Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı çox qalın bir kitabı çapa hazırlayırlar.
“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu sayımızdan başlayaraq həmin kəlamlardan, sitatlardan, aforizmlərdən bəzilərini səhifələrimizdə çap edək. İnanırıq ki, sözdən yaran bu incilər sizin də xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.
Çünki bu incilər, hər insana lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl kamilləşməsi üçün əvəzsiz və lazımlı bir məktəbdir.
AĞALAR İDRİSOĞLU (1950), yazıçı, dramaturq, rejissor,
jurnalist, publisist, esseist
- Milyonçunun qızını alan oğlan, həmişə qapıda qulluqçu kimi dayanacağını əvvəlcədən bilməlidir.
- İnsan o deyil ki, savadlıdır. Əslində insan o ali varlığa deyirlər ki, keçmişilə gələcək arasında özünün yerini müəyyənləşdirə bilsin.
- Gəlmək getmək üçündür. Getmək də gəlmək üçündür. Amma əslində nə gəlməklər var, nə də getməklər. Sadəcə bir şey var. İnsan yaşamaq xatirinə özü-özünü aldadaraq, yaşayır.
- Dövlət, o zaman qüdrətli olur ki, onun hər bir vətəndaşı Milli birlik üçün öz varlığı kimi çalışır və Vətəni öz namusu, əqidəsi, ailəsi kimi qoruyur.
- Vəzifə insanın boynunda başqalarına xidmət etməkçün müqəddəs bir yükdür. O yükü də hər adam apara bilməz. Gərək o yükü daşımağa layiq olasan və bu yüklə hamıya xeyir verməyi bacarmalısan.
- Rüşvət, insanın üstünə düşən və heç vaxt getməyən qara bir ləkədir. Əgər rüşvətxorun bir az da olsa vucdanı varsa, o ləkə onu ömrü boyu təqib edir və bir adam ona diqqətlə baxanda fikirləşir ki, həmin adam onun rüşvətxor olduğunu bilir.
- Ziyalı, məddəahlıqdan uzaq olmalı və hər an hökmdarın yox, millətin, xalqın yanında olmalıdır. Hökmdarı da buna inandırmalıdır. Belə olduqda o, ziyalı ola bilər.
“Ədəbiyyat və incəsənət”
(30.01.2026)


