ildə həmin universiteti bitirmişdir.
31.08.1996-cı il tarixindən 15.11.1996-cı il tarixinədək Bakı şəhəri Binəqədi rayonu R.İmanov adına 205 nömrəli tam orta məktəbdə fizika və riyaziyyat müəllimi vəzifəsində çalışmışdır.
02.11.1996-cı il tarixindən 20.06.1998-ci il tarixinədək Azərbaycan Respublikası DİN-in Daxili qoşunlarının 99713 saylı hərbi hissəsində siyasi və sosial işlər üzrə bölmədə şəxsi heyətlə iş üzrə təlimatçı vəzifəsində xidmət etmişdir.
31.08.1998-ci il tarixindən 01.11.2004-cü il tarixinədək Bakı şəhəri Binəqədi rayonu 205 nömrəli tam orta məktəbdə hərbi rəhbər və riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişdir.
04.11.2004-cü il tarixindən 02.05.2005-ci il tarixinədək Bakı şəhəri Binəqədi rayonu 83 nömrəli məktəb-liseydə riyaziyyat müəllimi, eyni zamanda tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Pedaqoji fəaliyyəti dövründə bir neçə seminar, təlim və konfranslarda iştirak etmişdir.
02.05.2005-ci il tarixindən 20.11.2007-ci il tarixinədək Bakı şəhəri Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə ali təhsilli riyaziyyat müəllimi və tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.
20.11.2007-ci il tarixindən 17.10.2022-ci il tarixinədək Bakı şəhəri Binəqədi rayonu 143 nömrəli tam orta məktəbin direktor vəzifəsində fəaliyyət göstərmişdir.
17.10.2022-ci il tarixindən etibarən Bakı şəhəri Binəqədi rayonu 246 nömrəli məktəb-liseyində direktor vəzifəsində çalışır.
ŞAGİRD:
Mən, Məmmədov Mətin Vüqar oğlu, 29 avqust 2014-cü ildə Bakı şəhərində anadan olmuşam. Hal-hazırda 246 saylı məktəb liseyinin 6-cı sinfində təhsil alıram. Keçirilən dərslərə diqqət və məsuliyyətlə yanaşıram. Texniki, humanitar və təbiət fənlərinə xüsusi maraq göstərirəm. Respublika fənn müsabiqələrinin fənn mərhələlərində iştirak etmişəm. Müxtəlif kurslar tərəfindən təşkil olunmuş bilik yarışlarında fəxri fərmanlar qazanmışam.
Dərslərdən əlavə idmanla məşğul oluram. 5 ildir futbola gedirəm. Respublika və regional səviyyəli bir çox turnirlərdə iştirak etmişəm.
Boş vaxtlarımda kitab oxuyur, oyunlar oynayıram.
ESSE:
Heyvanlar aləmi.
Heyvanlar Yer üzündə yaşayan ən maraqlı canlılardandır. Onlar təbiətin ayrılmaz bir hissəsidir və insanların həyatı üçün çox vacibdir. Heyvanlar həm təbiətin qorunmasında, həm də insanların gündəlik həyatında mühüm rol oynayır.
Heyvanlar müxtəlif növlərə bölünür. Bəzi heyvanlar meşələrdə, dağlarda və səhralarda yaşayır. Bunlara vəhşi heyvanlar deyilir. Aslan, pələng, ayı, canavar və s. vəhşi heyvanlara nümunədir. Digər heyvanlar isə insanlar tərəfindən saxlanılır və bunlara ev heyvanları deyilir. İt, pişik, inək, qoyun və s. bu heyvanlara nümunə ola bilər. Ev heyvanları insanlara çox fayda verir. Onlar süd, ət, yun verir, bəziləri isə insanlara işlərində kömək edir.
Heyvanların hər biri yaşadığı mühitə uyğun xüsusiyyətlərə malikdir. Quşların qanadları var və onlar uça bilir. Balıqlar suda yaşayır və üzə bilir. Bəzi heyvanlar sürətlə qaçır, bəziləri isə sürünür. Bu xüsusiyyətlər heyvanların həyatda qalmasına kömək edir.
Heyvanlar insanlara sevinc də bəxş edir. Bir çox insanlar evdə it və pişik saxlayır və onlara dost kimi yanaşır. Heyvanlar insanlarda mərhəmət və sevgi hissini artırır.
İnsanlar heyvanları qorumalı və onlara yaxşı davranmalıdır. Heyvanları incitmək, onlara zərər vermək düzgün deyil. Təbiəti və heyvanları qorumaq gələcək nəsillər üçün çox vacibdir. Çünki heyvanlar olmadan həyat çox kasıb və maraqsız olardı.
“Ədəbiyyat və incəsənət”
(04.02.2026)


