Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1971-ci ildə “Azərbaycanfilm” kinostudiyasında”Axırıncı aşırım” filmi tamaşaçıların ixtiyarına buraxıldı. Filmdə hadisələr Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində, azərbaycanlılar yaşayan dağ kəndlərinin birində (əsərə görə Vedibasar ərazisində) sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verənlərdən bəhs edir.
Hə, bu o filmdi ki Azərbaycanda ona baxmayan az tapılar. Mükəmməl aktyor oyunu, mükəmməl rejissor işi, mükəmməl musiqi bu filmi tamaşaçıya sevdirə bilmişdi. Amma… Elə hər şey də necə deyərlər, bu “amma”nın başındadı. Söhbət ondan gedir ki, olduqca böyük uğur qazanan bu film Azərbaycanın şəhərli-rayonlu bütün kinoteatrlarında alqışlarla qarşılansa da, bir müddət sonra Ermənistana, azərbaycanlıların kompakt yaşadığı Vedi rayonuna da aparılmışdı. Əslində, bu da təsadüfi deyildi. Çünki kinoda baş verən hadisələrin əsas qəhrəmanları elə bu yerlərin övladlarıydı. Amma - yenə bu amma? - film Vedidə uğur qazanmır. Bu yerdə “uğur qazanmır” ifadəsi də yerinə düşmür.
Əslən Vedidən olan Zahir İbrahimovun təbirincə desək, camaat “kinoçəkənləri” sadəcə Vedidən qovur. Qovmaq bir yana, daş-qalaq edir.
Niyə?
Nə baş vermişdi axı?
“Gücünü arvadlara göstərirsən. Səni kişi bilirdim. Kişilərin heyfini arvadlardan çıxmazlar” - Bu qovğaya təkcə filmdən çəkdiyimiz bu sitat bəs edirdi. Və həm də təkcə o yox. “Kərbəlayi qalxıb Qarabağlara. Külli-ixtiyarı da verib Qəmloya, o da qaniçənin, cəlladın biridi”.
Bəli, insanlar filmin əsas qəhrəmanlarının, Kərbəlayi İsmayılın, Abbasqulu ağa Şadlinskinin, nəhayət, ən başlıcası Qəmlonun təhrif edilmiş obrazlarını qəbul edə bilmirdilər. Gerçək tarixin, gerçək qəhrəmanların bu cür təsvir olunmasını həzm etmirdilər. Camaatı daha çox özündən çıxaran isə ssenari müəllifi Fərman Kərimzadəydi.
Film həm də onun “Qarlı aşırım” povesti əsasında çəkilmişdi. Dərd ondaydı ki, Fərman Kərimzadənin özü də əslən vedili idi. Camaat bu təhrifləri daha çox ona bağışlamırdılar. Xüsusən də Qəmlonun qohumları.
Bəs niyə?
Qəmbəralı İsmayıl oğlu Abbasov 1893-cü ildə Vedi rayonunun Hand kəndində doğulub. 1931-cı ildə, 38 yaşındaykən elə Vedidəcə qətlə yetirilib. Amma bu 38 ilə bir əsirlik ömür sığışdırıb o. Filmdə qəddar birisi, Abbasqulu bəy Şadlinskinin az qala qanını içməyə hazır olan Qəmlo…əslində onunla dost olub.
Zahir kişi danışır ki, 1918-ci ildə erməni daşnaklarına qarşı mübarizdə Qəmbəralı Abbasqulu ağanın vuran qolu imiş.
“Nənəm danışırdı ki, 1918-ci ildə erməni təzyiqi başlayanda Abbasqulu ağa Qəmlonu tapır, onun evinə gəlir. Həyətdən bir qoç kəsib dağlara qalxırlar. Qəmlonun dağ kəndlərində xeyli dostu varmış. Hamını bir süfrəyə yığırlar. Çörək kəsirlər. And içirlər ki, sona qədər ermənilərlə vuruşacaqlar. Bir daha deyirəm, babam Abbasqulu bəyin ən etibarlı adamı sayılırdı”.
Amma tale elə gətirir ki, bolşevik hökumətinin qurulması ilə dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar. Şadlinski bolşevik hökumətinin tərəfdarlarından birinə çevrilir, Qəmlo isə əksinə, kolxozun əleyhinə çıxıb Kolanılı Kərbəlayi İsmayılla birləşir. Sovet hakimiyyəti tam möhkəmləndikdən sonra isə onlar Türkiyəyə keçirlər.
Sonradan oğlu İbrahim İsmayılov deyəcəkdi ki, həmin vaxt o, 4 aylıq olub. Kərbəlayi İsmayıl onu kürkünün içində gizlədib Qarsa keçiribmiş.
Amma Kərbəlayi İsmayıldan fərqli olaraq Qəmlo Türkiyədə çox qalmır. 4 ildən sonra Vediyə qayıdır. Az sonra isə qətlə yetirilir: 1931-ci ildə. Deyilənə görə, Qurban bayramı günü kirvəsi onu evinə qonaq çağırır. Arvadı Teyfə ondan silah götürməyi xahiş etsə də, kirvə evinə getdiyindən bunu özünə rəva bilmir, Qəmlo. Burada isə onu tələyə salıb öldürürlər. Deyilənə görə, həmin pusqunu quranlardan biri həmin dövrdə Vedidə milis rəisi olmuş, məşhur Azərbaycan yazıçılarından birinin atası olub.
Qəmlo öldürüləndən sonra böyük izdihamla dəfn edilib. Amma ən maraqlısı odur ki, onun qatillərinin hamısı sonda bu və ya digər yolla öldürülür.
(Yazıda mərhum jurnalist Səbuhi Məmmədlinin məqaləsindən istifadə edilmişdir)
“Ədəbiyyat və incəsənət”
(04.02.2026)


